Birləşmiş Ərəb Əmirliklərinin «Asfaar» jurnalında Şuşa şəhərinə dair məqalə dərc edilmişdir

 

 Birləşmiş Ərəb Əmirlikləri Əbu Dabi Turizm və Mədəniyyət İdarəsinin "Asfaar" jurnalında Şuşa şəhərinə dair məqalə dərc edilmişdir.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, "300 illik tarixin sirlərinə işıq salan Şuşa" başlıqlı yazıda bu qədim məkanın tarixi, coğrafiyası, milli irsi, incəsənəti və sənayesi barədə məlumatlar verilmişdir.

Məqalədə bildirilir: "Gözəl vadilər arasında tarix boyu öz coğrafi xüsusiyyəti ilə seçilən, eləcə də nadir və əsrarəngiz mənzərəyə malik, çox gözəl dağları, bulaqları və Allahın bəxş etdiyi digər nemətləri ilə fərqlənən Şuşa şəhəri Azərbaycana açılan yüksəkliklərlə əhatə olunmuş dağların üzərində yerləşir. Şuşa əsrarəngiz mənzərələri ilə Azərbaycanın tarixi qalalarını seyr etməyə gələn çoxsaylı turistlər üçün mühüm turizm mərkəzi hesab olunur. Şəhər öz mülayim havası, Qarabağdakı nadir coğrafi mövqeyi ilə seçilir. Bundan əlavə, şəhərin zəngin təbii sərvətlərə malik gözəl təbiəti ona tarixi və turistlik şəhər prizmasından yanaşmağa imkan verir. Tarix boyu bu şəhərin adının ayrı-ayrı mənbələrdə qeyd olunması onun yerini bəlli edir. Şuşa Azərbaycan mədəniyyətinin qaynaqlandığı mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm yerə malikdir".

Şəhərin Azərbaycan milli irsinə bəxş etdiyi qiymətsiz sənət nümunələrindən bəhs olunan hissədə deyilir: "Şuşa şəhəri Azərbaycan və islam mədəniyyətinin mühüm mərkəzlərindən hesab olunur. Şuşa Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı baxımından ən iri yaşayış məntəqəsidir. Şəhər islam tarixini təcəssüm etdirən mühüm mədəni, ədəbi və incəsənət abidələri ilə zəngin, qədim tarixə malikdir. Şuşanın əhəmiyyəti təkcə tarixi və mədəni irs baxımından mühümlüyü ilə məhdudlaşmır. Şuşa Qarabağın tacı, Azərbaycan incəsənəti və mədəniyyətinin beşiyi hesab olunur. Şuşa dünya mədəniyyətinə bir çox töhfələr vermiş görkəmli sənət adamı, musiqiçi, memar, rəssam və ədiblərin doğulduğu yeridir".

Erməni qəsbkarları tərəfindən dağıdılan şəhərin verdiyi ağır itkilər isə belə təsvir olunur: "Lakin ötən dövr ərzində şəhərin mədəni və tarixi irsinin bir hissəsi böyük itkilərə məruz qalmışdır. Belə ki şəhərdəki 8 muzey, 31 kitabxana, 17 mədəniyyət klubu və 8 mədəniyyət evindəki eksponat və əşyalar talanmışdır".

Oxucuları qədim şəhərin sənətkarlıq nümunələri ilə də tanış etmişlər : "Qədim zamanlarda Bakı və Şuşa sənətkarları misgərlik məmulatlarını yerli xammaldan istifadə etməklə hazırlayırdılar. Beləliklə, bu ərazilər Qafqazdakı qədim sivilizasiya mərkəzlərindən biri kimi tanınmağa başladı. Burada üzərində nadir naxışlar həkk olunmuş misgərlik məmulatları istehsal olunurdu. Tarixi araşdırmalar sübut etdi ki, bu ərazilərə xarakterik olan naxışlar nəsildən-nəslə ötürülmüş, onlardan bir çoxu isə heç bir dəyişikliyə məruz qalmamışdır. Üzəri naxışlarla bəzədilmiş misgərlik məmulatlarının tarixi XV əsrə gedib çıxan, Bakıda yerləşən Şirvanşahlar sarayında da rast gəlinir. Belə ki azərbaycanlı sənətkarlar həmin dövrlərdə misin əridilməsi ilə məşğul olmuşlar ki, bu da onlara 80 növ məhsulun istehsalına imkan yaratmışdır".

Qədim tarixə məxsus toxuculuq sənəti, həmçinin ipəkçilik və rəngkarlığı da yaddan çıxmamışdır: "Azərbaycanda toxuculuq sənətinin tarixi qədimdir. Tanınmış italyan səyyahı Marko Polo da Azərbaycanda istehsal olunan ipək məhsullarının gözəlliyini vurğulamışdır. Belə ki toxuculuq sənətində istifadə olunan materiallar yerli məhsullar olmuşdurbu məhsullardan bəziləri Azərbaycanın digər şəhərləri ilə yanaşı, Şuşada istehsal edilmişdir.

Azərbaycan xalqının milli geyimləri xalqın tarixi ilə sıx şəkildə bağlı olmuş, milli xüsusiyyətləri özündə əks etdirmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda milli geyim ölkənin ayrı-ayrı rayonlarının tarixi və sənətkarlıq xüsusiyyətləri ilə də bağlı olmuşdur. Şuşa da Azərbaycanda ipək materialların xammal ilə təmin edilməsi üzrə ən mühüm mərkəzlərdən biri olmuş, burada qeyri-adi gözəlliyə malik zərif, dəqiq və gözəl işləməli parçalar istehsal edilmişdir".

 

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 10.