Ermənilərin Azərbaycanın tarixi torpaqlarına iddialarının ifşasına dəyərli töhfə

 

 SSRİ-nin süqutubu məkanda respublikaların müstəqillikləri elan etməsi tarixçilərin tarixi inkişafın gedişini həqiqətdə olduğu kimi qərəzsiz işıqlandırması, hadisələri olduğu kimi təsvir etmək üçün imkanlar yaranmışdır. Müəlliflər tarixi inkişafın tədqiqi zamanı yol verilmiş " ləkələr", daha doğrusu, əvvəllər ölkədə hakim ideologiyanın bilərəkdən hər vasitə ilə qadağan etdiyi və üstündən keçdiyi mövzulara da müraciət etməyə başladılar. Tam əminliklə qeyd etməliyik ki, həmin qadağan olunmuş məsələlərdən biriGüney Qafqazı işğal etdikdən sonra rusların başqa ölkələrdən köçürərək Qafqaza gətirib yerləşdirdikləri ermənilərin xalqımıza qarşı törətdikləri ərazi iddiaları və soyqırımıları, terrordeportasiyalar olmuşdur. XIX-XX yüzilliklər boyu ermənilər gəldikləri yerlərdə yerli əhalini sıxışdıraraq onların torpaqlarını tutaraq özününküləşdirmək yolu ilə həmin torpaqlarda özlərinin əsrlərlə xəyallarında yaşatdıqları "Böyük Ermənistan" qurmaq niyyətlərini gerçəkləşdirmək istəyirdilər. Bu xəyallarını ermənilər başqalarının, ilk növbədə isə türk-müsəlman xalqlarının torpaqları hesabına gerçəkləşdirmək istəyirdilər. Öz istəklərinə ermənilər yalnız qonşularına qarşı keçirdikləri xəyanət, soyqırımı, terror, deportasiyalar və hər cür rəzalət vasitəsilə nail olurdular. İki əsr ərzində ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri daim müşahidə etmişik. Lakin vaxtilə ermənilərin  tarixi torpaqlarımızda xalqımıza qarşı törətdikləri vandalizm hərəkətlərini bəyan edə bilməmişik. Bütün bu hərəkətlərinə görə ermənilər heç vaxt çar hakimiyyəti orqanları tərəfindən məsuliyyətə cəlb olunmamışlar.

Yetmiş illik sovet hakimiyyəti dövründə də sistem elan etdiyi beynəlmiləlçilik və xalqlar dostluğu şəraitində qanunlara itaətkar xalqımızın hüquqlarını məhdudlaşdırır və pozurdu.

İyirmi illik müstəqillik dövründə tarixçi alimlərimiz ermənilərin xalqımıza qarşı həyata keçirdiyi vandalizm və soyqırımı hadisələrinin öyrənilməsi, bu sahədə yazdıqları əsərlər öz torpaqlarımızda xalqımıza qarşı törədilən vəhşilikləri əyani şəkildə əks etdirir. Bu sahədə tarix elmləri doktoru, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin yenicə çapdan çıxmış "XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımıları və deportasiyalar (arxiv sənəd və materialları əsasında)" (Bakı, Çaşıoğlu, 2011. - 328 s.) kitabını xüsusilə qeyd etmək lazımdır.  

A.Paşayev respublikamızda göstərilən problemi qaldıran və onu ardıcıllıqla çox fəal surətdə tədqiq edən ilk müəlliflərdən biridir. Bu mövzuya aid onun yüzdən yuxarı elmipublisistik məqalələri mövcuddur. Eyni zamanda o, göstərilən mövzu barədə külli miqdarda sənəd materiallarının toplanılması və nəşri işini də həyata keçirmişdi.  A.Paşayevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid 8 cildlik dörd yüz müəllif vərəqindən yuxarı arxiv sənədlərindən ibarət külliyyat nəşr olunmuşdur.

Əsasən müxtəlif arxivlərdə, ilk növbədə isə Azərbaycan Respublikasının dövlət arxivlərində, habelə Rusiya Federasiyasının, Gürcüstanın, Türkiyə Cümhuriyyətinin arxiv və kitabxanalarında mühafizə olunan sənəd və materiallar əsasında yazılmış bu kitab ermənilərin 200 ildən çox müddətdə torpaqlarımızı müxtəlif yollarla, çar Rusiyasının köməyi ilə özgə, xüsusilə, türk-müsəlman xalqlarının torpaqlarını tutaraq dövlətlərini yaratmaq məsələləri faktlar əsasında şərh olunur. Kitabda müəllif ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, deportasiya və ərazi iddiaları ilə bağlı məsələlərin tarixini dörd dövrə bölür.

Birinci dövr xronoloji cəhətdən Cənubi Qafqazın Rusiya tərəfindən ilhaqı, yəni, çar Rusiyasının erməniləri Güney Qafqaza köçürmə siyasətini həyata keçirdiyi dövrü əhatə edir. Rusiyanın digər ölkələrdən, xüsusilə, İran və Türkiyədən erməniləri Cənubi Qafqaza köçürməsi nəticəsində türk-müsəlman xalqlarına məxsus bu torpaqlarda Rusiya hakimiyyətinin siyasətini həyata keçirmək üçün bu ərazilərə xristian dinindən olanları, xüsusilə, erməniləri gətirib yerləşdirirdi. Məqsəd isə bu yolla həmin ərazilərdə yaşayan türk-müsəlman əhalisinin sayını azaltmaq, onların əlaqələrini zəiflətməklə regionda xristian faktorunu gücləndirmək və özlərinə ermənilər və digər xristian xalqlarından ibarət forpostlar yaratmaq idi. Belə ki Rusiya ilə İran arasında  baş vermiş müharibələr nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri nəticəsində Güney Qafqazın Rusiyaya birləşdirilməsi, habelə 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsi nəticəsində bağlanmış Ədirnə sülh müqaviləsinə əsasən Rusiya tərəfindən İran və Türkiyədən 140 mindən yuxarı erməni gətirilərək Güney Qafqazda türk-müsəlmanlara məxsus torpaqlarda yerləşdirilir. Bu, Qafqazın etnik xəritəsinin əsaslı şəkildə dəyişdirilməsinin, onun erməniləşdirilməsinin əsasını qoyur. Ermənilərin Güney Qafqaza köçməsi və köçürülməsi işi XIX əsrin axırı və XX əsrin əvvəllərində də Rusiya hakimiyyət orqanları tərəfindən intensiv surətdə davam etdirilir. Bu məsələlər müəllifin rus tədqiqatçısı N.Şavrovun 1911-ci ildə Sankt-Peterburqda nəşr olunmuş "Zaqafqaziyada rus işinə yeni təhlükə" kitabından gətirdiyi fikirdə öz əksini tapmışdır. O yazırdı: "Bu, ermənilərin Güney Qafqaza ilk axını idi. Bu axın sonralar bir əsrə yaxın müddətdə ardıcıl olaraq davam etmişdir". Sonra o, öz fikrinin davamı olaraq qeyd edirdi ki, XX əsrin əvvəllərində Güney Qafqazda yaşayan bir milyon üç yüz min erməninin bir milyondan çoxu yerli əhali olmayıb Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlərdir.

Monoqrafiya müəllifinin də qeyd etdiyi kimi, artıq həmin vaxtlardan başlayaraq, hətta ondan əvvəllərdə də çarizmin Şərq siyasətində erməni məsələsi xüsusi yer tuturdu. XIX əsrin sonlarında ermənilər tərəfindən "armenakan", "qınçaq", "daşnaksütyun" kimi şovinist millətçi təşkilatlar yaradılması və ilk gündən döyüş drujinaları formalaşdırmaqda məqsədləri, özgə torpaqlarını, ilk növbədə isə türk-müsəlman xalqlarına məxsus torpaqları tutaraq orada erməni dövləti yaratmaq kimi irticaçı şovinist siyasətə xidmət edirdi. 1905-1907-ci illərdə ermənilərin Güney Qafqazda yürütdükləri siyasət məhz bu məqsədə xidmət edirdi.

Kitabda tədqiq olunan ikinci dövr 1917-1920-ci illərdə Birinci dünya müharibəsi və Rusiyada inqilabi hərəkatın güclənməsi nəticəsində çarizmin süqutu, S.Şaumyan başda olmaqla bolşevik-daşnak hərbi hissələrinin 1918-ci ilin martında Bakıda, Şamaxı şəhərində və Şamaxı qəzasının kəndlərində, habelə Qarabağda, Zəngəzurda, Qubada, Naxçıvanda, Şərur-Dərələgöz qəzalarında və başqa ərazilərdə erməni xalqının qəhrəmanları dərəcəsinə qaldırılmış Andronik, Lalayan, Amazaps kimi daşnak başkəsənlərin həyata keçirdikləri vəhşiliklər çox zəngin tarixi sənədlər və faktlar əsasında təhlil olunur. Hətta öz hərəkətlərindən ruhlanan S.Şaumyan V.İ.Leninə yazdığı məktubda mart hadisələri zamanı ermənilərin xalqımıza qarşı Bakıda törətdikləri vəhşiliklərin real həcmini bilərəkdən ört-basdır etməyə çalışaraq yazırdı ki, guya Bakı hadisələri zamanı hər iki tərəfdən cəmi üç min nəfər adam ölüb. Əslində isə A.Paşayev rəsmi sənədlərə istinad edərək göstərir ki, çox böyük maddi zərərlə yanaşı, təkcə Bakı şəhərində ölən azərbaycanlıların sayı 11 min nəfərdən çox olmuşdur.

Ermənilərin bu dövrdə dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyul ayının 15-də yaratdığı ermənilərin türk-müsəlmanlara qarşı həyata keçirilən qanlı hadisələri tədqiq edən xüsusi Fövqəladə Təhqiqat Komissiyasının və sonralar Əksinqilab ilə Mübarizə Təşkilatı tərəfindən aparılmış təhqiqatlar və araşdırmalar nəticəsində bir daha sübuta yetirilmişdi.

Həmin tədbirlərdən və hadisələrdən tam yüz il keçməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin, onun yaratdığı komissiyaların və orada iştirak edən şəxsiyyətlərin bu sahədəki fəaliyyətlərini biz bu gün bir daha minnətdarlıq hissi ilə yad edirik. Bu komissiyaların üzvlərinin (onların arasında azərbaycanlılardan əlavə ruslar, yəhudilər, gürcülər, polyaklar və başqaları var idi) tərtib etdikləri çox müxtəlif xarakterli sənədlər o vaxtlar baş vermiş hadisələrin mahiyyətini açmağa, dərindən anlamağa və erməni vəhşiliklərini dərk etməyə kömək edir.

Qeyd etmək lazımdır ki, Fövqəladə Təhqiqat Komissiyasının materialları 2001-ci ildə Türkiyə və Azərbaycan arxivləri arasında əməkdaşlıq protokolu əsasında türk dilində qısa xülasələr, sənədin əsillərinin foto surətləri A.Paşayevin yazdığı "Azərbaycan bəlgələrində erməni sorunu (1918-1920)" adlı mükəmməl müqəddimə ilə birlikdə 682 səhifədə böyük tirajla çap olunmuşdur. Bu sənəd toplusunun hazırlanması və nəşri işi bilavasitə A.Paşayevin müstəsna xidmətidir. (Bu kitab haqqında bax: "Azerbaydjan i azrebaydjançı". Bakı, 2002,  N - 15-16.- səh 3-11)

Sovet hakimiyyəti illərində rəhbər vəzifələrə soxulmuş ermənilərin bilavasitə fitvası və İttifaq hökuməti rəhbərlərinin köməyi ilə torpaqlarımızın ələ keçirilməsi və həmin yerlərdən azərbaycanlıların sıxışdırılaraq qovulması prosesi 1920-1988-ci illəri əhatə edir. Monoqrafiya müəllifi A.Paşayevin sərrast ifadəsi ilə desək, ermənilər üçün uğurlu olan bir zamanda azərbaycanlıları tədricən müxtəlif üsullarlayollarla sakini olduqları tarixi torpaqlarından sıxışdırıb çıxararaq, yerlərində xaricdən gələn millətləri və əsasən isə erməniləri məskunlaşdırırdılar. Sovet hakimiyyətinin ilk iki onilliyi ərzində bu sahədə yeni yaradılmış Zaqafqaziya Federasiyasının əsasən gürcü və ermənilərdən ibarət rəhbərliyi və Azərbaycana başçılıq edən S.Kirovun yaxından köməyi ilə Mikoyan, Sarkisyan, Mirzoyan kimi üzdə bolşevik, əslində isə daşnak xislətli ermənilər oldu. Bu illər ərzində Zəngəzur Ermənistana verildi, ermənilərin bütün səylərinə baxmayaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi təşəbbüsü N.Nərimanovun müqaviməti sayəsində mümkün olmadı. Ancaq hiyləgər ermənilər sonralar ona "muxtar vilayət" statusu verdirməyə nail olmaqla artıq 1988-1990-cı illərdə baş vermiş hadisələr üçün zəmin yaratdılar. Ermənilər vaxtimkan varkən Azərbaycandan yeni-yeni torpaqlar qoparır və Ermənistan SSR ərazisindəki azərbaycanlıları sıxışdıraraq oradan qovulması işini davam etdirirdilər. Belə ki 1929-cu ildə Cəbrayıl rayonunun Nüvədi, ErkazurTuqut kəndləri və Naxçıvan Muxtar Respublikasının 9 kəndindən ibarət 657 kvadrat kilometrlik ərazisi, 1930-cu ildə isə Lehvaz, Əldərə və Astazur kəndləri də Ermənistanın tərkibinə verilərək həmin ərazidə Meqri rayonu yaradıldı ki, nəticədə Naxçıvan Muxtar Respublikasını Azərbaycandan 45 kilometrlik zolaq ayırdı.

Ermənistan SSR rəhbərliyinin uzun illər təkidli tələbi ilə SSRİ Nazirlər Soveti  1947-ci il dekabr ayının 23-də İ.Stalin tərəfindən imzalanmış "Ermənistan SSR-dən  kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul etdi. Qərarla 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan azərbaycanlılar əsrlərlə yaşadıqları doğma torpaqlarından Azərbaycana deportasiya olunaraq onların yerinə xaricdən gələn erməniləri yerləşdirdilər. Stalinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir Azərbaycan xalqının mənafeyinin əksinə yönəldilmiş bir siyasi aksiya idi. Bu aksiya nəticəsində Ermənistan SSR-nin dağ rayonlarından deportasiya olunmuş azərbaycanlıların çoxu Azərbaycanın Kür-Araz ovalığında dağ adamları üçün əlverişsiz təbii şəraiti olan rayonların şəraitinə davam gətirə bilməyərək məhv olurdular.

Monoqrafiyada tədqiq olunan dördüncü dövr 1988-1990-cı illəri əhatə edir. Bu fəsildə azərbaycanlıların Ermənistan SSR-dən güclə qovulması, SSRİ-nin dağılması, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı müdaxiləsi nəticəsində Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal edərək azərbaycanlı əhalini öz yurdunda qaçqın və köçkünə çevirməsi, XX əsrin ən qanlı hadisələrindən olan Xocalı soyqırımı kimi məsələlər öz əksini tapır.

Monoqrafiya işi mükəmməl nəticə ilə yekunlaşır. Bu kitab müəllif tərəfindən Bakı, Ankara, Moskva, Sankt-Peterburq, Tbilisi, Paris, Londonbaşqa arxivlərdən otuz ildən yuxarı yaradıcılıq axtarışlarının nəticəsi olaraq toplanmış sənəd və materiallar xəzinəsidir. Onların əksəriyyəti bilavasitə müəllif tərəfindən ilk dəfə olaraq elmi tədqiqata cəlb edilmişdir.

Təhlil olunan əsərin ən mühüm üstünlüklərindən biri də ondadır ki, tədqiq edilən problemə müəllif tərəfindən kompleks şəkildə yanaşılıb. Göstərilən məsələyə əvvəllər bu və ya başqa tarixi dövrlərin və hadisələrin tədqiqi zamanı toxunulmuşdur. Bu da ölkəmizdə problemin tam şəkildə coğrafiyasını, erməni vandalizminin yayılması miqyasını müəyyən etməyə imkan vermir.

Fikrimizcə, müəllif tərəfindən ciddi tədqiqat işi aparılmış, göstərilən problemin sistemləşdirilməsi, ardıcıl surətdə tədqiqi və izahı üçün böyük əmək sərf edilmişdi. Bu əsər problemin tarixşünaslığına qiymətli töhfədir və orada özünün layiqli yerini tutacaqdır.

Kitabı oxuyarkən istər-istəməz ümummilli lider Heydər Əliyevin 31 Mart Dünya Azərbaycanlılarının soyqırımı Günü münasibəti ilə xalqa müraciətində dediyi aşağıdakı sözlər yada düşür: "...Gərək bugünkü və gələcək nəsillərin yaddaşında son yüz ildə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər barədə möhkəm xatirə yaradaq, bütün dünyada bu hadisələrə siyasi və hüquqi qiymət verilməsinə nail olaq". ("Azərbaycan" qəzeti", 31 mart, 1999-cu il, N 71). A.Paşayevin kitabı bu vəzifələrin yerinə yetirilməsi işinə tamamilə cavab verir.

A.Paşayevin monoqrafiyası dərs vəsaiti kimi də çox dəyərli ola bilər. Bu kitab tərəddüd edilmədən başqa dillərə də tərcümə olunmalıdır. O, bizim xaricdəki diplomatlarımızın stolüstü məlumat kitabı ola bilər. Bir sözlə, bu elmi-tədqiqat əsəri  Dağlıq Qarabağ haqqında reallıqları əks etdirən, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri dünya xalqlarının diqqətinə çatdıra biləcək qiymətli bir mənbədir.

 

 

Tamilla MUSAYEVA,

tarix elmləri doktoru, professor,

Dövlət mükafatı laureatı, əməkdar elm xadimi

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 10.