Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edən
kitab
Akademik Asəf Nadirovun "Azərbaycan iqtisadiyyatının daima yüksələn müstəqillik dövrü" adlı yeni
kitabı nəşr olunub. Kitabda müəllifin ölkədə
çıxan qəzet və jurnallarda son illərdə dərc edilmiş
məqalələrinin bir qismi
toplanıb.
A.Nadirov bir daha
vurğulayır ki, Azərbaycan
iqtisadiyyatının müstəqillik illərindəki
ardıcıl inkişafı ulu öndər
Heydər Əliyevin hələ keçən əsrin 70-80-ci
illərində müəyyən etdiyi düzgün və uzaqgörən iqtisadi siyasətdən qaynaqlanır. Xalqın israrlı tələbi ilə
ikinci dəfə ölkə rəhbərliyinə
qayıdan Heydər Əliyevin müstəqil ölkəmizdə
başladığı yenidənqurma tədbirləri və iqtisadi-hüquqi islahatlar
Azərbaycanın dünyada mövqeyini möhkəmləndirdi.
Ulu öndərə yaxşı məlum
idi ki, Azərbaycan müxtəlif
təbii sərvətlərlə son dərəcə
zəngin olan ölkədir. Lakin uzun müddət onun bu imkanlardan
səmərəli istifadə etməyə nə müstəqilliyi,
nə hüququ, nə də kifayət qədər
maliyyə vəsaiti olmuşdur. Kitabda müəllifi ümummilli
lider Heydər Əliyev olan
yeni neft
strategiyasının, "Əsrin müqaviləsi"nin
imzalanmasının Azərbaycan iqtisadiyyatının
inkişafına böyük təkan verdiyi konkret fakt və rəqəmlərlə göstərilib.
A.Nadirov məqalələrində günün
aktual məsələlərindən -
dövlətin prioritet kimi
qarşıya qoyduğu vəzifələrdən
də ətraflı bəhs edir, ölkə
Prezidenti İlham Əliyevin
bu sözlərini misal
gətirir: "Əsas məqsəd odur ki, biz kənd ilə şəhər
arasındakı fərqi
azaldaq, eyni zamanda, rayonlardan böyük şəhərlərə miqrasiya meyillərini də gərək azaldaq".
Bunun üçün
isə bölgələrdə həyatı canlandırmaq, yerli xammaldan səmərəli
istifadə etmək vacibdir.
İqtisadçı alim qeyd
edir ki, Azərbaycan
torpağı təkcə neft və qaz deyil, digər təbii ehtiyatlarla da zəngindir. Məsələn,
Abşeron iqtisadi rayonunun karbohidrogenlərdən əlavə, zəngin
tikinti materialları, alternativ
(külək, günəş) enerji mənbələri,
müalicə və istirahət üçün
təbii mühiti, kimya
sənayesi üçün xammalı mövcuddur. Gəncə-Qazax iqtisadi
rayonu müxtəlif təbii sərvətlərlə
zəngin olduğu üçün
bir zamanlar "Azərbaycanın
Uralı" adını almışdı. Burada
dəmir filizi, alüminium,
qızıl, tikinti materialları, bentonit və digər təbii ehtiyatlar
var. Lənkəran iqtisadi
rayonu isə subtropik zona olduğu üçün burada kənd
təsərrüfatının bir sıra
istiqamətlərini, dənizkənarı istirahət və dağ turizmi
imkanlarını daha da inkişaf etdirmək
mümkündür. Azərbaycanın bütün bölgələrinin bu baxımdan özünəməxsus
üstünlükləri var və müəllif
bunların hər biri üzərində
ayrı-ayrılıqda dayanır.
Kitabda Azərbaycanın öz müstəqilliyini
bərpa etdikdən sonra keçən qısa bir vaxt kəsiyində
- son 20 ildə qazandığı müvəffəqiyyətlər
haqqında da ətraflı söhbət açılır. Bu
baxımdan kitab həm iqtisadçılar, ölkəmizin
nailiyyətləri haqqında ətraflı məlumat əldə
etmək istəyən digər peşə sahibləri, həm
də oxucular üçün dəyərli vəsaitdir.
Flora SADIQLI
Azərbaycan.-2012.- 16 oktyabr.- S. 10.