«Rossiyskaya qazeta»da «RAGT yaxınlaşdırır» sərlövhəli məqalə dərc olunmuşdur

 

 "Rossiyskaya qazeta"da  Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) oktyabrın 12-13-də keçirilmiş tədbirləri haqqında məqalə dərc olunmuşdur.

Marina Alyoşinanın  "RAGT yaxınlaşdırır. Konfransda azərbaycanlı gənclər mədəni əlaqələrdən danışmışlar" sərlövhəli məqaləsində oxucuların diqqətini  Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının illik konfransının  mühüm məqamlarına cəlb edilir.   Məqalədə deyilir: "Gündəlikdəki məsələlər müxtəlif olmuşdur: RAGT-nin rəhbərliyinə seçkilərdən tutmuş, ölkələrimizdə vəhşi təbiətin  mühafizəsinə dair planların müzakirəsinədək. İndiki konfrans  RAGT-ın  artıq dördüncü konfransıdır. Ənənəyə görə ikigünlük konfransın əvvəlində Azərbaycanın və Rusiyanın himnləri səsləndirilmişdir. RAGT-nin rəhbərliyinə seçkilərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yenidən təşkilatın sədri seçilmişdir".

Leyla Əliyeva iştirakçılar qarşısında çıxışında iki ölkə arasında  mədəni əlaqələrdən söz açaraq demişdir: "Zənnimcə, insanlar arasında canlı, səmimi və mehriban münasibətlər başlıca məsələdir. Azərbaycan həmişə müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı  ölkə olmuşdur". Leyla Əliyevanın sözlərinə görə, respublikada məktəblərdə  rus dilinin tədrisi  tam həcmdə saxlanılmışdır, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, MDU-nun filialı fəaliyyət göstərir. RAGT-nin başçısı demişdir: "Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir. Zənnimcə,  bu, hər iki tərəf üçün çox dəyərlidir, çünki mədəni müxtəliflik xalqları birləşdirir, dostluğu möhkəmləndirir". O, konfransda əla oxuduqlarına görə "RAGT  əlaçısı" illik mükafatını təqdim etmək üçün  Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı birinci kurs tələbələri ilə görüşmüşdür.

Forumda Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) və İDEA Beynəlxalq Ekoloji Kampaniyası (təşəbbüskarı Leyla Əliyevadır)  arasında əməkdaşlıq haqqında  saziş imzalanmışdır. Ekologiya mövzusu "Təmiz gələcək naminə məsuliyyət" adlı tematik seksiyanın əsas mövzularından biri olmuşdur. Seksiyada BMT-nin Ətraf Mühit Proqramının (UNEP)  nümayəndələri  iştirak etmişlər. "İnternet, sosial media və gənclər" və "Multikulturalizmə alternativ yoxdur" mövzusunda digər işçi qrupların iclasları da böyük maraqla qarşılanmışdır.

 

 

 Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 10.