Azərbaycan U-17 dünya çempionatını yüksək səviyyədə keçirdi

 

 Beynəlxalq idman ictimaiyyətinin yekdil fikri belədir

 

 Ölkəmizin ev sahibliyi etdiyi daha bir beynəlxalq idman turniri başa çatdı. 16 ölkənin - Azərbaycan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, FransaAlmaniya milli komandalarının qatıldığı "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" bir çox cəhətdən yadda qaldı.

Bu, 17 yaşlı futbolçu qızlar arasında keçirilən sayca üçüncü mundial idi. Əvvəlki iki dünya birinciliyi Yeni Zelandiyada (2008), TrinidadTobaqoda (2010) keçirilmişdir. İlk iki çempionatın qalibləri Asiya təmsilçiləri (Koreya Respublikası və KXDR) olmuşdular. Bu dəfə isə çempion adını Avropa təmsilçisi - Fransa komandası qazandı; son dünya çempionu - KXDR millisi finala çıxsa da, titulu qoruyub saxlaya bilmədi.

Turnirdə iştirak edən futbolçu qızlar tamaşaçılar qarşısında zaman-zaman maraqlı idman mübarizəsi nümayiş etdirdilər. Xüsusilə, final matçı gərginliyi ilə seçildi: dünya çempionunun adı penaltilər seriyasından sonra məlum oldu.

Mundialda ev sahibi kimi iştirak edən milli komandamıza gəlincə, heç kim futbolçu qızlarımızdan elə bir nəticə gözləmirdi. Əvvəla, ona görə ki, yığmamız dünya çempionatının debütantlarından idi. Digər tərəfdən, yeniyetmə qızlarımız futbolda ilk addımlarını hələ indi atırlar. Ölkəmizdə qızların futbola cəlb olunması prosesi cəmi iki il yarım bundan əvvəl başlamışdır. Qısa müddət ərzində bir neçə klub yaradılmışdır. Hazırda U-15 və U-17 milli çempionatları keçirilir. Başqa sözlə, ölkədə qadın futbolu inkişaf edir, idmanın ən populyar növü ilə məşğul olan qızların sayı ildən-ilə artır. Bu mundial qızlarımıza beynəlxalq yarışda iştirak edərək təcrübə toplamaq imkanı verdi. Şübhəsiz, son U-17 qadınlararası dünya çempionatı həm ölkəmizdə, həm də bütün dünyada zərif cinsin nümayəndələrinin futbola marağını daha da artıracaq.

Mundiala ev sahibliyi etməyin özü isə ölkəmiz üçün  əlamətdar hadisə idi. Bu, FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk böyük turnirAvropada təşkil olunan ilk U-17 qadınlararası dünya çempionatı idi.

Belə bir mötəbər turniri qəbul etmək hüququnun ölkəmizə verilməsi də təsadüfi deyildi. Son illər Azərbaycan dəfələrlə ayrı-ayrı idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi etmişdir. Bu turnirlərin təşkili səviyyəsi beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilmişdir. Odur ki, FİFA U-17 qadınlararası dünya çempionatını keçirmək üçün Azərbaycanın namizədliyi təbii qarşılanmış və turnir ölkəmizə etibar edilmişdir. FİFA-nın prezidenti Yozef Blatterin dediyi kimi, beynəlxalq futbol təşkilatı mundialın ev sahibliyi hüququnu Azərbaycana verməklə "asan qərar qəbul etmişdi".

Bəri başdan qeyd etmək lazımdır ki, Azərbaycan FİFA-nın etimadını tamamilə doğrultdu. Beynəlxalq turniri tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Yeni stadionlar tikilmiş, köhnələri yenidən qurulmuş və lazımi səviyyəyə çatdırılmışdı. Turnirin matçları 5-i Bakıda, biri isə Lənkəranda olmaqla 6 stadionda keçirilmişdir. Bu stadionlardan 3-ü U-17 dünya çempionatına hazırlıq prosesi çərçivəsində inşa olunmuşdu.

Beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, xüsusilə, FİFA-nın rəsmiləri "U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"nin təşkilindən razı qalmışlar. FİFA-nın prezidenti Yozef Blatterin fikrincə, mundial üçün Azərbaycanda əla mühit yaradılmışdı: "Azərbaycan hökumətinin bu çempionatı dəstəkləməsi məni çox sevindirir. Ən əsası, Azərbaycan Prezidenti İlham Əliyevin yarışın təşkili və keçirilməsi ilə şəxsən maraqlanması bu ölkədə idmana göstərilən qayğının bariz nümunəsidir". FIFA-nın vitse-prezidenti, FIFA İcraiyyə Komitəsinin üzvü İssa Hayatou hesab edir ki, sonuncu U-17 qadınlararası dünya çempionatı təşkilat standartları baxımından çox yüksək səviyyədə idi. Onun fikrincə, "idman infrastrukturu, hotellər və təşkilatçılıq səviyyəsi - bütün bunlar onu göstərir ki, Azərbaycan digər beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün kifayət qədər güclü potensiala malikdir". Beynəlxalq futbol təşkilatının başqa bir rəsmisi - FIFA qadın turnirlərinin rəhbəri Tatyana Haenni  ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilən qadınlararası dünya çempionatının təşkili səviyyəsini təqdir edir: "Yerli təşkilat komitəsi böyük görmüşbütün ölkəni bu prosesə qoşmağı bacarmışdı. Bakıda atdığınız ilk addımda U-17 qadınalararası dünya çempionatının ab-havasını duymamaq mümkünsüz idi. Bu, hər yanda hiss olunurdu. Ölkə başçısı turniri və ümumilikdə dünya futbolunu dəstəkləyir. Ölkədədəki inkişafı və dinamikanı açıq-aşkar hiss etmək olur. Yeni infrastruktur işlərini, təzə və təmir olunmuş stadionları görmək çox valehedici bir haldır. Texniki təchizat və stadionlar bu böyük işdən qalan mirasın tərkib hissəsi olacaq".

"FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" ökəmizi dünyada tanıtmaq üçün növbəti fürsət oldu. Turnirin matçları Eurosport telekanalı ilə bütün dünyada yayımlandı və maraqla izləndi. Mundialın açılışında FIFA-nın prezidenti Yozef Blatter, bağlanışında isə UEFA-nın prezidenti Mişel Platini iştirak etdilər. Beynəlxalq və Avropa futbol təşkilatlarının nümayəndələri, həmçinin Okeaniya Futbol Konfederasiyasının prezidenti David Çunq və digər rəsmi şəxslər ölkəmizdə səfərdə oldular. Özü də qonaqların bəziləri Azərbaycana ilk dəfə gəlmişdilər və səfər zamanı ölkəmiz barədə ətraflı məlumat əldə etdilər. Dünya estradasının ulduzları Cenifer Lopez və Şakiranın mundial çərçivəsində konsert proqramları ilə çıxış etməsi idman tədbirinə xüsusi rəng qatdı.

U-17 qadınlararası dünya çempionatını yüksək səviyyədə keçirməklə Azərbaycan bir daha sübüt etdi ki, mötəbər idman yarışlarını qəbul etmək qabiliyyətinə malikdir. Məlum olduğu kimi, ölkəmiz Gürcüstanla birgə futbol üzrə 2020-ci il Avropa çempionatını təşkil etməyə namizəddir. Şübhə yoxdur ki, 17 yaşlı futbolçu qızların dünya birinciliyinin təşkili kimi məsuliyyətli işin öhdəsindən gələn Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şansı artmışdır.

 

 

Allahverdi MEHDİYEV

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S.12.