Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı keçirilmişdir

 

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etmişdir. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirilmişdir. 

Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları,  bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunmuşlar. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın paytaxtı Bakı İƏT-in XII zirvə toplantısına hərtərəfli hazırlaşmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emomali  Rəhmonu, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadı, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaini, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini qarşıladı.

Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri rəsmi foto çəkdirdilər.

Azərbaycanın dövlət himni səsləndi.

 

İƏT-in XII zirvə toplantısını Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib ƏRDOĞAN açaraq dedi:

- Hörmətli dövlət və hökumət başçıları!

Azərbaycan Prezidenti, əziz qardaşım hörmətli İlham Əliyev!

Hörmətli iştirakçılar!

İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı münasibətilə dostqardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuruq. Həqiqətən belə möhtəşəm konfrans mərkəzində bu toplantıda sizlərlə bir arada olmaq, belə yüksək ev sahibliyini görmək bizlər üçün də ayrı bir iftixar mənbəyidir.

Bu zirvə toplantısında iki il əvvəl təhvil aldığımız sədrliyi bu gün Azərbaycana təhvil verəcəyik. Bildiyiniz kimi, bizlər qlobal iqtisadi və maliyyə böhranının dünyanı olduğu kimi, bölgəmizi də mənfi yöndən təsirinə aldığı bir dövrdə sədrliyi təhvil aldıq. Sədrliyimiz müddətində ECO-nun baxışlarını genişləndirmək, əməkdaşlıq sahələrində konkret irəliləyişləri təmin etmək və təşkilatın yenidən təşkilatlanmasını sürətləndirmək üçün böyük səylə çalışdıq.

"2015-ci il ECO-ya Baxış Sənədi"ndə nəzərdə tutulan hədəflərə çatmaq üçün görülə biləcək tədbirlərlə bağlı tövsiyələr vermək üçün İstanbul zirvə toplantısı zamanı Ağsaqqallar Qrupunu təsis etdik.  Ağsaqqallar Qrupu fədakarlıqla çalışaraq bizlər üçün yol bələdçisi olacağına inandığım bir hesabat hazırladı. Qarşıdakı dövrdə təşkilatımızın bu tövsiyələr əsasında, sadəcə, regional miqyasda deyil, qlobal səviyyədə də adını duyuracaq önəmli bir əməkdaşlıq platformasına çevriləcəyinə inanıram. Bu nöqtədə xüsusilə, üzv ölkələrin təşkilata daha çox sahib çıxmalı olduqlarına inamımı bir daha ifadə etmək istəyirəm.

Türkiyə hökumətinin başçısı ölkəmizin sədrliyi dövründə təşkilatın fəaliyyətinin daha da genişlənəcəyinə və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına yeni töhfələrin veriləcəyinə  əminliyini vurğulayaraq bildirdi:

- Azərbaycanın ECO-ya baxışın daha geniş bir əməkdaşlıq zəmininə oturdacaq fəal sədrlik edəcəyinə və təşkilatı daha da irəliyə aparacağına inamım qətidir. Türkiyə Respublikasının bu önəmli missiyanın həyata keçirilməsi zamanı həmişə olduğu kimi, dostqardaş Azərbaycan ilə bilgi və təcrübəsini bölüşməyə hazır olduğunu xüsusilə vurğulamaq istəyirəm.

Bu düşüncələrlə Bakı zirvə toplantısının bütün üzvlər və bölgə üçün xeyirli olmasını diləyir, hörmətli dövlət və hökumət başçılarını, dəyərli iştirakçıları sevgi və sayğı ilə salamlayıram.

Sonra Rəcəb Tayyib Ərdoğan sədrliyin Türkiyədən Azərbaycana keçdiyini elan etdi.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında nitq söylədi.

 

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.1.