Türkiyənin nüfuzlu
«Ekovitrin» jurnalı İqtisadi
Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən
XII zirvə toplantısına geniş yer
ayırmışdır
Türkiyənin
nüfuzlu "Ekovitrin" jurnalı İqtisadi Əməkdaşlıq
Təşkilatının (ECO) oktyabrın 16-da Bakıda
keçirilən XII zirvə toplantısını geniş
işıqlandırmışdır.
AzərTAc xəbər verir ki,
jurnalın əsas səhifəsində "Ekovitrin Bakıda
zirvə toplantısını izləyir" sərlövhəsi
altında yerləşdirilən xəbərdə
bildirilmişdir ki, zirvə toplantısı Bakının rəmzlərindən
sayılan binalardan birində - Heydər Əliyev Mərkəzində
keçirilir.
Bakıdakı zirvə
toplantısına qatılan "Ekovitrin" Media Qrupunun rəhbəri
Kamuran Abacıoğlu, nəşrin sahibi Bilal Koçak və
müxbir Əli Karabaş iki ildən çoxdur ki, quruma sədrlik
edən Türkiyənin bu missiyanı Azərbaycana təhvil
verdiyini vurğulamışlar.
"Ekovitrin" Baş nazir Rəcəb
Tayyib Ərdoğanın zirvə toplantısı çərçivəsində
Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad
ilə görüşlər keçirdiyini diqqətə
çatdırmışdır. Məqalədə qeyd
edilmişdir ki, XI zirvə toplantısının sədri
qismində XII toplantını açan Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan
açılış çıxışında bölgə
ölkələri arasında əməkdaşlığın
gücləndirilməsi üçün müxtəlif sahələrdə
atılması lazım olan addımlardan
danışmışdır.
Bildirilmişdir ki, R.T.Ərdoğan
çıxışında dünyada baş verən
böhranın bölgədə həmrəyliyi və birlikdə
hərəkət etmənin vacibliyini ortaya qoyduğunu
vurğulamışdır. Türkiyənin Baş naziri, həmçinin
bölgədə bütün sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinin, iqtisadi layihələrin dəstəklənməsinin,
ticarət dövriyyəsinin artırılması
üçün ticarəti asanlaşdıracaq
addımların atılmasının, layihələrə fəal
maliyyə dəstəyinin göstərilməsinin, kənd təsərrüfatı,
nəqliyyat və digər sahələrdə əlaqələrin
inkişaf etdirilməsinin vacibliyini vurğulamış, bu
baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini
yüksək qiymətləndirmişdir.
Qeyd olunmuşdur ki, Türkiyənin
Baş naziri çıxışında ECO-nun əhatə
etdiyi coğrafiyada son 20 ildə çox mühüm siyasi və
iqtisadi dəyişikliklər baş verdiyini bildirmişdir. Bu
proses hazırda davam edir ki, bu da bir sıra tələblər
ortaya qoymaqdadır. Bu tələblər Afrikadan Latın
Amerikasına və Asiyaya qədər dünyanın bir
çox yerində ifadə edilir.
Rəcəb Tayyib Ərdoğanın
çıxışında qız uşaqlarına
qarşı törədilən təcavüzün
qarşısının alınmasına da diqqət çəkdiyini
vurğulayan "Ekovitrin" Türkiyənin təşəbbüsü
ilə BMT tərəfindən 11 oktyabr tarixinin Dünya Qız
Uşaqları Günü elan olunduğunu bildirmişdir. Diqqətə
çatdırılmışdır ki, Türkiyənin
Baş naziri bu təşəbbüsü BMT Təhlükəsizlik
Şurasında dəstəklədiklərinə görə
bu quruma qeyri-daimi üzv olan Azərbaycana, Pakistana və digər
dost ölkələrə yaxından təşəkkür
etmişdir.
Məqalədə
vurğulanmışdır ki, Rəcəb Tayyib Ərdoğan
çıxışında Azərbaycanın bu quruma sədrlik
edəcəyi iki il ərzində təşkilata mühüm
töhfələr verəcəyinə
inandığını diqqətə
çatdırmışdır.
Azərbaycan.-2012.-
17 oktyabr.- S.3.