İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısı İranın mətbuat və informasiya məkanında diqqətlə izlənilir

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda keçirilən XII zirvə toplantısı, o cümlədən Prezident Mahmud Əhmədinejadın rəhbərliyi ilə İran nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri  bu ölkənin  mətbuat və informasiya məkanında diqqətlə izlənilməkdədir.

Mətbuat M.Əhmədinejadın Bakıda  böyük diqqət və qonaqpərvərliklə qarşılanmasını Azərbaycanın İran ilə dostluq münasibətlərində səmimi olmasının göstəricisi kimi qiymətləndirir.

Mehrnews.com xəbər agentliyinin veb-saytında yerləşdirilmiş "Əhmədinejadın Bakı səfərinin göstəriciləri" (http://www.mehrnews.com/fa/newsdetail.aspx?NewsID=172046) başlıqlı analitik təhlildə  yazılır: "Azərbaycan Respublikası İran ilə mehriban qonşuluğa, tarixi və mədəni ortaqlıq məsələlərinə çox həssaslıqla yanaşır və bu məqamlarda qətiyyətli mövqedədir".

Ölkənin ən nüfuzlu media orqanları sırasında olan "İran" qəzeti (15.10.2012,¹5202) isə yazır ki, iki ölkə münasibətlərinin inkişafı siyasi, iqtisadi, humanitar və digər  sahələri əhatə etdiyi kimi, beynəlxalq təşkilatlarda səmimi əməkdaşlıq məsələlərində də özünü göstərir.

İRNA xəbər agentliyi isə veb-saytında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı, o cümlədən Prezident Mahmud Əhmədinejadın rəhbərliyi ilə İran nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfərinin təfərrüatları barədə və zirvə toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlərdən (www.irna.ir/fa/News/80372611; www.irna.ir/fa/News/80372696; www.irna.ir/fa/News/80372611 və s.) onlarla informasiyaanalitik mətn yerləşdirmişdir. Bu mətnlərdə xüsusi olaraq qeyd olunur ki, İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin və baş katibliyin Azərbaycan Respublikasına keçməsi təşkilatın  fəaliyyətinin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir. Çünki hərtərəfli inkişafda olan  Azərbaycan Respublikası beynəlxalq və regional proseslərdə, o cümlədən beynəlxalq iqtisadi layihələrin gerçəkləşdirilməsi məsələlərində ciddi imkanlara malikdir.

İRNA xəbər agentliyinin saytında yerləşdirilmiş "Azərbaycan Respublikasının Prezidenti İƏT-ə üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinin tərəfdarıdır" sərlövhəli məqalədə (www.irna.ir/fa/News/80372697) dövlətimizin başçısı İlham Əliyevin qarşılıqlı faydalı əməkdaşlıq  münasibətlərinin əhəmiyyəti barədə söylədiyi fikir və mülahizələr geniş təhlil olunmuşdur.

                   

 

 Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.3.