Parlament 16 məsələyə
müsbət rəy bildirdi
Oktyabrın 16-da Milli Məclisin növbəti
iclası keçirildi. İclasın gündəliyinə 16 məsələ
daxil edilmişdi. Milli Məclisin Sədri Oqtay Əsədov
bildirdi ki, 2013-cü ilin dövlət büdcəsi zərfinə
aid olan sənədlər artıq parlamentə təqdim edilib.
Milli Məclisin müvafiq komitələrində müzakirələrdən
sonra sənəd plenar iclasın müzakirəsinə
çıxarılacaq. İclasda çıxış edən
deputatlar əvvəlcə müəyyən məsələlərə
münasibətlərini bildirdilər.
Deputat Siyavuş
Novruzov bildirdi ki, Milli Məclis tərəfindən "Dini
etiqad azadlığı haqqında" qanuna müsbət dəyişikliklər
edilib və Azərbaycan daim dini tolerantlıq baxımından
dünyada nümunə ölkə olub: "Ancaq Venesiya
Komissiyası tərəfindən həmin qanuna dəyişikliklə
bağlı yeni layihə göndərilib. Yeni layihə isə
Azərbaycan reallıqlarını əks etdirmir. Təklif
edilən dəyişikliklərdən biri Azərbaycanda xarici
vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə dini ayinləri icra etməyə
icazə verilməsi ilə bağlıdır. Bu,
mümkün deyil, dünyanın heç bir ölkəsində
belə hal yoxdur. Azərbaycandan bir molla gedib Fransada dini ayin
icra edə bilərmi? Fransada çadra ilə gəzməyə
qoymurlar, buna söz deyilmir. Azərbaycana qarşı niyə
belə davranış sərgilənir?" Onun sözlərinə
görə, bəzi beynəlxalq qurumlar Azərbaycanı laboratoriyaya
çevirmək istəyirlər. Bu isə qəbuledilməzdir.
Deputat Zahid Oruc isə Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında fəaliyyəti tənqid olunan
BP şirkətinin üzərinə düşən öhdəliyinin
yerinə yetirilməməsi ilə bağlı araşdırılma
aparılmasının vacibliyini
vurğuladı. Deputat Gülçöhrə Məmmədova
dedi ki, sözügedən iclasda Azərbaycanda iqtisadi-siyasi, sosial, elm-təhsil, səhiyyə
sahəsində görülən işlərin müsbət nəticələr
verdiyi bir daha bəyan edilib. Deputat əmin olduğunu bildirdi
ki, bu uğurlu göstərici gələcək illərdə
də davam edəcək. Deputatlardan Fərəc Quliyev, Fazil
Mustafa, İqbal Ağazadə, Sahib Alıyev və Jalə Əliyeva
çıxış edərək bir neçə təklif
irəli sürdülər.
Spiker Oqtay Əsədov isə səslənən
bəzi təkliflərə və BP şirkəti ilə
bağlı yaranan məsələyə də münasibətini
bildirdi. Sədrin sözlərinə görə, bəzi yerli
və xarici mətbuat orqanları yerində səslənən
iradları siyasiləşdirmək istəyirlər: "Elə
insanlar var ki, müqavilənin bir bəndini belə
oxumayıblar, amma bilmədikləri məsələdən
yazırlar. Prezident İlham Əliyev öz
çıxışında neft hasilatının əlifbasını
söyləyib. Toplantıda bildirilib ki, 3 ildir proqnozlar yerinə
yetirilmir. Prezident dedi ki, BP böyük şirkətdir və
bu qurumun savadlı mühəndisləri var. Əgər
mühəndislər bu məsələni həll edə
bilmirlərsə, dəyişiklik etsinlər və
götürdükləri öhdəlikləri yerinə
yetirsinlər. Necə oldu ki, bu öhdəliklərdə Azərbaycanın
payı 80 faizə çatdıqda hasilat birdən-birə
aşağı düşdü? Bu o deməkdir ki, əlavə
investisiya qoymağa maraq olmayıb. Burada nə bir siyasi məsələ
var, nə də ki BP şirkəti təhqir olunub. Burada,
ümumiyyətlə, Azərbaycan dövlətinin maraqları
qorunub və ölkənin rəhbəri bu maraqları qorumaq
üçün öz fikirlərini söyləyib. Bundan
şou, siyasi məsələ yaratmaq heç kimə şərəf
gətirməz. Elə çıxır ki, bəzi insanlar
hansısa neft quyusunun istehsalının aşağı
düşməsinə sevinirlər. Azərbaycanda neft
hasilatı yüksək səviyyədədir və
olacaqdır da. BP şirkəti axırıncı xəbərdarlığını
aldı və üzərinə götürdüyü öhdəliyi
yerinə yetirəcək. Mən əminəm ki, bu məsələ
müsbət həllini tapacaq. Bu məsələni siyasiləşdirmək
Azərbaycanı sevməyən insanlara dəstək verməkdir".
Sonra deputatlar gündəlikdə duran məsələlərin
müzakirəsinə başladılar. İlk olaraq Mahir
Cümşüd oğlu Muradovun Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi
haqqında məsələyə baxıldı və deputatlar
buna müsbət rəy bildirdilər. Mahir Muradov ona göstərilən
etimadı layiqincə yerinə yetirəcəyinə söz
verərək Milli Məclis qarşısında and içdi.
Sonra deputatlar Fazil İbrahim oğlu İbrahimovun Hesablama
Palatasının auditoru təyin edilməsi barədə məsələyə
müsbət münasibət bildirdilər.
Daha sonra Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli İnzibati Xətalar Məcəlləsinə edilən
dəyişikliklə bağlı məlumat verdi. O bildirdi ki,
Məcəllənin 247-1 maddəsinə edilən redaktə
xarakterli dəyişiklik mühasibat uçotu üzrə
qanunvericiliyin pozulması məsələsinə aiddir.
İclasda "Azərbaycan Respublikası
Silahlı Qüvvələrin 95 illiyi (1918-2013)" yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikası orden və medallarının təsis
edilməsi haqqında" qanunda dəyişikliklər edlməsi
barədə" qanun layihəsi də müzakirəyə
çıxarıldı. Sənədlə bağlı məlumat
verən Əli Hüseynli dedi ki, bu medalların təsis
olunması Azərbaycanın müstəqilliyinin 100 illiyini təsdiq
edən bir hadisədir. Onun sözlərinə görə, bu,
dövlətçiliyimizdə xüsusi yer tutacaq. Sənəd
səsə qoyularaq qəbul edildi.
Əli Hüseynli "Dövlət
qulluğu haqqında" qanuna dəyişiklik edilməsi barədə
də deputatları məlumatlandırdı. Komitə sədri
diqqətə çatdırdı ki, yeni dəyişikliyə
görə, xüsusi dövlət mühafizə xidmətində
qulluq dövlət qulluğunun xüsusi növü hesab
olunur. Dəyişiklik deputatlar tərəfindən müsbət
qiymətləndirilərək qəbul edildi.
"Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə qanun layihəsinə gəldikə isə
Əli Hüseynli dedi ki, bundan sonra namizədlər aşkarlıq
şəraitində şəffaflıq təmin edilməklə
müsabiqədən və ya müsahibədən keçəcəklər.
Kiçik xüsusi rütbələr nəzərdə tutulan
vəzifələrə şəxslər müsahibə əsasında
qəbul edilirlər. Müzakirələr zamanı deputatlar
Zahid Oruc və Siyavuş Novruzov çıxış edərək
dəyişikliyi müsbət qiymətləndirdilər və
sənəd qəbul edildi.
İclasda həmçinin
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında", "İcra
haqqında", "Daşınmaz əmlakın dövlət
reyestri haqqında" qanunlara və Əmək Məcəlləsinə
redaktə xarakterli dəyişikliklər edildi. İnzibati Xətalar
Məcəlləsinə edilən dəyişikliyə əsasən,
şəxsin dağınıq skleroz xəstə olması səbəbinə
görə əmək müqaviləsinin bağlanmasından
imtina etmək və ya əmək müqaviləsinə xitam
vermək yolverilməzdir. Müzakirələrdə deputatlardan
Elmira Axundova və Siyavuş Novruzov çıxış edərək
dəyişikliyi müsbət qiymətləndirdilər və
dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə
dövlət tərəfindən lazımi qayğının
göstərilməsinin vacibliyini vurğuladılar. Deputatlar sənədə
müsbət rəy bildirdilər.
Cəzaların İcrası Məcəlləsində
dəyişikliklərin edilməsi barədə qanun layihəsi
haqqında da məlumat verən komitə sədri Əli Hüseynli bildirdi ki, yeniliyə
görə, azadlıqdan məhrum edilən şəxslər
həftədə iki dəfə, ömürlük məhbuslar
isə həftədə bir dəfə 15 dəqiqə olmaqla
telefonla danışmaq hüququ qazanırlar. Şəhərlərarası
telefon danışıqlarının haqqı məhkumun şəxsi
vəsaiti hesabına və ya yaxın qohumu tərəfindən
ödənilir. Texniki imkanlar olmadıqda bir telefon
danışığı bir qısamüddətli
görüşlə əvəz edilə bilər. Cinayət
təqibinin, cəzanın icrası prosesində ictimai
qaydanın, təhlükəsizliyin və rejim tələblərinin
təmin edilməsi, yeni cinayətlərin və digər
hüquqpozmaların törədilməsinin
qarşısının alınması, zərərçəkmiş
şəxslərin müdafiəsi zərurəti yarandıqda
cəzaçəkmə müəssisəsinin müdiriyyətinin
əsaslandırılmış qərarı ilə məhkumların
telefon danışıqlarına nəzarət edilir. Tənbeh
tədbiri kimi intizam və ya cərimə təcridxanalarında,
kamera tipli otaqlarda və birnəfərlik kameralarda
saxlanılan məhkumların telefon danışıqlarına
yalnız müstəsna hallarda icazə verilə bilər. Cəzaçəkmə
müəssisələrində saxlanılan məhkumların,
yaxın qohumlar istisna olmaqla, telefon danışıqlarına
icazə verilmir.
Deputatlardan İlyas İsmayılov, Sahib
Alıyev və Çingiz Qənizadə
çıxış edərək dəyişikliyi müsbət
qiymətləndirdilər. Qeyd edildi ki, bu, Azərbaycanda həbsdə
olanlara göstərilən humanizmdir və belə qərarların
qəbul olunması ictimaiyyət tərəfindən də
yüksək qiymətləndirilir. Qanun layihəsinə edilən
dəyişiklik səsə qoyularaq qəbul edildi.
"Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" qanunda dəyişiklik edilməsi
barədə Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Nizami Cəfərov məlumat verdi. Komitə sədri
dedi ki, "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" qanuna dəyişikliyə əsasən,
təsdiqlənmiş siyahıdan abidənin
çıxarılması müvafiq icra hakimiyyəti
orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər
Akademiyasının rəyi nəzərə alınmaqla
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçiriləcək. Müzakirələr zamanı
çıxış edən deputatlar Aqiyə
Naxçıvanlı, Gülçöhrə Məmmədova
və İsmayıl Hacıyev dəyişikliyi müsbət
qiymətləndirdilər. Sonra qanuna bu dəyişiklik də qəbul edildi.
İclasda "Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə,
"Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" qanuna əlavə edilmiş
"Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısı"na əlavələr və dəyişikliklər
müzakirəyə çıxarıldı. Əlavələrə
əsasən, Tovuz rayonunun bir sıra kəndlərinin
adlarında dəyişiklik nəzərdə tutulur. Qovlar qəsəbəsinə
isə şəhər statusu verilir. Dəyişiklik səsə
qoyularaq qəbul edildi.
Sonda Milli Məclisin deputatları
"Ölçmələrin vəhdətinin təmin edilməsi
haqqında" qanunun layihəsinə ikinci oxunuşda
münasibət bildirdilər. Sənədlə bağlı əvvəlcə
parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verdi. Ziyad Səmədzadə Milli Məclisə təqdim
edilmiş bu qanun layihəsində bəzi qüsurların
olduğunu söylədi. Onun sözlərinə görə,
qanun layihəsinin əsas məqsədi dövlətin etalon
bazasının təkmilləşdirilməsi, ölkədə
aparılan ölçmələrin vəhdətinin təmin
edilməsi, milli ölçmələrin beynəlxalq səviyyədə
tanınması üçün əlverişli şərait
yaradılmasıdır. Müzakirələrdə
çıxış edən deputatlardan Arif Əşrəfov
və Astan Şahverdiyev qeyd etdilər ki, bu qanun layihəsinin
qəbulu ölkənin sosial-iqtisadi inkişafında rəqabəti
gücləndirəcək və milli etalon bazası təkmilləşəcək.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov
qanun layihəsi ilə bağlı bəzi təkliflərini verdi. Sonda sənəd səsə
qoyularaq ikinci oxunuşda qəbul edildi və bununla da Milli Məclis
öz işini yekunlaşdırdı.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
17 oktyabr.- S.4.