Azərbaycanın dünya
şöhrətli şərqşünas alimi
Aida İmanquliyevanın Belarus dilinə tərcümə
edilmiş «Məqalələr, tərcümələr»
kitabının təqdimat mərasimi keçirilmişdir
Belarus
Respublikasının Prezidenti Administrasiyası nəzdindəki
Milli Kitabxanada Azərbaycanın dünya şöhrətli
şərqşünas alimi, professor Aida
İmanquliyevanın Belarus dilinə
tərcümə edilmiş "Məqalələr, tərcümələr"
kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının
Belarusdakı səfirliyinin təşəbbüsü və hərtərəfli
dəstəyi ilə Belarus dilinə tərcümə
edilmiş kitabın təqdimat mərasimində Belarusun
dövlət qurumlarını, mədəniyyət, elm və
təhsil ocaqlarını, yerli KİV-ləri və bu ölkədə
akkreditə olunmuş diplomatik korpusu təmsil edən 100-dək qonaq iştirak etmişdir.
Azərbaycanın Belarusdakı səfirliyindən
bildirmişlər ki, tədbirdə
çıxış edən səfir İsfəndiyar Vahabzadə
kitab barədə məlumat verərək ümumilikdə Aida
xanım İmanquliyevanın Azərbaycanda şərqşünaslıq
elminin inkişafına verdiyi böyük töhfədən,
habelə mühacir ərəb ədəbiyyatının tədqiqi
istiqamətindəki əvəzsiz xidmətlərindən
danışmışdır. O, "Məqalələr, tərcümələr"
kitabının Belarusun şərqşünaslıq sahəsində
fəaliyyət göstərən elm ocaqları və tələbələr
üçün qiymətli vəsait olacağını
vurğulamışdır.
Təqdimat mərasimində həmçinin
Belarus Milli kitabxanasının direktoru Roman Motulski, M.Tank
adına Belarus Dövlət
Pedaqoji Universitetinin rus dili filologiyası fakültəsinin
dekanı Vasili Stariçenok və Belarus Azərbaycan
İcmaları Konqresi sədrinin müavini Baxşı Qəmbərov
çıxış edərək görkəmli şərqşünas
alimin kitabının Belarus dilinə
tərcümə edilməsinin təqdirəlayiq hal
olduğunu diqqətə çatdırmışlar. Bu kimi təşəbbüslərin,
tədbirlərin, ümumilikdə ölkələrimiz
arasında humanitar əlaqələrin inkişafına,
xalqlarımızın daha da yaxınlaşmasına xidmət
etdiyi vurğulanmışdır.
Təqdimat mərasimi ərəfəsində
Belarusun aparıcı mətbuat orqanlarında Aida xanım
İmanquliyevaya həsr olunmuş məqalələr dərc
edilmiş, habelə təqdimat mərasimi yerli KİV-lərdə
işıqlandırılmışdır.
Tədbirlə bağlı səfir
İsfəndiyar Vahabzadə Belarusun yerli KİV-lərinə
müsahibə vermişdir.
AzərTAc
Azərbaycan.-2012.-
17 oktyabr.- S.4.