UNESCO-da xoşməramlı səfirlərin illik toplantısı keçirilmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva toplantıda iştirak etmişdir

 

 Oktyabrın 16-da Parisdə UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda iştirak etmişdir.

Oktyabrın 16-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəldi.

UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Builki toplantı 2012-ci ildə dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunmuşdur.

Toplantıda çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi təşkilatın prioritetləri və strategiyası barədə danışdı. Bildirdi ki, UNESCO-nun yeni gündəliyinə "mədəni dünya və davamlı inkişaf" strategiyasının həyata keçirilməsi də daxildir. Bu sırada təhsil, elm, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, sıx əməkdaşlıq mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. "Dünyada milyonlarla insanın təhsil hüququndan məhrum olduğunu nəzərə alsaq, o zaman bu sahənin inkişafının müasir günümüzdə nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik", - deyən İrina Bokova bu sırada qızların təhsilinin daha çox diqqət mərkəzində saxlanmasının vacibliyini vurğuladı.

UNESCO-nun 22 xoşməramlı səfirinin və dünyanın müxtəlif ölkələrindən dəvət edilən onlarla sülhməramlı artistin iştirak etdiyi toplantıda təhsil və onun inkişafı ilə bağlı müzakirələr aparıldı.

Xoşməramlı səfirlər çıxışlarında dünyada təhsilin inkişafını nəzərdə tutan və UNESCO tərəfindən irəli sürülən təşəbbüsün dəstəklənməsinin əhəmiyyətinə toxunaraq ölkələrində bu məqsədlə həyata keçirilən layihələrdən danışdılar.

Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək dünyada UNESCO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar UNESCO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda fəallıq göstərirlər. Bu ümumdünya məqsədlərinin reallaşmasında Azərbaycan da yaxından iştirak edir. Təsadüfi deyil ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S. 4.