Rəcəb Tayyib ƏRDOĞAN: Çox ciddi inkişaf və tərəqqi yolunda olan Azərbaycan ECO nun zirvə toplantısına özəl ev sahibliyi etmişdir

 

 Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII zirvə toplantısının yekunlarını Esenboğa hava limanında jurnalistlərə dəyərləndirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına salamını çatdıran  R.T.Ərdoğan demişdir ki, çox ciddi inkişaf və tərəqqi yolunda olan Azərbaycan İƏT-in zirvə toplantısına özəl ev sahibliyi etmişdir. Biz bu toplantıda sədrliyi də Azərbaycana təhvil verdik. Mən hörmətli İlham Əliyevlə də görüşdüm. Bundan başqa, digər dövlət və hökumət rəhbərləri ilə ikitərəfli görüşlərim oldu.

Türkiyənin Baş naziri əlavə etmişdir ki, ECO iqtisadi əməkdaşlıq və tərəqqinin genişləndirilməsi baxımından çox mühüm bir təşkilatdır. Gündəliyə daxil edilmiş iqtisadi, sərmayə, nəqliyyat, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri ətrafında geniş müzakirələr oldu. Bu təşkilat 8 milyon kvadratkilometr ərazini əhatə edən və 400 milyon əhalisi olan dövlətlərdən ibarətdir. Bu toplantıda biz 2015-ci ilədək fəaliyyət proqramı da qəbul etdik və üzv ölkələr arasında ticarət həcminin 20 faiz artırılmasını qərarlaşdırdıq.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.5.