Tolerantlığın «Qərb nümunəsi»

 

 Dini soyqırımı soyqırımı cinayətlərinin spesifik növü olmaqla, dini zəmində insanların məhv edilməsi ilə yanaşı, onların dini inanclarına, mənəvi dəyərlərinə amansız total təcavüzü özündə ehtiva edir. Bu cür cinayətlərə etinasız münasibət bütövlükdə insanlığa başucalığı gətirmədiyi kimi, həm də gələcəkdə belə vəhşiliklərin baş verməsinə zəmin yaradır. Bunun əziyyətini isə bəşəriyyət özü çəkməli olacaq. Axı inkar edənlər bir gün özləri inkar olunurlar. İnsanların milli, irqi, dini və s. zəmində inkarı inkar qanununun subyektinə çevrilmələri bəşəriyyət üçün yaxşı heç nə vəd etmir. Bu kimi bəlaların aradan qaldırılmasının yeganə yolu tolerantlıqdır.

Bir müddət əvvəl Berlin şəhərində ifrat sağçıların Almaniyada İslam dininin yayılmasına etiraz əlaməti olaraq Berlin məscidinin yaxınlığında keçirdikləri mitinqdə Məhəmməd peyğəmbərin karikaturaları, İslam dini və məscidlər əleyhinə plakatlardan istifadə etmişdilər. Müsəlman icmasının belə plakatlardan istifadəyə yol verilməməsinə dair qaldırdığı iddianı Berlin məhkəməsi bu il avqustun 16-da rədd edərək həmin plakatları yaradıcılıq azadlığı kimi qiymətləndirmişdir. Görünür, bəşəriyyətə iki dünya müharibəsini, bu müharibələr nəticəsində ağlasığmaz dəhşət və tələfatları və yəhudilərin soyqırımını "bəxş" etmiş Almaniya sonda faciəvi şəkildə məğlub olması və tarixin ona verdiyi ibrət dərslərindən nəticə çıxarmamışdır. XX əsrdə iki dəfə dünyaya meydan oxuyan, bu gün isə bəşəriyyətə demokratiya, tolerantlıq "dərs"i keçən Almaniya, görünür, bu dəfə  Allaha, onun peyğəmbərinə və İslam dininə meydan oxumaq fikrinə düşüb. Bunun isə nə ilə nəticələnəcəyi aydın bir həqiqətdir.

Heydər Əliyev Fondu tərəfindən İtaliyanın qədim xristian abidələrinin təmir edilməsi kimi xeyirxah və alicənab addımda ifadə olunan Azərbaycan dini tolerantlığı ilə müqayisədə "qoca" Avropanın dini zəmində dözümsüzlüyü cılız və iyrənc görünür. Heç olmasa, təsəlliverici haldır ki, bu günlərdə Almaniyanın məşhur "Şpigel" nəşri dini əqidə azadlığı və tolerantlıqla bağlı Azərbaycanın böyük uğurlar əldə etdiyini, habelə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini etiraf etmişdir. Elə bu yazıda Heydər Əliyev Fondu tərəfindən xristian abidələrinin təmir edilməsi yüksək qiymətləndirilmiş, Azərbaycanda dini əqidə və ibadətlə bağlı heç bir problemin olmadığı, burada bütün dinlərin dinc yanaşı yaşadığı vurğulanmışdır.

Bu il avqustun 21-də Müqəddəs Ramazan bayramı günündə Fransada məscidin yandırılması, bir neçə gündən sonra başqa bir məscidin divarlarına faşist svastikasının çəkilməsi və başqa təhqiredici hərəkətlər, ABŞ-da İslam dini və Məhəmməd peyğəmbər barəsində "Müsəlmanların məsumluğu" adlı filmin çəkilməsi,  Almaniya və bir sıra Avropa ölkələrində İslam əleyhinə mitinqlərin keçirilməsi və bu kimi hadisələrə həmin ölkələrin ictimaiyyətinin seyrçi qalması tolerantlıqla bağlı Qərbi bütün monoteist dinləri və peyğəmbərləri birmənalı qəbul edən Azərbaycanla (həm də İslam dünyası ilə) müqayisədə aşağılayır. Dini dözümsüzlüyün bu cür aqressiv şəkildə ifadə olunması artıq bu ölkələrdə mənəvi böhrandan xəbər verir. 

Bütün bunların İslamın Avropada artan nüfuzu ilə bağlı olduğu da qabarıq görünür. Hollandiyada Azadlıq Partiyasının rəhbəri Giyert Vilders "Amerikanın səsi" radiostansiyasına müsahibəsində deyib: "Mən müsəlmanların əleyhinə deyiləm, lakin düşünürəm ki, İslam totalitar ideologiyadır və bu, bizim azad düşüncəmizə ziddir. Biz burada Hollandiya və Avropanın azadlığı uğrunda mübarizə aparırıq. Və məhz buna görə biz belə bir mövqedən çıxış edirik".

Bunlar bir daha göstərir ki, İslamın Avropada yayılmasını ikrahla qarşılayanlar onu dəstəkləyənlərdən daha çoxdur. Uelsin Milli Assambleyasına namizədliyini vermiş İngilis Milli Partiyasının üzvü Şion Ouens Quranı yandırmaqda ittiham edilir. Bundan əvvəl isə amerikalı pastor Ueyn Sapp və Terri Cons tərəfindən ictimai şəkildə Quranın yandırılması dünyanın bir çox ölkəsində, o cümlədən Əfqanıstanın Qəndəhar şəhərində etiraz aksiyalarına səbəb olmuşdu. İsveçli radikal sağçı biznesmen Patrik Brinkman bildirib ki, Almaniyanın populist anti-islam partiyasına 5 milyon avro ayıracaq. Dözümsüzlüyü təsdiqləyən belə təəssüfdoğurucu faktları uzatmağa lüzum yoxdur. Aşkardır ki, Avropada İslama, müsəlmanlara qarşı irqçi münasibət hökm sürür. Bütün dünyaya təmkinlik dərsi keçən Avropa tolerantlığını və təmkinini itirərək ərəblərin, Şərq ölkələrindən gələnlərin zorla ölkələrinə qaytarılmasını istəyir.

Dözümsüzlüyün ifrat nümunəsi sayıla biləcək bu addımlar həm də Avropada müəyyən müsəlman dövlətlərinə qarşı antipatiya formalaşdırmağa xidmət edir. İmperialist siyasət yürüdən Qərb dövlətləri bu yolla ictimai rəyi özlərinin gələcək "səlib yürüşləri"nə hazırlamaq məqsədi güdürlər. Düşmən obrazı yaratmaqla Avropadakı müəyyən siyasi dairələr İraq, Əfqanıstan, Sudan, Liviya, İran və digər ölkələrə qarşı aparılan kampaniyaya haqq qazandırmağa çalışırlar. 

Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, dəyərlərindən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək yaxşı davranmağı bacarmaqdır! Amma çox təəssüf ki, Avropa bunu demir! Qərb və qərbpərəst dairələr nədənsə belə düşünürlər ki, onlara məxsus mədəniyyət İslam mədəniyyəti daxilində əriyib yox ola bilər. Buna görə də dözümsüzlük addımları ilə İslama qarşı bütün sahələrdə hücuma keçərək onu çökdürməyə çalışırlar.

Qloballaşma meyilləri gücləndikcə, xüsusən də bəzi Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Bu meyillər daha dəhşətli faciələrə - terrora, qətllərə və digər amansız cinayətlərə yol açır. Faciə bundadır ki, dini-etnik və milli ayrı-seçkiliyə yol verərək İslamı gözdən salmağa çalışan Avropa bu gün tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanı qərəzli ittihamlara məruz qoyur. 2012-ci il mayın 24-də Avropa İttifaqı parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə bunun əyani təsdiqidir. Bu, həm də Avropa ölkələrinin "insan hüquqları", "demokratiya" kimi dəyərlərdən sui-istifadə etdiyini, açıq-aşkar ikili standartlara yol verdiklərini bir daha təsdiqləyir.

Həmin qətnamədə qondarma siyasi məhbus məsələsinin gündəmə gətirilməsi də məhz Azərbaycana təzyiq göstərmək istəyindən irəli gəlir. Halbuki Azərbaycan bu cür siyahıların müəyyən qərəzli qurumlar tərəfindən hazırlandığını və hüquqi-siyasi baxımdan tam əsassız olduğunu dəfələrlə bəyan edib və bunu konkret sübutlarla təsdiqləyib. Yaradılmış ekspertlər qrupu Avropa Şurası tərəfindən "siyasi məhbus" olduğu iddia edilən 100-dən artıq məhbusun cinayət işlərini araşdıraraq onların "siyasi məhbus" kimi tanınmasının heç bir hüquqi əsasının olmadığı barədə birmənalı nəticəyə gəlmiş, hətta "siyasi məhbus" kimi "tanınanlar" arasında uşaq oğurluğu və terrorçuluq, dövlət çevrilişi cəhdləri və digər cinayət əməlləri törətmiş insanların olduğunu aşkar etmişdir. Həmin QHT-lərin rəhbərləri aşkarladıqları faktlarla bağlı AŞ rəhbərliyini məlumatlandırmış, Avropa Şurası deputatları ilə ikitərəfli və çoxtərəfli görüşlər zamanı bu faktları onların diqqətinə çatdırmışlar. Bildirilmişdir ki, hər hansı bir siyasi partiya, hərəkat üzvü və ya yüksək səviyyəli dövlət məmuru olmasından asılı olmayaraq hər kəs törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməlidir. Bu məsələyə siyasi don geydirmək demokratik, hüquqi dövlətin inkişafı və vətəndaş cəmiyyətinin formalaşmasının başlıca amili olan hüququn aliliyi prinsipinə ziddir. Əgər kimsə milli məhkəmə-hüquq sistemində qəbul edilmiş qərarlardan razı deyilsə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Amma heç bir milli və beynəlxalq-hüquqi əsas olmadan ayrı-seçkiliyə yol verərək 47 üzv dövlətdən yalnız Azərbaycanda "siyasi məhbus problemi" ilə bağlı xüsusi məruzəçinin təyin edilməsi qərəzdən, ayrı-seçkilikdən, ikili standartların əyani nümayişindən başqa bir şey deyil.

Şübhəsiz, bu gün Avropada özünü qabarıq göstərən dözümsüzlük meyillərinin əsas səbəblərindən biri də iqtisadi böhranın dərinləşməsidir. Məhz bu səbəbdən son illərdə müxtəlif Avropa ölkələrində hakimiyyətə qarşı sərt etiraz aksiyaları keçirilir. Məsələn, 2012-ci ilin 1 mayında Almaniyada nümayişlər zamanı polislə vətəndaşlar arasında ciddi toqquşmalar yaşanmış, dinc insanlara qarşı zorakılıq tətbiq olunmuşdur. Nümayişçilər hakimiyyətin yaratdığı böhrana etiraz əlaməti olaraq polislərə içərisinə yandırıcı maddələr doldurulmuş şüşə qablar, daş və başqa predmetlər atmışlar. Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşmışdı. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə zor tətbiq etmişlər. Nümayişçilərin qarşısını kəsmək üçün 7 mindən çox polis səfərbər olunmuşdu.

Müxtəlif insanlar və dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsi özünü dözümsüzlüyün və "ikili standart"ların bariz nümunəsi kimi göstərir. Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə öz əməlindən peşman olmadığını və daha çox insanı, habelə müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyini söyləyən Anders Breyvik 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, 1 erməni zabitini qətlə yetirən (baxmayaraq ki, güclü ruhi həyəcan vəziyyəti istisna edilmirdi) Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ermənistan bütün dünyanın terrorçu kimi tanıdığı Monte Melkumyanın həbsdən azad edilməsini "təşkil" edərək onu Ermənistana gətirib milli qəhrəman adını verməklə abidəsini qoyanda və bu qatili öz əməllərini davam etdirmək üçün Dağlıq Qarabağa göndərəndə (amma o, Dağlıq Qarabağda əsgərlərimiz tərəfindən öldürüldü) heç bir ölkə, heç bir beynəlxalq təşkilat bununla maraqlanmadı. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun isə beynəlxalq konvensiya və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun şəkildə Azərbaycana gətirilib ölkə Prezidenti tərəfindən əvf edilməsi narahatlıq hissi ilə qarşılandı.

Ramil Səfərov azadlığa buraxılan kimi ASALA erməni terror təşkilatı Azərbaycanı, xaricdə yaşayan soydaşlarımızı, habelə diplomatlarımızı terrorla hədələdi. Erməni terror təşkilatı tərəfindən Azərbaycana qarşı belə bir hədənin ünvanlanması təəccüb doğurmur. Çünki erməni xislətini dünyada azərbaycanlılardan və türklərdən daha yaxşı heç kim tanımır. Ermənistan parlamenti bu məsələ ilə bağlı növbədənkənar sessiya keçirdi. Ermənistan prezidenti S.Sarkisyan R.Səfərovu terrorla məhv etmək üçün "göstəriş" verdi. Bütün bunlar Ermənistanın ASALA erməni terror təşkilatı ilə sıx əlaqələrini, onların fəaliyyət birliyini, Ermənistanın nəinki terroru dəstəkləməsini, hətta onun özünün də terrorla məşğul olduğunu bir daha təsdiqlədi. Bütün dünyanın terrorçu təşkilat kimi tanıdığı ASALA ilə Ermənistanın fəaliyyət birliyinin açıq-aşkar göründüyü bir vaxtda dünya birliyinin, beynəlxalq təşkilatların susması anlaşılan deyil. Azərbaycanda "mikroskopla qanun pozuntusu axtaran" beynəlxalq təşkilatların terrorçu və işğalçı bir rejimin hərəkətlərinə göz yumması ikili standartların mövcudluğunu daha qabarıq göstərir.

XX əsrin sonu və XXI əsrin əvvəllərində terrorun xüsusilə təhlükəli forması olan dövlət terrorizmi gizli fəaliyyət dövrünü başa çatdıraraq asanlıqla görünən bir fəaliyyət mərhələsinə daxil olmuşdur. Dövlət terrorizmi ilə mübarizənin beynəlxalq hüquqi bazasının formalaşdırılması, mübarizə mexanizmləri və qurumlarının yaradılması zərurəti kəskin şəkildə özünü göstərir. Terrorçu dövlətin də işğalçı dövlət kimi hamılıqla etiraf edilməsi məsələsinin heç də asan olmayacağını nəzərə alsaq, beynəlxalq iradə və beynəlxalq həmrəyliyin vacib şərt olmasını etiraf etməliyik. Bu məsələdə isə obyektiv informasiya ilə təchiz olunan beynəlxalq ictimaiyyətin rolu həlledici ola bilər. Dövlət terrorizminə hesablanmış siyasətin heç də sağlam təxəyyülün məhsulu olmadığı hamıya məlumdur. Ermənistanın da terrorçu dövlət olması isə şəksizdir. Dövlətin beynəlxalq hüququn subyekti kimi beynəlxalq səlahiyyətlərindən istifadə etməklə belə bir fəaliyyətlə məşğul olmasının xüsusi təhlükəliliyini nəzərə almaqla dövlət terrorizminə qarşı mübarizə də son dərəcə qətiyyətli və amansız olmalıdır. Çünki bunu bütün bəşəriyyətin təhlükəsizliyi tələb edir.      

Bu yaxınlarda Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edən Prezident İlham Əliyev bildirib: "Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib".

Avropada rasizm və dözümsüzlüyün artmasını artıq Avropa Şurası da etiraf etmək məcburiyyətində qalmışdır. Təşkilatın bir müddət əvvəl yaydığı bəyanatında bildirilmişdir ki, quruma üzv ölkələrdə iqtisadi imkanların azalması və sosial proqramların məhdudlaşdırılması mühacirləri yoxsulluğa sürükləyəcəkdir. Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının illik hesabatında deyilir ki, bu vəziyyət cəmiyyətdə parçalanmanı gücləndirən mənfi tendensiyaları da artırır. Şuraya üzv olan bir sıra ölkələrdə irqçilik, əcnəbilərə nifrət, antisemitizm və dözümsüzlüyə dair vəziyyəti təhlil edən sənəddə göstərilir ki, cəmiyyət mühacirlərə və bəzi azlıqlara artıq yük kimi baxır. Buna misal olaraq hesabat Avropada qaraçıların vəziyyətinin pisləşdiyini göstərərək qeyd edir ki, onlar hər yerdə ayrı-seçkiliyə və dözümsüzlüyə məruz qalırlar. Bildirilir ki, iş yerlərində də ayrı-seçkilik özünü qabarıq göstərir.

Məşhur siyasi xadim Mahatma Qandi deyirdi ki, "günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Bu gün Azərbaycan tolerantlıq səviyyəsinə görə Almaniya, Fransa, Hollandiya və s. kimi Avropa dövlətlərinə nümunə ola bilər. Bu faktı ölkəmizdə səfərdə olan beynəlxalq qurumların nümayəndələri də etiraf etməkdədirlər. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey ölkəmizə bu yaxınlarda səfəri zamanı mətbuata bəyanatında bildirmişdi: "Azərbaycan dünyəvi cəmiyyətdir və Avropa İttifaqı burada dini dəyərlərə, tolerantlığa olan münasibəti yüksək qiymətləndirir. Region ilə yanaşı, Avropaya da demokratik dəyərlərə söykənən sabit Azərbaycan lazımdır".

Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgəyaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir. Prezident İlham Əliyev 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş "Ümumdünya mədəniyyətlərarası dialoq forumu"nda demişdir: "Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür".

Tolerantlıqla bağlı Qərb ölkələrinə nümunə ola biləcək Azərbaycanda bu günlərdə möhtəşəm şəkildə təşkil olunmuş İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Milli, irqi, dini dözümlülüklə bağlı dünyaya mesajı özündə ehtiva edən həmin forumun açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdir: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafına davam edəcəkdir".

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Azərbaycanda tolerantlıq - irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib. Qərblilərdən fərqli olaraq, azərbaycanlılar öz dəyərlərinə sadiqdirlər.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 6.