Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın Avropa ilə Asiya arasında körpü olduğunu bir daha təsdiq etdi

 

 İkinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatdı. Bu forum bir daha təsdiq etdi ki, Azərbaycanın bu cür qlobal layihələri həyata keçirməkdə təcrübəsi və potensialı yüksək səviyyədədir. Sosial-iqtisadi, mədəni inkişafı ilə regionun lider dövlətinə çevrilən Azərbaycan artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Prezident İlham Əliyevin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiq etdi ki, Azərbaycan həqiqətən Avropa ilə Asiya arasında körpüdür.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkənin böyük imkanlara malik olduğunu dünyaya çatdırmaqda mühüm rol oynayır. Bu forumun əhəmiyyəti və gələcək perspektivləri barədə qəzetimizə açıqlama verən Milli Məclisin deputatları da bunu təsdiqləyir.

 

Asim MOLLAZADƏ, Milli Məclisin deputatı:

- İkinci Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın çox mühüm bir təşəbbüsüdür. Azərbaycanın əsrlər boyu mədəniyyətlər, sivilizasiyalar arasında əməkdaşlığı ilə bağlı böyük təcrübəsi var. Biz bu təcrübənin dünyada inkişaf etdirilməsini istəyirik. Son illər mədəniyyətlərin toqquşmasının şahidi oluruq çox təəssüf ki, dünyanın bəzi ölkələrində müəyyən ksenofobiya artır. Fərqli irqə, fərqli dinə olan münasibətlər ürəkaçan deyil. Məhz onun üçün Azərbaycan bu istiqamətdə çox ciddi təşəbbüslə çıxış edir bu dövlətin istəyi ondan ibarətdir ki, biz bu dəyərləri dünya ilə bölüşürük. Bundan başqa, məlum forum Azərbaycanın özünü dünyaya tanıtmaq üçün bir fürsətdir. Dünyanın tanınmış siyasətçiləri, alimləri, keçmiş prezidentləri Azərbaycandakı mühitlə tanış olub inkişaf edən ölkəmizi daha yaxından tanıyırlar. Zənnimcə, belə forumların keçirilməsi bizim beynəlxalq sistemdə özümüzə layiq yerimizi tutmaq üçün çox gözəl bir imkandır.

 

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı:

- Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forum çox mühüm bir hadisə idi. 60 ölkədən təxminən 700-ə yaxın nümayəndənin iştirak etdiyi bu forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətli idi. Həm təbliğati, həm siyasi baxımdan mühüm əhəmiyyət kəsb edən bu məsələdə Azərbaycan yenə göstərdi ki, Cənubi Qafqazın lider ölkəsi sayılan dövlətimizin bu cür qlobal layihələri həyata keçirməkdə təcrübəsi potensialı yüksəkdir. Hesab edirəm ki, bu forum millətlərin dövlətlərin yaxınlaşması mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində atılmış ən əhəmiyyətli addımlardan təşkil edilmiş vacib tədbirlərdən biridir. Digər tərəfdən isə, Azərbaycana gələn qonaqlar əsl həqiqətləri gözləri ilə görürlər qonaqların bölgələrə səfərləri, tarixi, mədəni abidələrimizlə tanışlıqları da əsl təbliğat vasitəsidir. Dünya Avropa ölkələrinin tanınmış siyasətçiləri, elm xadimləri Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğunu bir daha gördülər. Bir sözlə, bu forum Azərbaycana böyük uğur gətirdi".

 

Musa QASIMLI, Milli Məclisin deputatı:

- Bu forumun ölkəmizdə keçirilməsi bir sıra baxımdan qiymətləndirilə bilər. Təşkilatçılıq baxımından forumun təşkili göstərdi ki, Azərbaycan ən yüksək səviyyəli toplantıları uğurla keçirmək qüdrətindədir. Forumda iştirak edən ölkələrin nümayəndə heyətlərinin üzvləri bunu təsdiqlədi. Digər tərəfdən, forum mahiyyəti baxımından qiymətləndirilməlidir. Forumda Prezident İlham Əliyevin etdiyi nitq təkcə ölkədaxili regional məsələlər deyil, eyni zamanda dünya işlərinin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir. Dövlət başçısının çıxışı dərindən öyrənilməli, irəli sürdüyü müddəalar prinsipial şəkildə araşdırılmalıdır. Bu çıxış onu göstərdi ki, Azərbaycan dünyanın coğrafi, strateji əlverişli mövqeyində yerləşməklə mədəniyyətlərarası, sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Dinlərarası münasibətlər baxımından bir çox ölkələrə nümunədir, örnəkdir. Azərbaycan müsəlman dünyasına təsir etmək gücündə olan bir modern ölkəyə çevrilib. Eyni zamanda, dünya siyasətində rolu artıb böyük dövlətlər Azərbaycanın müsəlman dünyasında tutduğu rolu qiymətləndirib onunla əməkdaşlığı dərinləşdirməlidir. Bu, həmin ölkələrin mənfəətinə uyğun olardı.

Humanitar forumu perspektivlər baxımından da müsbət qiymətləndirmək olar. Xüsusən qarşıya qoyulan məqsədlər imzalanan yekun sənəd forumun böyük perspektivinin olduğunu göstərir. Fikrimcə, bu forum təkcə forum çərçivəsində deyil, Azərbaycanın sosial, iqtisadi, mədəni, elmi digər sahələrdəki həyatına ciddi təsir edir. Hesab edirəm ki, Azərbaycan yeni bir uğura nail oldu. Azərbaycan haqqında həqiqətlər bir daha dünyaya yayıldı. İlk dəfə ölkəmizə gələnlər sürətli inkişafın şahidi oldular. Belə ki, bu inkişaf Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazisinin 20 faizinin işğal edildiyi, 1 milyondan çox qaçqın məcburi köçkünün olduğu bir şəraitdə baş verir. Azərbaycanın bu inkişafı artıq bir nümunədir. Bu təcrübənin bir çox dünya ölkələri tərəfindən öyrənilməsinə ehtiyac var".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.6.