Aleksandr ÇUMAKOV: Bakı Forumunun humanitar sahədə əlaqələrin inkişafı və qloballaşmanın müxtəlif proseslərə təsirini öyrənmək baxımından böyük əhəmiyyəti var

 

 İkinci Bakı Beynəlxalq Humanitar Forumunun humanitar sahədə əlaqələrin inkişafı və qloballaşmanın müxtəlif proseslərə təsirini öyrənmək baxımından böyük əhəmiyyəti vardır. Tam əminliklə deyə bilərəm ki, Bakı Forumunun formatına dünyada az tədbirlərdə təsadüf etmək olar. Bu sözləri İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov müsahibəsində demişdir.

Alim bildirmişdir ki, forumda mədəniyyətlə, cəmiyyətlə, bəşəriyyətlə və elmi-texniki tərəqqi ilə bağlı çox maraqlı məsələlər müzakirə edilmişdir. Gündəliyin zənginliyi forumun əhəmiyyətini artıran amillərdəndir. Digər bir mühüm amil ondan ibarətdir ki, forumda humanitariyaya dair məsələləri təkcə alimlər deyil, həm də nüfuzlu siyasi xadimlər müzakirə etdilər. Təbii ki, qarşıya qoyulan vəzifələri təkcə elm vasitəsilə həll etmək mümkün deyildir. Forum çərçivəsində müxtəlif mövzularda "dəyirmi masa"ların keçirilməsi də müzakirə olunan mövzuların sistemləşdirilməsinə imkan verdi. Çünki dünya bu gün bütöv sistemdir, müxtəlif fikirlər, müxtəlif baxışlar vardır.

"Dəyirmi masa"ların əhəmiyyəti ondadır ki, biz müxtəlifliklərdən eyniliyə aparan yolların tapılmasını müəyyən etməyə çalışdıq.

Qonaq qeyd etmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəyə çevrilmişdir və hər il daha çox iştirakçı ilə diqqəti cəlb edir. İştirakçıların çoxluğu isə gündəliyin daha geniş coğrafiyanı əhatə etməsinə imkan verir. Mən növbəti Bakı beynəlxalq humanitar forumlarına da uğurlar arzu edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.6.