Gəncə yenidən qurulur
Doqquz ayda artım 54,1 faizdir
Cari ilin doqquz ayı Gəncədə
bir sıra yaddaqalan
hadisələrlə əlamətdar oldu.
Ölməz Nizami Gəncəvinin 870 illik yubileyi 46 ölkədən
gələn 156 nümayəndənin iştirakı ilə geniş qeyd edildi. Elə həmin günlərdə Gəncədə
Birinci Azərbaycan Beynəlxalq şərabçılıq
festivalı da uğurla
keçdi. Sənayedə, tikintidə, sosial həyatda olan
yüksəliş də göz
qabağındadır.
Bu barədə cari ilin
doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumşəhər
toplantısında ətraflı danışıldı. Şəhər
icra hakimiyyətinin
başçısı Elmar Vəliyevin
hesabatında Nazirlər Kabinetində keçirilən
yığıncağın tələbləri və Prezident
İlham Əliyevin nitqində irəli
sürülən vəzifələr, tövsiyə və
tapşırıqlar baxımından doqquz
aylığın yekunları ətraflı təhlil olundu. Sonra
çıxışlar dinlənildi. Qeyd olundu ki, dövlət
başçısı İlham Əliyevin
yeritdiyi müdrik siyasət
sayəsində müstəqil dövlətimizin
iqtisadiyyatı sürətlə inkişaf
edir, ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır. Həyata
keçirilən uğurlu islahatlar
və önəmli layihələr sayəsində
respublikanın müxtəlif bölgələri, o cümlədən Gəncə şəhəri
dinamik inkişafa və
davamlı tərəqqiyə nail olmuşdur.
Son doqquz ay ərzində
şəhər üzrə ümumdaxili məhsul
buraxılışının həcmi 539,3 milyon
manat olmuşdur ki, bu da
ötən ilin müvafiq
dövrü ilə müqayisədə
54,1 faiz çoxdur. Ümumi daxili məhsulun
64,1 faizi qeyri-dövlət bölməsinin
payına düşür. Bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 63,5 faiz çoxdur. Şəhər iqtisadiyyatında
çalışan işçilərin orta
aylıq əməkhaqqı 260,3 manat olmuşdur. Bu da ötən ilin müvafiq dövründəkinə nisbətən
6,3 faiz artım deməkdir.
Ötən
doqquz ayda sənayedə
fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən
142,1 milyon manatlıq məhsul istehsal olunmuş və xeyli miqdarda xidmətlər
göstərilmiş, özəl bölmədə sənaye
üzrə istehsalın həcmi 67,1 faiz təşkil
etmişdir.
Toplantıda
ayrı-ayrı müəssisələrin fəaliyyəti ətraflı
təhlil olundu. Qeyd edildi ki, Prezident
İlham Əliyev tərəfindən təməli
qoyulan Gəncə DET.Al
Alüminium Zavodu kompleksinin birinci hissəsi
cari ilin yanvarın
21-də istifadəyə verilmiş, nəticədə
640 nəfər işlə təmin edilmişdir.
Kompleksin ikinci hissəsində
50 min ton alüminium istehsal edəcək
elektroliz korpuslarının, gil-torpaq qəbulu anbarının inşası
davam etdirilir.
Bu, təkcə Gəncə yox,
ümumən respublikamız üçün
çox əlamətdar bir
hadisədir. 2012-2016-cı illərdə illik
istehsal gücü 850
min tonluq yeni "DRI" zavodunun və
istehsal gücü 750
min ton olan
polad və pelet
zavodlarının tikintisinə 630 milyon dollar həcmində investisiya
yönəldilməsi nəzərdə tutulmuşdur. Həmin layihələrin həyata
keçirilməsi isə beş mindən
çox yeni iş yeri deməkdir.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrasının üçüncü
ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyev demişdir
ki, Gəncədə alüminiumyönümlü
texnopark yaradılmalıdır. Bu, Gəncə şəhəri üçün çox böyük
kömək və etimaddır.
Şəhərin
digər müəssisələrində də ardıcıl
surətdə quruculuq işləri görülür. Cari ildə
istifadəyə verilən "İnter-Pak"
MMC-də 0,6 min ton
meyvə şirəsi və 0,4 min ton mürəbbə istehsalı üçün hər şərait
yaradılıb. "Gəncə-Qənnadı" ASC-nin süd emalı zavodunda müasir
avadanlıqların quraşdırılması və
sazlanması işləri davam etdirilir. "Gəncə Şərab-2"
ASC-də ilin sonuna kimi spirt sexində təkrar
emal sahəsi istifadəyə veriləcəkdir.
"Gəncə
Əlvan Metal Emalı" ASC-də istehsal gücü iki min ton
olan horizontal basqı
gücünə malik qurğu
qurulur. Burada alüminium və mis
prokatını boru və çubuq
vəziyyətində istənilən ölçü
və formada istehsal
etmək mümkün olacaqdır.
"Neon" firmasında inşa
edilən çörək zavodunda 750 min manatlıq tikinti
işləri görülüb, 360,7 min manatlıq avadanlıq gətirilərək
quraşdırılıb. Yeni müəssisənin
noyabr ayının sonuna
kimi istifadəyə verilməsi gözlənilir.
İqtisadiyyatda olan uğurlar əsaslı
tikinti, quraşdırma və
abadlaşdırma işlərinə
güclü təkan verir.
İlin əvvəlindən bəri şəhər
üzrə inşaat kompleksində 84,1 milyon manatdan çox investisiyadan istifadə
edilmişdir. Həmin vəsaitin 95,7 faizi və ya 80,5 milyon manatı bilavasitə
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Prezident İlham Əliyevin
xeyir-duası ilə təməli qoyulmuş
Heydər Əliyev Mərkəzinin, Azərbaycanın dahi şairi və mütəfəkkiri
Nizami Gəncəvi muzeyinin
və Gəncə Dövlət Filarmoniyasının və onlarca digər obyektin
inşası davam etdirilir.
Şəhər
başdan-başa tikinti
meydanına bənzəyir. Atatürk prospektindəki 264 və 266 ünvanlarında hərəsi
50 mənzilli beşmərtəbəli binaların
inşasına başlanılmış, qəzalı vəziyyətdə
olan yaşayış evləri sökülərək
sakinlər üçün müasir memarlıq üslubunda
geniş və yaraşıqlı mənzillərin
təməli qoyulmuşdur.
Gəncə
üçün son
illərin ən önəmli işlərindən biri də budur ki, Prezident İlham
Əliyevin qayğısı və köməyi sayəsində
Cavad xan, Məhsəti,
Natəvan, Sadıllı və Şıxzamanlı
yaşayış məntəqələrinə qəsəbə
statusu verilmişdir.
Yeni yaradılmış qəsəbələri
şəhərdaxili yollarla birləşdirən və
ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının
tikintisi üçün dövlət
başçısının 2012-ci il 5 iyun tarixli sərəncamı
ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə
üç milyon manat vəsait ayrılmışdır. İndi
bu sahədə qızğın işlər
görülür. Yolların çəkilişi ilə
yanaşı, işıq, qaz, su və rabitə sistemləri
sahmana salınır.
Yeni qəsəbələrin mərkəzləri
müəyyənləşdirilib. Həmin yaşayış
bölgələrində hərəsi 640 şagird yerlik
üç məktəbin, 140 yerlik beş və 280 yerlik iki məktəbəqədər
tədris müəssisəsinin tikintisi nəzərdə
tutulmuşdur.
Səfalı Hacıkənd qəsəbəsi
illər boyu nəzər-diqqətdən kənarda
qalmışdı. İndi Gəncə Şəhər
İcra Hakimiyyətinin təşəbbüsü ilə
Hacıkənddə genişmiqyaslı abadlıq-quruculuq
işləri görülür. Beş küçə
başdan-başa sahmana salınır. Yollar genişləndirilir,
istinad divarları hörülür, qaz çəkilir. Qəsəbədaxili
işıqlandırma sistemi quraşdırılır, 50 bina əsaslı
təmir olunur.
Binalarda fasadların və dam
örtüklərinin təzələnməsi Gəncə əhalisini
ən çox düşündürən məsələlərdən
biridir. Təkcə cari ilin doqquz ayı ərzində 25 min 300
kvadratmetrdən çox dam örtükləri təmir
olunmuş, fasadlar təzələnmiş, məhəllə və
kvartallarda genişmiqyaslı abadlıq işləri
aparılmışdır.
Gəncənin girəcəyində
beş hektara yaxın ərazidə üçmərtəbəli
avtovağzal kompleksinin inşası davam etdirilir. Burada sərnişinlərin
rahatlığı üçün ana və uşaq, tibbi
xidmət, ibadət otaqları, iaşə və ticarət
obyektləri yaradılır. Eyni zamanda avtovağzalda dördmərtəbəli
mehmanxananın və ticarət mərkəzinin inşası nəzərdə
tutulur.
Şəhərdə
aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin
əsas istiqamətlərindən biri də
şəhərdaxili yolların genişləndirilməsi, təmiri
və yenidənqurulması ilə bağlıdır.
Ş.İ.Xətai prospekti
ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsindən
"İzzət" yanacaqdoldurma məntəqəsinə
kimi 3 kilometrə yaxın məsafədə
avtomobil yolu, habelə
H.Əliyev prospekti ilə V.Xuluflu
küçəsinin Ş.İ.Xətai prospektinə kimi olan 6,5 kilometr
uzunluğunda yolun
yenidənqurulması işləri başa
çatdırılmışdır.
Şəhərdə
nəqliyyat problemi də uğurla
həll olunur. Sərnişinlərin
mənzil başına rahat
çatdırılması üçün
Cənubi Koreya istehsalı olan
"Hunday" markalı 39 avtobus gətirilərək müxtəlif marşrut xətlərinə buraxılmışdır.
İlin sonuna kimi onların sayının xeyli
artırılması gözlənilir.
Dəmir yolunda və hava
limanında sərnişin və yük
daşımalarının miqdarı çoxalmış, əhaliyə
xidmətin səviyyəsi xeyli yüksəlmişdir.
Hazırda Gəncədən
Bakıya, İstanbula, Moskvaya, Sankt-Peterburqa,
Tümenə və Naxçıvana uçuşlar
müntəzəm surətdə yerinə yetirilir.
Rabitə xidmətinin
yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Şəhərdə hər 100
ailəyə düşən stasionar telefon aparatlarının sayı 92,8 ədədə
çatmışdır ki, bu da respublika
göstəricisindən 38 faiz çoxdur.
Abadlıq və
quruculuq işləri ilə əlaqədar
olaraq Nizami prospekti, Ə.Əliyev, İ.Məmmədov,
İ.Qayıbov, M.Bağırov küçələrində
və digər yerlərdə 25 kilometrdən çox
hava rabitə xətləri yeraltı kabel qurğuları ilə əvəz edilmişdir.
Hazırda Gəncədə
90 internet-klub, 6 internet
xidməti provayderi fəaliyyət göstərir.
9 ay ərzində istifadəçilərin
sayı 17 min nəfər olmuşdur.
Şəhər
üzrə görülən genişmiqyaslı işlərin
nəticəsində cari ilin
doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
gəlirləri 27,4 faiz artaraq
981,9 milyon manata
çatmışdır. Hər bir nəfərə
düşən pul gəliri isə 3 mini ötüb keçmişdir.
Toplantıda qeyd olundu ki,
aztəminatlı və müxtəlif problemləri olan ailələrin yaşayış səviyyəsinin
əhəmiyyətli dərəcədə
yaxşılaşması üçün
sistemli surətdə tədbirlər görülür. Yeni Gəncə
yaşayış sahəsində şəhid ailələri və
Qarabağ əlilləri üçün
doqquzmərtəbəli 81 mənzilli yaşayış
binası tikilir.
Vətənimizin
azadlığı, ərazi bütövlüyü
və müstəqilliyi uğrunda şəhidlik
zirvəsinə ucalan 49 naməlum əsgərin
və 367 şəhidin uyuduğu məzarlar
vahid formada qara mərmərdən düzəldilib. Başda isə xatirə parkı
salınıb. "Şəhidlər" Memorial
Kompleksi monumental abidə
ucaldılır.
İdmançıların
uğurları da fərəh doğurur. Bu ilin doqquz ayı ərzində
Gəncə idmançıları respublika,
Avropa və dünya
miqyaslı beynəlxalq yarışlarda iştirak
edərək 219, o cümlədən 105
qızıl, 46 gümüş, 68 bürünc medal
qazanmışlar.
Sərbəst
güləş üzrə beynəlxalq usta,
gənclər və böyüklər arasında Avropa çempionu Toğrul Əsgərov London
Yay Olimpiya
Oyunlarında Azərbaycanın idman şərəfini
layiqincə təmsil edərək olimpiya çempionu adına layiq görülmüş və qızıl medal almışdır.
Vətəndaşların
əmək məşğulluğu və əhalinin sosial müdafiəsi sahəsində səmərəli
tədbirlərin həyata keçirilməsi ilə
yanaşı, kommunal xidmət və sosial infrastruktur təminatının
həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində
də əməli tədbirlər həyata keçirilir.
Energetiklər əhalinin
keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin
olunması məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində sistemli
işlər görürlər.
Qaz təminatında çalışan işçilər
isə qış mövsümünə hazırlıqla əlaqədar
Heydər Əliyev, Atatürk, Nizami prospektlərində, Şeyxzamanov,
Z.Hacıyev, M.Abbaszadə, Q.Hüseynli, Əziz
Əliyev və başqa yerlərdə
ümumən 123 min metr
sahədə aşağı təzyiqli qaz
dəmir boruları polietilen boru kəmərləri
ilə əvəz etmişlər.
Toplantıda gənc
nəslin təlim-tərbiyəsi məsələsinə də
geniş toxunuldu. Qeyd olundu ki,
dövlətin qayğısı və diqqəti sayəsində
tədrisin texniki bazası gündən-günə
möhkəmlənir. Bu yaxınlarda beş məktəb müasir
tələblərə tam cavab
verən yaraşıqlı binalara köçürülmüşdür. İlin sonuna kimi isə daha bir neçə məktəb və uşaq bağçası binası istifadəyə
veriləcək.
Dövlətin tükənməz
qayğısına cavab olaraq
yerlərdə tədrisin keyfiyyəti getdikcə yüksəlir.
Ali məktəblərə qəbul
olunanların sayının ilbəil artması da
bunu sübut edir. Prezidentin sərəncamı ilə tədris ilinin
yekunlarına görə şəhərin iki
məktəbi - 21 və 44 nömrəli məktəblər
"Ən yaxşı ümumtəhsil müəssisəsi"
adına layiq görülmüş,
M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mehriban
Quliyeva isə "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
Müəllim
günü münasibətilə Prezidentin 1 oktyabr 2012-ci il tarixli sərəncamına
əsasən 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yeganə Səfərovaya "Əməkdar
müəllim" fəxri adı verilmiş
və 39 nömrəli məktəbin riyaziyyat
müəllimi Nabat Qasımova "Tərəqqi" medalı ilə təltif
olunmuşdur.
Bundan əlavə, Təhsil Nazirliyinin sərəncamı
ilə Gəncə Şəhər Təhsil İdarəsinin
məsləhətçisi Məhəmməd Hacıyev, 44
nömrəli bağça-məktəb-lisey kompleksinin
direktoru Knyaz Süleymanov və 21 nömrəli tam orta məktəbin direktoru Vidadi Quliyev, habelə 4 nömrəli tam orta məktəbin müəllimi Mehriban Quliyeva
"Qabaqcıl təhsil işçisi"
döş nişanına layiq
görülmüşlər.
Toplantıda bu cür qabaqcıl təhsil
ocaqlarının və səriştəli pedaqoji
işçilərin təcrübəsinin geniş
yayılması tövsiyə edildi.
Son vaxtlarda şəhərdə
tarixi abidələrin müəyyən
edilməsinə və onların qayğı ilə mühafizə
olunmasına xüsusi diqqət yetirilir. Dövlət
başçısının tapşırığı ilə
İmamzadə kompleksi yenidən qurulur, Səbzkar məzarlığı sahmana salınır, "Şah
Abbas" və "Uğurlu
xan" karvansaraları əsaslı təmir
olunur. Gəncə-Bakı magistral
yolunun hər iki tərəfində
inşa edilən "Qala"
kompleksində tikinti-quruculuq işləri
sürətlə davam edir.
Fikrət Əmirovun
adını daşıyan parkda, Gəncəçay
sahilindəki Nizami guşəsində,
Hacı Zeynalabdin Tağıyev parkında
aparılan bərpa işləri başa çatmaq üzrədir. C.Cabbarlı, A.Səhhət,
M.Hadi, İstiqlal
parkları yenidən qurulur, Əziz Əliyev
və Məhsəti Gəncəvi adına yeni
parklar salınır.
Toplantıda görülən işlər
qeyd olunmaqla yanaşı, qarşıda duran vəzifələrdən
geniş söhbət açılmış və onların
icrası üçün konkret yollar göstərilmişdir.
Söhbət Gəncənin adına layiq çox möhtəşəm
işlərdən gedir. Beynəlxalq Nizami Mərkəzinin,
filarmoniyanın, Gənclər sarayının, Heydər Əliyev
Mərkəzinin, Kamera orkestri, Kukla Teatrı, Mərkəzi
kitabxana, 10-a qədər orta məktəb, uşaq
bağçası və məktəbəqədər müəssisə
üçün binaların, 200 yerlik yeraltı qarajın, Məhsəti
muzeyinin, onlarca mini idman meydançasının, Gəncəçayın
ətrafında Sahil parkının və digər obyektlərin
inşası ilə qədim Gəncə ən müasir
yaşayış məskəninə çevriləcəkdir.
Əhməd
İSAYEV
Azərbaycan.-2012.-
17 oktyabr.- S.8.