Elmi konfrans keçirilmişdir

 

 Azərbaycan romantizminin görkəmli nümayəndələrindən biri, mənzum dramaturgiyamızın banisi, dahi şair Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar AMEA Naxçıvan bölməsində elmi konfrans keçirilib.

Bu barədə bölmənin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan MR Yazıçılar Birliyi ilə birgə təşkil olunan elmi konfransı giriş sözü ilə açan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan görkəmli şairdramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, ədibin əsrarəngiz poetik irsinin bütün dövrlər üçün aktuallıq kəsb etməsindən, Azərbaycanda romantik lirikanın zənginləşməsi və inkişafında oynadığı əvəzsiz rolundan geniş danışıb. Akademik görkəmli şairin istintaq olunması və uzaq Sibirə sürgün edilməsindən, repressiya illərinin acı faciələrindən, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə ədibin nəşinin Vətənə gətirilməsindən, Cavid məzarı üzərində möhtəşəm məqbərənin ucaldılmasından, habelə yubileylərinin yüksək səviyyədə qeyd edilməsində və şairin təkrarolunmaz ədəbi irsinin öyrənilib təbliğ olunmasında göstərdiyi böyük xidmətlərindən söz açmışdır.

Tədbirdə ədibin həyatı, taleyi və yaradıcılığı ilə bağlı 2008-ci ildə AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin tərtib etdiyi "Hüseyn Cavid: taleyi və sənəti (məqalələr)" kitabının nəşr olduğu və ədibin yaradıcılığı ilə bağlı əməkdaşlar tərəfindən elmi-tədqiqat işlərinin aparıldığı bildirilib. Vurğulanmışdır ki, bu il görkəmli şairdramaturq Hüseyn Cavidlə bağlı ensiklopediyanın nəşri də nəzərdə tutulub. Yeni nəşrin hazırlanması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq sərəncamı ilə Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi çərçivəsində həyata keçirilir.

Qeyd olunmuşdur ki, ensiklopediyanın hazırlanması işinə ədəbiyyatşünaslarla yanaşı, sənətşünas və teatrşünaslar da cəlb olunub ki, burada Hüseyn Cavid fəaliyyəti, irsi, ailəsi, müasirləri, əsərləri, əsərlərinə hazırlanan tamaşalar, tamaşaları ifa edən aktyorlar, arxiv materialları və sənədlər öz əksini tapacaq.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin "Hüseyn Cavidin sənətkarlıq xüsusiyyətləri", AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımlının "Hüseyn Cavidin həyat və yaradıcılığı", Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigarın "Heydər Əliyev və Hüseyn Cavid", Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, xalq artisti Kamran Quliyevin "Hüseyn Cavidin əsərləri Naxçıvan teatrının səhnəsində", İncəsənət, Dil və Ədəbiyyat  İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Hüseyn Cavidin dili haqqında" mövzusunda məruzələri dinlənilib.

 

 

 Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.9.