«Salyanın arxeologiyası və mədəni irsi» mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

 

 Salyanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə "Salyanın arxeologiyası və mədəni irsi" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Salyanın 2800 illiyinə həsr olunan konfransda rayonun tarixi ilə bağlı maraqlı müzakirələr aparılmışdır.

Beynəlxalq tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov Salyanın tarixinə qısa nəzər salmış, rayonun ərazisindəki ilk yaşayış məskənlərinin eramızdan əvvəllərə təsadüf etdiyini bildirmişdir.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademiyanın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova Salyan nekropolunun və digər tədqiqatların qədim Muğan mədəniyyətinin və bütövlükdə Azərbaycan tarixinin öyrənilməsində əhəmiyyətindən danışmışlar.

Salyan arxeoloji ekspedisiyasının rəhbəri Arif Məmmədov bildirmişdir ki, rayon ərazisində makedoniyalı İsgəndər, daha sonra isə Parfiya, Səlcuq, Atabəylər, Şirvanşahlar, Ağqoyunlu hökmdarlarının adına kəsilən pulların aşkarlanması da bu ərazinin qədim yaşayış məskəni olduğunu təsdiq edir.

Fransalı arxeoloq Bertil Leonet və digər xarici ölkə alimləri də arxeoloji qazıntı işlərini müqayisəli təhlil etmişlər.

 

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.9.