Yeniliklər
könül açır
Masallı şəhərinin girəcəyində
o qədər də böyük
olmayan yolayrıcı var.
Bura Seybətin
dairəsidir. Şəhərin baş
küçəsi olan Heydər Əliyev prospekti buradan
başlayır. "İstisu"
sanatoriyasına, "Viləş", "Daşvənd"
hotellərinə, habelə rayonun Qəriblər
kəndi ərazilərində yerləşən digər
istirahət və turizm mərkəzlərinə
gedən yol da elə bu prospektdən keçir.
Prospektin başlanğıcından şəhərin
fonunda meşə örtüklü
silsilə dağlar görünür.
Vüqar, əzəmət rəmzi olan bu dağlar
Masallıya xüsusi əzəmət verir.
Masallı özünün qədim tarixi,
folkloru, adət-ənənəsi ilə
sayılıb-seçilən bölgələrimizdəndir. Təsadüfi
deyil ki, rayon 2012-ci ilin "Folklor paytaxtı" elan olunub və bu münasibətlə
burada silsilə tədbir keçirilir.
Respublikamızın ictimai-siyasi, iqtisadi həyatında da
Masallının həmişə xüsusi
payı olub.
Əhalisi 210 min nəfər olan
Masallı insanların ən sıx yaşadığı rayonlar sırasındadır. Rayonda
1 şəhər, 3 qəsəbə və 106 kənd var. İqtisadiyyatının əsasını
əkinçilik və heyvandarlıq təşkil edir. Bunlarla yanaşı, mebel sənayesi və digər sahələr də
inkişaf etdirilir.
"Embawood" fabrikinin
istehsalı olan mebellər nəinki
respublikamızda, xarici ölkələrdə
də alıcılar tərəfindən həvəslə
alınır.
Hazırda rayonda genişmiqyaslı tikinti-quruculuq,
abadlıq işləri aparılır. Həyata keçirilən
tədbirlər nəticəsində rayon
mərkəzinin görkəmi gündən-günə dəyişir.
İndi burada hər gün bir yenilik
baş verir.
Masallı şəhəri, demək olar ki, başdan-başa yenidən
qurulur. Ən başlıcası, layihə
əsasında kanalizasiya sistemi
çəkilir. Müasir şəhəri
isə bunsuz təsəvvür etmək
çətindir. Eyni zamanda,
rayonun bütün qəsəbə
və kəndləri qazlaşdırılır. Qazçəkənlər
gərgin iş qrafiki
ilə yorulmaq bilmədən
çalışırlar. Sözün əsl
mənasında Masallı bu gün tikinti
meydançasını xatırladır. Təkcə son vaxtlar şəhərin
mərkəzində yerləşən mədəniyyət evi əsaslı şəkildə yenidən qurulmuş, Gənclər Mərkəzi tikilib istifadəyə verilmişdir.
Tikilən, qurulan nə varsa,
gələcək nəsillərə yadigar
qalır. Bu baxımdan Masallıda da çox işlər görülür. Götürək şəhərin
əyri-köndələn küçələrini.
Onların bir çoxu
fərdi həyət evlərinin hasarının dibindən keçdiyi üçün
küçələr darısqal idi. Döngələri çox olan belə darısqal küçələr
xüsusən sürücülərə çətinlik
yaradırdı. Odur ki,
həmin küçələr təmir edilməzdən qabaq rayon icra
hakimiyyətinin başçısı Rafil
Hüseynov fərdi evlərin sahibləri
ilə görüşərək onlardan
həyətyanı sahələrinin hasarlarını
müəyyən qədər geri çəkməyi
xahiş etmişdir. Camaat da RİH
başçısının sözünü
yerə salmamışdır. İndi həmin
küçələr xeyli geniş və abaddır. Üstəlik, təzədən
hörülən hasarlar daş
laylarla üzlənib. Onu
da qeyd edək ki, küçələrin
abadlaşdırılması zamanı kommunikasiya
xətlərinin çəkilişi yaddan
çıxmır. Bu məsələ
şəhərsalmada, tikinti, quruculuq, abadlıq işlərinin
aparılmasında mühüm əhəmiyyətə
malikdir. Belə olduqda
asfaltlanmış küçələrin təkrar
qazılmasına ehtiyac qalmır. Bu isə vəsaitə və vaxta
qənaət, təsərrüfatçılıq prinsiplərinə
əməl etmək deməkdir.
Əksər
rayonlarda Heydər Əliyev mərkəzləri
fəaliyyət göstərir. Ümummilli
liderin adını daşıyan bu mərkəzlər gənclərin intellektual səviyyələrinin yüksəlməsində,
onların vətənpərvərlik ruhunda
tərbiyə olunmasında, habelə asudə
vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Mərkəzlərdə müxtəlif dərnəklər də
fəaliyyət göstərir. Masallıda da
Heydər Əliyev Mərkəzi yenidən qurulur.
Bundan əlavə, Böyük
Vətən müharibəsində, 20 Yanvar
hadisələrində, Qarabağ
savaşı, Xocalı faciəsi zamanı həlak
olanların xatirəsi Masallıda da əziz
tutulur. Onların xatirəsinə hörmət
əlaməti olaraq xatirə abidə kompleksi ucaldılır və ətrafında park salınır.
Masallı
qonaqlı-qaralı yerdir. Bu
səbəbdən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə qarşı tələbkarlıq
daha çoxdur.
Alınan yeni texnikaların köməyi və
kollektivin səyi ilə sahədə
müsbət irəliləyiş hiss edilir. Masallı şəhərindəki
çoxmənzilli binaların istilik
sistemlərinin bərpası, məktəblərin, uşaq bağçalarının tikilməsi,
kənd yollarının abadlaşdırılması,
sıradan çıxmış körpülərin yeniləri
ilə əvəzlənməsi, elektrik
dirəklərinin dəyişdirilməsi, su
və təbii qaz təchizatı ilə
bağlı ardıcıl işlər aparılır. Ərkivan
rayonun ən iri
yaşayış qəsəbəsidir. Buradakı
Göllü, Həsənəküçə,
Bağlaküçə, Pələnküştə və
Abaslı məhəllələrinə asfalt
döşənmiş, uşaq
bağçasının su təminatını
yaxşılaşdırmaq üçün
artezian quyusu
qazılmış, istirahət guşələri
yaradılmış, səkilər çəkilmiş, ağac və gül
kolları əkilmişdir. Təqdirəlayiq haldır ki, sakinlərin yaxından köməyi ilə
qəsəbədəki stadion, eləcə
də su xətləri təmir edilmiş, küçələrə məişət
tullantıları üçün dəmirdən
düzəldilmiş 450 qutu qoyulmuşdur.
Boradigah qəsəbəsində də son vaxtlar xeyli
iş görülmüşdür.
Bir çox küçələrə
çınqıl və asfalt döşənmiş,
İkinci dünya
müharibəsi və Qarabağ
savaşı zamanı həlak olanların xatirəsinə
ucaldılan abidə əsaslı təmir edilmiş,
həmin ərazilərdə istirahət guşələri tikilmiş, qəsəbədaxili küçələrdə
suötürücü kanallar
təmizlənmişdir. Həmçinin qış
aylarında elektrik enerjisi
verilməsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi
ilə 30-dan artıq dirək dəyişdirilmişdir.
Hazırda qəsəbədə yeni
qapalı idman zalı tikilir.
Kubin kəndində isə orta
məktəb binası inşa olunur. Sığdaş kəndində istirahət
mərkəzi tikilməklə bərabər, kəndarası yollara çınqıl döşənir, suötürücü kanallar
təmizlənir, Xanalın kəndində isə elektron ATS quraşdırılır.
Bəli, bu gün Masallının
hər yerində qızğın iş gedir. Bütün bunlar isə deməyə əsas verir ki, Masallının
sabahı daha abad olacaq.
Seyran CAVADOV
Azərbaycan.-2012.- 17 oktyabr.- S.10.