Tikinti işlərinin miqyası genişlənir

 

 İndi rayonların əksəriyyətində bu mənzərəyə rast gəlmək olar: bir yanda tikinti işləri gedir, bir yanda yol düzəldilir, başqa tərəfdən isə içməli su xəttinin çəkilişinə və ya dəyişdirilməsinə, kanalizasiya şəbəkəsinin qurulmasına başlanılıb. Bir sözlə, dövlətin yüksək qayğısı sayəsində bölgələrin abadlığı, daha müasir görkəm alması, insanların daha rahat, firavan yaşaması üçün bütün gərəkli tədbirlər həyata keçirilir.

Qədim çinarlar yurdu Göyçayda da belədir. Rayonda tikinti işlərinə, sosial-iqtisadi sahələrin inkişafına xüsusi diqqət yetirilir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, bu ilin yarısına qədər tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki illə müqayisədə 42,5 faiz artaraq 15,6 milyon manat olub. Bunun da 85,4 faizi istehsal təyinatlı obyektlərin inşasında istifadə edilib. Həmin müddət ərzində tikinti təşkilatları tərəfindən 4,2 milyon manatlıq inşaat işləri görülüb ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 86,7 faiz çoxdur.

Hazırda Yuxarı Şirvan kanalının rayonun Bığır kəndi ərazisindən keçən hissəsində 3 meqavat gücündə su-elektrik stansiyası tikilir. Burada beton suötürücülərin inşası, istehsal olunan enerjinin ötürülməsi üçün transformator yarımstansiyasının tikintisi başa çatdırılıb. Turbinlər quraşdırılır və stansiyadan Bığır yarımstansiyasına qədər elektrik xəttinin çəkiliş işləri gedir.

Rayonun Yalman kəndində isə üzüm qəbulu müəssisəsi və sutkada 8 ton spirt istehsal edən qurğu kompleksinin tikintisi davam edir. Ümumi smeta dəyəri 3,1 milyon manat olan bu obyektin tikintisi üçün vəsaitin 1,1 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu, 2 milyon manatı isə "Göyçay-Konyak" ASC tərəfindən ayrılıb.

2012-ci ilin fevral ayından Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsinə başlanılıb. Tikinti işləri Türkiyənin bu sahə üzrə ixtisaslaşmış "Atinak" şirkəti tərəfindən aparılır. İndiyə qədər şəhərin şimal hissəsində ümumi tutumu 2000 ton olan iki su anbarı inşa edilib. M.Ə.Rəsulzadə küçəsindən keçməklə anbardan suötürücü boruların quraşdırılması işləri başa çatdırılıb. Kanalizasiya xətlərinin çəkilişi, həmçinin bu xətlər üzərində evlərə bağlantılar üçün quraşdırma işləri də görülür. Su şəbəkəsi üzrə müxtəlif diametrli 40 ədəd siyirtmə quraşdırılıb. Layihənin icrasına Türkiyədən gəlmiş mühəndis-texniklərlə birgə 120-yə yaxın rayon sakini də cəlb edilib. Gələcəkdə şəhər əhalisinin içməli su təminatının daha da yaxşılaşdırılması məqsədi ilə "Azərsu" ASC tərəfindən rayon mərkəzindən 14 kilometr şimalda Göyçay çayının yatağında drenaj şəbəkəsinin qurulması üçün mühəndis-axtarış işləri aparılır.

Hələlik isə istər şəhər, istərsə də su mənbəyi olmayan kəndlərin içməli su ilə təminatında narahatlıqlar çoxdur. Kəskin iqlim dəyişkənliyi ilə əlaqədar Göyçay çayında suyun həddindən artıq çirklənməsi, primitiv sudurulducu anbarların tez-tez yuyulması şəhərin içməli su təminatında çətinliklərə səbəb olur. Vəziyyətdən çıxış yolu kimi Potu kəndi ərazisindəki su mənbəyindən şəhərin içməli su şəbəkəsinə su vurulur, su ilə təmin olunmayan yaşayış məntəqələrinə isə nəqliyyat vasitələri ilə su daşınır.

Rayonda olarkən öyrəndik ki, içməli su mənbəyi olmayan kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması işlərinin gedişi çox zəifdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ilə qədər içməli su mənbəyi olmayan bütün kəndlərdə sutəmizləyici qurğuların istifadəyə verilməsi nəzərdə tutulduğu halda yalnız 2 kənddə əhali bu qurğuların xidmətindən istifadə edir. Bu vacib məsələyə daha diqqətlə yanaşılmalı, işlərin sürətləndirilməsi üçün müvafiq tədbirlər görülməlidir.

Rayonda kəndarası yolların qaydaya salınması istiqamətində də işlər davam edir. İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Çayarxı, Çaxırlı və Yekəxana kəndlərində ümumi uzunluğu 15,3 kilometr olan kəndarası yollar təmir edilərək çınqıl döşənib, 6 yerdə su keçidləri bərpa olunub, yeni su keçidləri tikilib. 13 nömrəli Yol İstismar İdarəsi tərəfindən Hacalıkənd-Qaraman-Ləkçılpaq kəndlərarası avtomobil yolunun bir hissəsinə yeni asfalt salınıb.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Göyçayla bağlı nəzərdə tutulmuş tədbirlərin icrası rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Bütün görülən işlər isə insanların rifah halının yaxşılaşmasına, daha gözəl gün-güzəran qurmalarına təsirsiz ötüşmür. Qeyd etmək yerinə düşər ki, 2003-2012-ci illərdə Göyçayda 7510-u daimi olmaqla 8922 yeni iş yeri açılıb. Bu isə insanların maddi vəziyyətini, həyat səviyyəsini yaxşılaşdırmaqla yanaşı, onların yurda, torpağa bağlılığına da müsbət təsir edir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.10.