Azərbaycan ilə İran arasında mədəniyyət və mədəni irs sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır

 

 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında iştirak etmək üçün ölkəmizə gəlmiş İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə mədəniyyət və mədəni irs sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Seyid Məhəmməd Hüseyni İran dövlətinin Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduğunu, xalqlarımızın  tarixi-mədəni yaxınlığının iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını qeyd etmişdir.

Söhbət əsnasında hər iki ölkədə keçirilmiş qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti vurğulanmış, mədəni irs sahəsində birgə layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürülmüşdür. 2013-cü ildə İranda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə İran mədəniyyəti günlərinin, həmçinin ölkəmizdə İran mədəniyyəti həftəsinin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Sonda nazir Seyid Məhəmməd Hüseyni həmkarı Əbülfəs Qarayevə görüşə görə təşəkkürünü bildirmiş və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu bildirmişdir.

 

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.