Ənənəvi Bakı Beynəlxalq Caz Festivalı açılmışdır

 

 Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə "Bakı Beynəlxalq Caz Festivalı-2012"-nin açılış mərasimi keçirilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın rəsmi açılış mərasimində  çıxış edərək  Azərbaycanda mədəniyyət və incəsənətin bütün sahələrinə, o cümlədən caz sənətinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirmişdir. Vurğulanmışdır ki, son illər neçə-neçə caz ifaçılarına fəxri adlar verilmişdir. Caz mədəniyyətimizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Azərbaycan cazmenləri beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edirlər.

Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində dünyanın tanınmış caz ifaçıları paytaxtımızın bir çox mədəniyyət ocaqlarında geniş konsert proqramları ilə çıxış edəcəklər.

Nəzərə çatdırılmışdır ki, son illər Azərbaycanda caz musiqisinin təbliği, inkişafı baxımından çox işlər görülmüşdür. Dünyanın ən tanınmış cazmenləri Bakıda konsert proqramları ilə çıxış etmişlər. Bu gün də paytaxtımız ənənəsinə sadiq qalaraq belə möhtəşəm bir tədbirə ev sahibliyi edir.

Festivalın davam edəcəyi 10 gün ərzində Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış edəcəklər.

Festivala "Mədəniyyət" kanalı, 106 FM, day.az saytı və "Jazz dünyası" jurnalı informasiya dəstəyi verirlər.

Festivalın ilk günündə gitara ifaçısı, "Qremmi" (GRAMMY) mükafatı laureatı Mayk Stern (ABŞ) cazsevərlərin qarşısına çıxmışdır. İfasında rokklassik musiqini məharətlə birləşdirən sənətkarın çıxışı alqışlarla qarşılanmışdır.

Nadir texnikaya malik musiqiçi 1993-cü ildə işıq üzü görən "Standards" albomundan sonra "Guitar Player" jurnalının rəyinə görə, dünyanın ən yaxşı gitaraçısı adını almışdır. Mayk Stern dünyanın ən məşhur musiqiçiləri ilə işləmişdir. 1994-cü ildən "Band" kvarteti ilə qastrollara çıxır. Onların musiqi üslubu ritm-blyuz və caz ritmlərinin qovşağı üzərində qurulur. Qrupun 10 albomu işıq üzü görmüşdür.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.