Tanınmış pedaqoq Surxay Qurbanovun 100 illik yubileyi qeyd edilmişdir

 

  Oktyabrın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar müəllim, İkinci Dünya müharibəsinin iştirakçısı, tanınmış pedaqoqhüquqşünas Surxay Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə yazıçı-publisist Mustafa Çəmənli, akademik Ədilə Namazova və digərləri çıxış edərək Surxay Qurbanovun keçdiyi mənalı və zəngin ömür yolundan, elmi-pedaqoji fəaliyyəti və yüksək insani keyfiyyətlərindən söhbət açmışlar.

Bildirilmişdir ki, Ağdamın Seyidli kəndində anadan olmuş S.Qurbanov burada 3 nömrəli orta məktəbi bitirmişdir. O, müəllimlik kursunu bitirərək pedaqoji fəaliyyətə başlamışdır. Müxtəlif illərdə Ağcabədi və Ağdamın müxtəlif kəndlərində müəllim kimi çalışan Surxay Qurbanov Azərbaycanın "Əməkdar müəllimi", "Qabaqcıl maarif xadimi" fəxri adlarına layiq görülmüşdür.

Qeyd olunmuşdur ki, S.Qurbanov Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, şərəfli döyüş yolu keçmişdir. O, "Qırmızı ulduz", "Birinci dərəcəli Vətən müharibəsi" ordenləri, "İgidliyə görə" və digər medallarla təltif edilmişdir.

Surxay Qurbanov müharibədən qayıtdıqdan sonra Ümumittifaq Hüquq İnstitutunu bitirmiş, müxtəlif illərdə hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. 1954-cü ildən ömrünün sonunadək Ağdam şəhərindəki 3 nömrəli orta məktəbdə direktor işləmişdir.

Mərasimdə tanınmış pedaqoqun doğulduğu Ağdam şəhəri haqqında və S.Qurbanovun müəllimlik fəaliyyətini əks etdirən videogörüntülər nümayiş etdirilmişdir.

Tədbir çərçivəsində, həmçinin yazıçı Mustafa Çəmənlinin Surxay Qurbanovun xatirəsinə həsr etdiyi "Yaddaşlarda yaşamaq haqqı" kitabının təqdimatı olmuşdur.

Yubiley gecəsi respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.