Belarusda Azərbaycan mədəniyyəti günləri

 

 Dünyanın və Avropanın bir sıra inkişaf etmiş ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi son on ildə daha geniş vüsət alıb. Oktyabr ayının 8-dən 10-dək dost Belarus Respublikasında keçirilən Azərbaycan mədəniyyəti günləri də bu qəbildəndir.

Belarus Milli Böyük Teatrının foyesində  keçirilən "Azərbaycan ənənələrin və müasirliyin qovuşuğunda"  adlı turizm sərgisində Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu, Fərid Xayrulin kimi tanınmış fotoqrafların əsərləri nümayiş etdirilib. Tarixi abidələri, Bakının görkəmli yerlərini və ölkəmizin müasir quruculuğunu özündə əks etdirən əsərlərlə yanaşı, sərgidə Azərbaycanın turizm potensialını təcəssüm  etdirən reklam-çap  məhsulları da qonaqların marağına səbəb olub.

Mədəniyyət nazirinin müavini Nazim Səmədov  sərginin açılışında  Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açdı. O dedi ki, Azərbaycan mədəniyyəti günləri sonuncu dəfə burada 5 il öncə keçirilib. Belarusun mədəniyyət nazirinin müavini Vladimir Karaçevski  isə belə tədbirlərin mədəniyyətlərin qovuşmasında, humanitar problemlərin həllində, xalqlararası dostluq əlaqələrinin genişləndirilməsində vacib amil olduğunu bildirib: "...Mədəniyyət günləri bizə üç gün ərzində Azərbaycan xalqının adət-ənənələri ilə yaxından tanış olmaqkinematoqrafiya layihələrini izləmək imkanı verəcək".

O da bildirildi ki, 2013-cü ildə Azərbaycanda Belarus mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur ki, bu da hər iki  ölkənin bir-birinin tarixi, mədəniyyəti və incəsənətinin daha geniş arenada təbliği baxımından olduqca vacib məsələdir.

 

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.