Mədəniyyət və incəsənətimizin heyranlarının sayı artır

 

 Oktyabrın 4-5-də  keçirilən II  Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları respublikamızın ayrı-ayrı sahələri ilə yaxından tanışlıq imkanı əldə etmiş oldular. Forum çərçivəsində və bu beynəlxalq tədbirdən kənarda respublikamızın sosial-mədəni həyatı ilə maraqlanan və müxtəlif istiqamətlərdə bölgələrə səfər edən əcnəbi qonaqların təəssüratları zəngin olduğundan, onlar Azərbaycana, onun inkişafına, azərbaycanlıların qonaqpərvərliyinə heyranlıqlarını dönə-dönə vurğuladılar.

Belə zəngin təəssüratlı görüşlərdən biri də Mədəniyyət və İncəsənət Universitetində keçirilib. Sivilizasiyalararası mədəni əlaqələrin genişlənməsinə ciddi ehtiyacın yarandığı bu günlərdə Azərbaycan paytaxtında belə bir forumun keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını  bildirən Bolqarıstan Milli İncəsənət Akademiyasının rektoru, professor Svetoslav Kokalovla Mədəniyyət və İncəsənət Universitetində keçirilən görüşdə hər iki xalqın  mədəni əlaqələrinin tarixi köklərindən, bu günündən və  gələcəyindən söz açılıb.

Xatırladaq ki, bu görüşün keçirilməsinin əsası hələ iki il öncə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin Bolqarıstan Milli İncəsənət Akademiyası rəhbərliyinin dəvəti ilə 2010-cu ilin aprel ayında dost ölkəyə səfərində qoyulmuşdu. Hər iki ali təhsil ocağının əməkdaşlıqda maraqlı olduqları bildirilmişprofessor Svetoslav Kokalov da Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə dəvət edilmişdi.

Bolqarıstanlı qonaq bu görüşdə bir daha Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanışlıq imkanı əldə edərək,  Vətənimizin səfalı guşələrinə, əsrarəngiz təbiətinə  də heyranlığını gizlətməyib.

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 17 oktyabr.- S.11.