Müstəqilliyimiz
dönməzdir, əbədidir...
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası
müstəqilliyi haqqında Konstitusiya Aktı
qəbul edilib
Ulu öndər Heydər Əliyevin
dilindən səslənən bu fikir az keçmədi ki, kəlama, şüara,
sloqana çevrildi.
Bir xalqın, bir
millətin azadlıq uğrunda mücadiləsinin
məntiqi nəticəsi, başladığı, dirəniş
göstərdiyi, zaman-zaman büdrədiyi,
lakin heç vəchlə
yorğunluğundan usanmadığı
mübarək bir yolun
son ünvanı... Müstəqillik!
Müstəqilliyin
bir xalqa verəcəyi
nələr ola bilərdi?
Gerçək və
əyani cavab istər sosiomədəni,
istər geosiyasi, istərsə də iqtisadi müstəvidə qazandığı
müstəsna nailiyyətlərlə günümüzün
Azərbaycanıdır. Məhz müstəqillik amili Xəzərə
sığınmış, iki qitənin qovuşuğunda qərar tutmuş,
"Yönü Şərqə olsa da yolu
Qərbə" olan bir
ölkəni sivil, bəşəri dəyərlərə
sadiq dünya dövlətinə
çevirməyi bacardı.
Azərbaycan
o nadir ölkələrdəndir
ki, bir əsrdə iki dəfə dövlət müstəqilliyini
elan etməyi bacardı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal
Bəyannaməsi qəbul edərək tam
dövlət hakimiyyətinə malik Azərbaycan
Respublikasının yarandığını bəyan etdi.
Müsəlman Şərqinin ilk
cümhuriyyəti bir çox
xarici dövlətlər tərəfindən
tanındı, müstəqil dövlətin təsisatları
yarandı. Təəssüflər olsun ki, bu müstəqillik tarixinin ömrü çox çəkmədi. Bolşeviklər
tərəfindən yönəldilən RSFSR 1920-ci il aprelin 27-28-də cənub
sərhədlərində fidan kimi dirçələrək ətrafına
azadlıq nəğməsinin təranələrini yayan Azərbaycanın müstəqilliyini qanla boğdu.
Çar Rusiyasının 1806-1828-ci illərdəki
ilhaq siyasəti bu dəfə
bir başqa ampluada - kommunist ideologiyasının milli
məni inkar edən idbar
baxışlar sistemi şəklində həyata
keçirildi. Amma bu "siyasi izdivac" Azərbaycan xalqının
azadlıq ideallarını, müstəqillik
çırpıntılarını susdura
bilmədi. Zatən, ideoloji zülüm, milli-etnik dəyərlərin,
mənəvi-əxlaqi ülgülərin aşınması
üzərində qurulan bir
tifaq dağılmağa məhkum idi.
İttifaq respublikalarında getdikcə daha geniş və real konturlar alan milli-azadlıq mübarizəsi tarixin bütün inkişaf qanunauyğunluqlarının ziddinə
70 il duruş gətirmiş
çürük bir sistemi kökündən aşırdı.
Azərbaycan
Respublikasının Ali Soveti
Azərbaycan Milli Şurasının
1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə,
Azərbaycan Respublikasının demokratik
prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq,
eləcə də "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin
1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq 1991-ci il oktyabrın
18-də Azərbaycanın dövlət müstəqilliyi
haqqında Konstitusiya aktını qəbul
etdi. Qarşıda xalqımızı
müstəqillik və demokratiyaya dəvət
edən bir yol
vardı. Lakin bu yolla getməyə Azərbaycanda taqət
qalmamışdı.
Hələ
ötən əsrin 80-ci illərinin sonlarından Ə.Vəzirov,
A.Mütəllibov, nəhayət, "cəbhə hakimiyyəti"
Azərbaycanda ictimai-siyasi vəziyyəti
mürəkkəbləşdirərək kritik
həddə çatdırmışdılar. 1988-ci ildə
milli-azadlıq mübarizəsinin dalğasında
hamımız meydanlara daşındıq, qışın soyuq
gecələrində çatdığımız
tonqalların ocağını sönməyə qoymadıq, sovetin zəhmli tanklarını əzmimizlə,
qətiyyətimizlə, azadlıq eşqimizin
şövqü ilə ram
etdik. Lakin təəssüflər ki, sovet-kommunist istibdadının əlindən
dartıb aldığımız milli
istiqlaliyyətimizin şirin meyvələrindən
doyunca tamsına bilmədik. 1992-ci ilin mayında xalqın milli
azadlıq və suverenlik
çağırışlarının qanadında hakimiyyəti
qəsb etmiş AXC-Müsavat
fraksiyası olduğu kimi
göründüyünü
ortaya qoydu. Bir illik mənhus hakimiyyət Azərbaycan adlı
coğrafiyada bəşəri, əxlaqi dəyərləri,
dövlətçilik ənənələri, idarəetmə
vərdişləri, daxili və xarici siyasət adına nə varsa,
hamısının necə tənəzzül etdiyini,
süquta uğradığını ortaya qoydu.
Yanlış
kadr siyasəti, daxili
didişmələrin hobbiyə çevriləcək dərəcədə
intensivliyi, dünənki "çayxana elitası"nın bu gün mənsəb uğrunda güzəştsiz mübarizəsi,
idarəetmə təcrübəsinin olmaması,
iqtisadiyyatın aparıcı sahələrinə kadrların
peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi,
ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi
Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar
tərəfindən qəsb edilməsini səbəbləndirirdi.
Hakimiyyətə
zor və silah yolu ilə gəlmiş bir
komanda özünün
yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti
ilə 1993-cü ildə ölkəni parçalanıb məhv
olmaq təhlükəsinə məhkum etmişdi.
Azərbaycan
əldə etdiyi deklarativ
müstəqilliyi həqiqi müstəqilliyə çevirə,
bu müstəqilliyi qoruyub
inkişaf elətdirə, nəhayət, bu müstəqillik idealları üzərində
bütöv bir azərbaycançılıq
ideologiyasını ucalda biləcək bir liderə, xilaskara möhtac idi.
1987-1991-ci illərdə
Heydər Əliyevi milli dövlətçiliyimizin
taleyi çox ciddi narahat edirdi.
O, artıq öz siyasi seçimini etmiş və Azərbaycanın müstəqilliyi
uğrunda qətiyyətli mübarizəyə
başlamışdı. Onun
Naxçıvanda həyata keçirdiyi
siyasət sayəsində Azərbaycanın bu
qədim diyarında Azərbaycan Demokratik
Respublikasının dövlət atributları bərpa olunmuş, muxtar respublikanın
adından "sovet sosialist"
sözləri çıxarılmış, 20 Yanvar
hadisələrinə siyasi qiymət verilmişdi. Azərbaycanda milli dövlətçiliyin təşəkkülünün
əsas ideya və istiqamətləri barədə
ən taleyüklü fikirlərini Heydər
Əliyev 1992-ci ildə yaratdığı Yeni
Azərbaycan Partiyasının siyasi
platformasında əks etdirdi. Həmin
ağır günlərdə ölkənin girdabına
sürükləndiyi vəziyyət məhz onun
bu məsələlərə müdaxilə
etməsini tələb edirdi.
Heydər Əliyev
1993-cü il iyunun 9-da
xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixin sosial sifarişi idi. Bu dönüş
xalqın istəyi ilə hasil oldu. O böyük
şəxsiyyət gəlişi ilə Azərbaycanın
boğazında kilidlənib onu uçuruma sürüyən təhlükələri
dəf etdi, insanların
nigarançılıqla vuran qəlbinə
bir inam və
rahatlıq toxumu səpdi. Ölkənin həqiqi
müstəqilliyinin sayğacı hesabını
açdı.
Həmin illərdə
üzünü Azərbaycan dövlətçiliyini
dağıtmaq istəyənlərə tutan
ulu öndər deyirdi:
"Mən Azərbaycanın müstəqilliyini Azərbaycan
xalqı üçün böyük
nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına
xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".
1991-ci ilin oktyabr tarixli
müstəqillik haqqında Konstitusiya
Aktı Azərbaycana bu müstəqilliyin
"şirin meyvələri"ni
dadızdıra bilmədi. Hüquqi akt hələ reallıq deyildi.
Ona görə də təsadüfi deyil ki, Azərbaycanın
həqiqi müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi
tarixlə hesablanır.
1993-cü ildə
Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktının qəbul
olunmasının ikinci ildönümü
münasibətilə xalqı təbrik edən ölkə Prezidenti deyirdi: "Azərbaycan
xalqının əsrlər boyu qəlbində
olan, həsrət çəkdiyi günlər
gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail
olmuşdur. Müstəqilliyi əldə
etmək, dövlətin tam müstəqil
olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək,
dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil
dövlət şəraitində layiqli həyat
tərzi təmin etmək daha çətindir.
Bunun üçün
biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri
həm Azərbaycanın dövlət orqanları, həm
hökumət, həm respublikanın mövcud
siyasi-ictimai qüvvələri, həm də
hər bir vətəndaş yerinə
yetirməyə çalışmalıdır.
Ona görə də mən bu əlamətdar
gündə, bizim üçün
böyük bayram
günündə Azərbaycan xalqına, respublikamızın bütün vətəndaşlarına
müraciət edirəm, Azərbaycan Respublikasının ictimai-siyasi xadimlərinə,
ziyalılarına, dövlət orqanlarında vəzifə
daşıyan şəxslərə, hər bir vətəndaşa
müraciət edirəm və hər bir kəsi
Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək
üçün, bu
müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət
edirəm".
Heydər
Əliyev bəhrələrindən əməli şəkildə
barındığımız müstəqil Azərbaycan
dövlətçiliyinin, bazar münasibətlərinə
əsaslanan yeni tipli
iqtisadiyyatın nəzəri-konseptual inkişaf
konsepsiyasını yaratdı. Məhz Heydər Əliyev
xalqın istək və arzularını onun
dövlətçilik ənənələri, milli
maraq və mənafeləri üzərində
kökləyə, bu qüdrətli və
təbii qaynaqdan düzgün
istifadə etməklə dilindən, dinindən və milliyyətindən
asılı olmayaraq Azərbaycan ərazisində
yaşayan bütün
insanların həyati maraqlarını vahid
məqsəd - dövlətçilik ideyası ətrafında
birləşdirə bildi.
Məhz Heydər
Əliyev yeni neft
strategiyasının nəticəsi kimi təzahür
edən "Əsrin müqaviləsi"ni imzalamaqla
Azərbaycanın dünya iqtisadi
sistemindəki yerini müəyyənləşdirdi.
Bazar
münasibətlərinə əsaslanan iqtisadi
islahatların həyata keçirilməsi,
sahibkarlığın inkişafının
stimullaşdırılması, müvafiq
təkmil qanunvericilik bazasının
yaradılması və hüquqi vəsilələrin
işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını
reallaşdırdı. Qeyri-neft bölməsi sürətlə inkişaf
etməyə başladı. Özəlləşdirmə
proqramı həyata keçirildi. Ümumdünya iqtisadi məkanına
qətiyyətlə inteqrasiya edən
ölkə xammal
ixracatçısından istehsal sənayesini
qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa
çevrildi. Ölkədə aqrar islahatları aparıldı, torpaq kəndlilərin mülkiyyətinə verildi.
Azərbaycan
xalqının ən böyük maddi sərvəti olan nefti geosiyasətin malı etməyi Heydər Əliyev
bacardı. Artıq Cənubi Qafqaz bölgəsi
və Xəzər hövzəsi dünyanın super güc mərkəzlərinin
iqtisadi və siyasi
maraqlarının kəsişdiyi bir siyasi
coğrafiyaya çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan dövlətinin gələcək inkişaf
yollarını müəyyənləşdirdi: bu, Qərblə inteqrasiya,
demokratik inkişaf və
hüquqi dövlət quruculuğu
yolu idi, azərbaycançılıq
və vətəndaş həmrəyliyi yolu
idi. Ölkə başçısı nəinki
bu məsələləri nəzəri şəkildə təklif
etmiş, onların həllinin konseptual düsturlarını və milli dövlət mənafeləri ilə maksimum uzlaşan praktiki modellərini də ortaya
qoymuşdu.
Dövlət
idarəçiliyində belə bir konseptual xətt ulu öndərin
xeyir-duası ilə böyük siyasətə
qədəm qoyub 2003 və 2008-ci illər
prezident seçkilərində iştirak edərək xalqın mütləq əksəriyyətinin
səsini qazanıb prezident seçilmiş İlham Əliyevin
fəaliyyətində də özünü qabarıq göstərir. Bu günün nəfəsliyindən geridə qoyduğumuz 9 ilin nəticələrinə
nəzər saldıqda diqqəti cəlb edən əsas məqam
da ölkədə həyata keçirilən
bütün miqyaslı işlərin,
çoxcəhətli fəaliyyətin əsas məqsədinin,
aparıcı leytmotivinin Azərbaycanın
müstəqilliyi və bu müstəqilliyin
möhkəmləndirilməsi faktıdır.
Cənab İlham Əliyevin ilk bəyanatı
ondan ibarət olmuşdu
ki, Azərbaycan indiyədək getdiyi yolu davam
etdirəcək, Heydər Əliyev kursu
dönmədən həyata keçiriləcəkdir. Heydər Əliyev siyasi kursu nə deməkdir? 1993-cü ildən başlayan bu kurs Azərbaycanda hüquqi,
demokratik dövlət quruculuğu
prosesinin başa
çatdırılması, iqtisadi
islahatların həyata keçirilməsi və Azərbaycanın
dinamik inkişafa xas olan iqtisadi
bazasının yaradılması demək idi.
Ölkədə siyasi plüralizm, demokratik və
vətəndaş cəmiyyətinin bərqərar olması idi. Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası və beynəlxalq hüquq
normaları ilə tənzimlənən sivil
dünya siyasətinə inteqrasiya
etməsi və bu məkanda özünə
layiq yer tutması idi. Azərbaycan iqtisadiyyatının onurğa sütununu təşkil
edən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft
strategiyasının reallaşması idi.
Sosialyönümlü siyasət yeridən
Prezident İlham Əliyev ötən illər ərzində qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla
daim xalqın mənafeyindən çıxış etdiyini,
verdiyi vədlərin sırf əməli fəaliyyətə,
praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın
bütün sahələrində yeni dövrün tələblərinə
uyğun islahatların aparılması, qeyri-neft sektorunun
ümumi daxili məhsuldakı çəkisinin
artırılması, regionların proporsional inkişafı,
yeni istehsal müəssisələrinin açılması, ən
başlıcası, işsizlik probleminin aradan
qaldırılması istiqamətində effektiv nəticələrə
hesablanmış cəsarətli addımlar atdı. Və məhz
bu cür rasional addımların nəticəsidir ki, bu gün
müstəqil Azərbaycanın səsi nüfuzlu beynəlxalq
kürsülərdən gəlir,
balanslaşdırılmış xarici siyasət real dividendlərini
verir, ölkə Avropanın enerji təhlükəsizliyi
sistemində həlledici rola malikdir. İqtisadi qüdrətimiz
respublikanı sərmayədar ölkədən fəal sərmayəçi
ölkəyə, regionda əsas söz sahibinə
çevirmişdir.
Xalid NİYAZOV
Azərbaycan.-2012.- 18 oktyabr.- S.1.