Bakıda «Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu» mövzusunda Beynəlxalq simpozium işə başlamışdır

 

 Oktyabrın 17-də Bakıda "Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyəti və Fransanın Yahad-İn-Unum Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerlixarici ölkə alimləri iştirak etmişlər.

 Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bildirmişdir ki, beynəlxalq simpozium  Azərbaycanın İkinci Dünya müharibəsində roluna həsr olunmuşdur.  Elm  tariximizdə, hətta dünya tarixşünaslığında ilk dəfədir ki, Qafqazda Holokostun önlənməsində Azərbaycanın və xalqımızın rolu məsələsi müzakirə edilir. Bu, dünya miqyaslı bir məsələdir. Azərbaycan alimləri ilə yanaşı,  Türkiyə, ABŞ, Fransa, Böyük BritaniyaAlmaniyadan mütəxəssislərin  iştirak etdikləri simpoziumda həmin müharibədə əziyyət çəkmiş xalqların taleyindən, onların Azərbaycanda  xilasından geniş söhbət açılacaq, bu mövzuda məruzələr dinləniləcək,  fikir mübadiləsi aparılacaqdır.

Simpoziumun əhəmiyyətindən danışan  T.Heydərov demişdir ki, bu tədbirin  həm indiki dövr, həm də gələcək üçün  mühüm tarixi əhəmiyyəti vardır.  Onun   Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi, Qarabağda törədilən qırğınlarla bağlı gələcəkdə   aparacağımız araşdırmalara böyük köməyi olacaqdır. Bildiyiniz kimi,  Holokost dünyada beynəlxalq  cinayət aktı kimi tanınmışdır. Bu faciənin tanınması üçün   böyük lobbiçilik işləri aparılmışdır. İnanıram ki,  dünyadakı  Azərbaycan lobbisi  soydaşlarımızın   məruz qaldıqları  kütləvi qırğınların, soyqırımlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərini gücləndirəcək və onların Azərbaycan həqiqətlərinə düzgün qiymət verməsinə nail olmaqla, bu işə öz töhfəsini verəcəkdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  çıxış edərək  bildirmişdir ki,  İkinci Dünya müharibəsi bəşəriyyətin ən qanlı, ən dəhşətli, ən fəlakətli müharibəsi olaraq tarixə düşmüşdür. Bu dəhşətli müharibənin başa çatmasından bizi 67 il ayırır. Ötən müddətdə dünyanın müxtəlif sənət sahibləri-tarixçilər, siyasətçilər, filosoflar, politoloqlar  bu müharibənin müxtəlif aspektlərini araşdırmışlar. Faşist Almaniyasının milli, dini, irqi ayrı-seçkilik və  üstünlük ideologiyası əsasında  başlanmış müharibənin bəşəriyyətə gətirdiyi fəlakətlər, onun səbəbləri, gedişi, qalib gələcəyi təqdirdə bəşəriyyətin taleyinin necə olacağı məsələləri tədqiq edilmişdir.

Tarixdə bu dərəcədə qanlı müharibənin baş vermədiyini bildirən Əli Həsənov demişdir ki,  İkinci Dünya müharibəsindən 100 il də keçsə,  bəşəriyyət bu müharibəni araşdıracaq,  ondan ziyan çəkmiş xalqları, millətləri yada salacaqdır. Biz tarixi ona görə öyrənirik ki, gələcəkdə bu cür hadisələr təkrar olunmasın. Keçmiş, bu gün və gələcək arasında körpü insanlığa ona görə  lazımdır ki, o, keçmişdə yol verdiyi  səhvləri gələcəkdə təkrar etməsin,  gələcəyini qurarkən keçmişin səhvlərini  nəzərə alsın.

Qeyd edilmişdir ki,  bu gün  öz milli maraqlarını, milli mənafelərini  başqa xalqların taleyi üzərində qurmağa cəhd göstərən dövlətlər, ideologiyalar, siyasi partiyalar vardır. Bizi İkinci Dünya müharibəsinin dəhşətlərindən cəmi 67 il ayırsa da, bəzi qüvvələr və dövlətlər hələ də həmin müharibənin fəlakətlərindən lazımi nəticə çıxarmamışlar. İkinci Dünya müharibəsində  baş vermiş qanlı hadisələrdən biri  Holokost faciəsidir. Amma bu müharibə   təkcə bu faciə ilə yadda qalmamışdır. Xatın faciəsi, alman düşərgələrində törədilmiş qanlı cinayətlər,  30-40 milyon  insanın məhv edilməsi  müharibənin bəşəriyyətə  yaşatdığı  dəhşətlərdir.

Bildirilmişdir ki,  o müharibə illərində Azərbaycanda  cəmi 3,2 milyon əhali yaşayırdı və  onların  hər beş nəfərindən biri alman faşizminə qarşı ön cəbhədə iştirak etmişdir.   O illər Azərbaycan,  eyni zamanda, faşist Almaniyasının işğal etdiyi ölkələrdən qaçqın düşmüş, ölümdən canını qurtarmış insanlara da qucaq açmışdır. Həmin insanların bir qismibu gün müasir müstəqil Azərbaycanın vətəndaşları olan  yəhudilər idi. Azərbaycan həmin dövrdə  nəinki  keçmiş sovetlər  məkanında, hətta Yaxın və Orta Şərqdə təqibə məruz qalmış yəhudilərin toplaşdığı, məskunlaşdığı  respublika idi.  Xalqımız  həmişə özünün tolerantlığı, genişqəlbliliyi və insanpərvərliyi  ilə seçilmişdir.

Biz yəhudi vətəndaşlarımızla fəxr edirik, onların müvəffəqiyyətlərinə sevinirik. Yəhudilər  Azərbaycan xalqı ilə çiyin-çiyinə verərək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş və edirlər.  Azərbaycan özü  həm İkinci Dünya müharibəsi dövründə, həm də  ondan sonrakı dövrdə etnik, dinimilli ayrı-seçkilik üzərində  qurulmuş siyasətin qurbanı olmuşdur.   Zamanın müxtəlif dövrlərində  milli  mənsubiyyətinə, müsəlman, türk olduğuna görə xalqımızın nümayəndələrinə qarşı soyqırımı törətmiş ermənilər  haqqında dünya kifayət qədər məlumatlı deyildir. Azərbaycanın Xocalı şəhərində kimsəyə aman vermədən bir gecənin içində 613 nəfəri qətlə yetirmiş ermənilər ilə Holokost faciəsini törətmiş faşistlər arasında heç bir fərq yoxdur. 

Ə.Həsənov vurğulamışdır ki, Azərbaycan Respublikası özünün tolerantlığı ilə qürur duyur və fəxarət hissi keçirir.  Azərbaycan dövlətinin və xalqının  ideologiyası ondan ibarətdir ki, etnik, milli, dini ayrı-seçkilik üzərində qurulmuş ideologiyaya qarşı biz  etnik, milli, dini tolerantlıq ideologiyasını qoyuruq. Respublikamızda yaşayan bütün xalqların nümayəndələri bizim ümumi mədəniyyətimizin sintezini təşkil edir. Bütün bu xalqlar Azərbaycan dövlətçiliyi ilə qürur duyur və azərbaycançılıq ideologiyası ətrafında birləşmişlər. Onlar   Azərbaycan dövlətini öz dövlətləri, sərvətini öz sərvəti  sayır, xalqımızın kədərini, sevincini bölüşürlər.  

Qeyd olunmuşdur ki, bugünkü tədbirdə iştirak edən yerlixarici ölkə alimləri İkinci Dünya müharibəsinin ideologiyasını, fəlakətlərini, insanlığa yaşatdığı dəhşətləri təkrar-təkrar öyrənməlidirlər.  Xalqların, dövlətlərin xoşbəxtliyi heç də onların tutduqları ərazilərin böyük-kiçikliyi ilə ölçülmür. İndi xalqların, insanların həyatını tolerantlıq, qlobal proseslərə, çağırışlara, təbiətin insanlara yaşatdığı problemlərə  qarşı birgə mübarizə, bütün   resursların   hamı tərəfindən sivil şəkildə istifadə edilməsi ideologiyası təşkil etməlidir. Qlobal çağırışlar bizi bütün bunlar ətrafında birləşməyə səsləyir. İnsanlar hamılıqla bəşəriyyəti təhdid edən bütün mənfi hallardan xilas olmalıdırlar. 

Tədbirdə Yahad-İn-Unum Assosiasiyasının prezidenti Patrik Desbois, Holokost Ətraflı Araşdırmalar Mərkəzinin direktoru Pol Şapiro   Holokost faciəsi və bu faciə ilə bağlı aparılan  tədqiqatlardan,  görülən  işlərdən danışmışlar.

Sonra "SSRİ-nin və Almaniyanın  İkinci Dünya müharibəsi dövründə Qafqaz siyasəti", "Azərbaycan və  İkinci Dünya müharibəsi", "Qafqazda yəhudilərin qırğını və xilası" mövzularında bölmə iclaslarında Azərbaycan və xarici ölkə alimlərinin  məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

Simpozium oktyabrın 18-də işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.2.