Əli HƏSƏNOV: Azərbaycan sədrliyi dövründə ECO çərçivəsində həllini tapmamış məsələlərin aradan qaldırılmasına çalışacaq

 

 Azərbaycan ikiillik sədrliyi dövründə bu imkandan istifadə edib, ECO (İƏT) çərçivəsində həllini tapmamış məsələlərin, xüsusən də bu ölkələr arasında qarşılıqlı anlaşılmazlıq yaradan müəyyən neqativ proseslərin aradan qaldırılmasına çalışacaq. Bunu çərşənbə günü "Trend"-ə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan çalışacaq ki, təşkilata üzv ölkələr özlərinin həm daxili, həm xarici əlaqələrində bir-birilərinin maraqlarını nəzərə alsınlar, bir-biri ilə və xarici aləmlə münasibətlərini dəqiq müəyyən etsinlər, ölkələr bir-birilərinin daxili işlərinə qarışmaq kimi bəzi neqativ proseslərdən imtina etsinlər, bu dövlətlər istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə bir-birinin və xalqlarının maraqlarına daim dəstək versinlər. Ona görə də biz ECO-dan çox şey gözləyirik" - Əli Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan bu təşkilatın ən fəal üzvlərindən biridir.

"Biz bu təşkilata üzv olduğumuz gündən bəri digər üzv dövlətlərin əksəriyyəti ilə iqtisadi, siyasi və digər beynəlxalq məsələlər üzrə tərəfdaşlıq münasibətləri yarada bilmişik. Azərbaycan bu təşkilatın üzvü olan Türkiyə, İran, Əfqanıstan, Pakistan və Orta Asiyanın dövlətləri ilə özünün nəqliyyat, enerji, yükdaşıma, Şərq-Qərb arasındakı bağlılıq və digər sahələr üzrə tərəfdaşlıq münasibətlərini yaratmış və bu sahələr üzrə ən çox real layihələr ortaya qoyaraq onları həyata keçirən ölkə olmuşdur" - Əli Həsənov əlavə edib.

PA-nın şöbə müdiri vurğulayıb ki, 1998-ci ildə Böyük İpək Yolu konfransının Azərbaycanda keçirilməsi və bu konfransın işinə təkcə ECO üzvü olan dövlətlərin deyil, digər Avrasiya dövlətlərinin də qatılması, onların iştirakı ilə TRASEKA layihəsinin reallaşdırılması sahəsində Azərbaycanın fəaliyyəti göz önündədir.

"Bundan başqa, Azərbaycan ECO-ya üzv dövlətlərin iştirakı ilə Şərq-Qərb nəqliyyat-kommunikasiya sisteminin digər vektorları üzrə ciddi fəaliyyət göstərir. Azərbaycan Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması sahəsində ECO üzvü olan dövlətlərlə əməkdaşlıq edir. Şərq-Qərb, Cənub-Şimal nəqliyyat-kommunikasiya sistemində Azərbaycan əsas əlaqələndirici ölkələrdən biri kimi, o cümlədən ECO dövlətləri ilə nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq edir. Azərbaycan bu dövlətlərlə mədəni, sosial, siyasi sahələrdə əməkdaşlıq və tərəfdaşlıq edir. Bu dövlətlərin çoxu müsəlman dövlətləridir və bu dövlətlərlə bizim mədəni-mənəvi yaxınlığımız, xalqlarımızın ortaq milli-mənəvi dəyərləri, ortaq din, dil, ortaq mədəniyyət bağlılıqları var, keçmişdə ortaq tarixə malik olmaq kimi dəyərləri biz bölüşürük. Ona görə də biz ECO çərçivəsində ötən müddətdə sözün həqiqi mənasında ən fəal üzvlərdən biri olmuşuq və ECO-nun imkanlarından da dövlətimizin və xalqımzın inkişafı üçün bəhrələnərək mühüm addımlar atmışıq" - PA rəmisi bildirib.

Əli Həsənovun sözlərinə görə, Azərbaycan da ECO-nun sədri kimi bu işlərin həyata keçirilməsində fəal iştirak edəcək.

Qeyd edək ki, Bakıda ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilib. Sammitdə təşkilata sədrlik növbəti iki il müddətinə Türkiyədən Azərbaycana keçib.

 

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.3.