Milli tariximizin yaradıcılarından biri
İntellektual potensial, elmin səviyyəsi
ölkənin tərəqqisini müəyyən edir, onu dünya
miqyasına çıxarır. Azərbaycan elmi
də yarandığı tarixdən güclü
potensiala malik olmuş, bir sıra məktəblər
yaratmışdır. Görkəmli elm
xadimləri təkcə Azərbaycan elminin
deyil, dünya elminin inkişafında mühüm
rol oynamış, bu xəzinəyə
misilsiz incilər bəxş etmişlər.
Onların dünyagörüşü, mövqeyi, hərəkət və fəaliyyətləri
Azərbaycanın inkişaf
dinamikasında aydın nəzərə
çarpmışdır. Elm, alim, irfan sahibləri həmişə
cəmiyyətin elitası kimi qəbul edilmişdir.
Azərbaycan
tarix elminin fundamental əsasını yaradanlardan
biri, milli
tarixşünaslıq məktəbinin ərsəyə gəlməsində
və formalaşmasında böyük
xidmətləri olmuş Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, tarix elmləri
doktoru, professor,
görkəmli alim Əliövsət Nəcəfqulu oğlu Quliyev bütün şüurlu həyatını tarix elminin
inkişafına həsr etmiş, öncə
milli tariximizi, sonra da onun
məktəbini yaratmışdır. O bu həyata kiçik
yaşlarından kitabları sevməklə başladı, sonra da zamanın ən
ağır dönəmlərində, sovet
tarix elminin diktə etdiyi sərt qaydaların meydan
oxuduğu vaxtlarda
xalqımızın ən doğru tarixini yazıb-yaratdı. Ona
görə də Əliövsət Quliyev
Azərbaycanın tarixinə düzgün
baxışı müəyyənləşdirən və yad təsirlərdən qoruyan
ilk böyük alim kimi daxil
oldu. Tarixin hansı dövrlərindən olsa,
fərq etməz, elmi araşdırmalarla məşğul
olan gənc tarixçi
alimlər, tədqiqatçılar birinci
növbədə Əliövsət Quliyevin
minbir əziyyətlə, həyatı
bahasına yaratdığı tarix
kitablarına, monoqrafiyalarına, ən kiçik
məqalələrinə belə müraciət edir, onlardan bəhrələnirlər.
Ötən
gün Azərbaycan Milli
Elmlər Akademiyasında böyük alimin, elm xadiminin
anadan olmasının 90 illiyinə həsr
olunmuş elmi sessiya keçirildi. Əvvəlcə
respublikanın görkəmli elm xadimləri,
Milli Məclisin deputatları və
ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda böyük alimin məzarını
ziyarət etdilər, gül-çiçək dəstələri
qoydular.
Elmi sessiyanı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq Əliövsət Quliyevin
həyat və yaradıcılığından
danışdı. O dedi: "Əliövsət
Quliyevin rəhbərliyi və bilavasitə
iştirakı ilə ilk dəfə
1963-cü ildə tam başa
çatdırılmış monumental üçcildlik "Azərbaycan tarixi" yaradılmış,
xalqımızın
yeni tarixinə dair dəyərli
toplular, monoqrafiyalar və
dərsliklər çap edilmişdir.
Kitabda ən qədim çağlardan
başlamış XX əsrin ortalarınadək olan dövr əhatə olunurdu. Yaratdığı nadir
əsərlərdə irəli sürülən konsepsiyalar Azərbaycanda tarix
elminin sonrakı inkişafının təməlini
qoydu".
Görkəmli
tədqiqatçı milli tariximizin
problematik məsələləri,
xüsusən Azərbaycanda feodal
münasibətlərin meydana gəlməsi,
xalqımızın mənşəyi ilə bağlı əhatəli
tədqiqatlar aparmış, bir mücahid kimi o dövrün
qadağalarının qarşısına təkbaşına çıxmışdı. Alimlərin
dediyi kimi, belə
olmasaydı, bəlkə bir az çox yaşayar,
tarix elminin
inkişafına daha böyük
töhfələr verə bilərdi.
AMEA-nın
müxbir üzvü,
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub
Mahmudov tariximizə daha
çox xidmət etmiş
böyük ziyalının işlədiyi
dövrü - şəraitdən
danışdı. Bildirdi ki,
onun yaratdığı üçcildlik
"Azərbaycan tarixi" nəşr
olunmayınca xalqımızın tarixi ilə
bağlı heç bir mükəmməl
əsər yaranmamışdı: "Həmin cildlərdə
alim Azərbaycan tarixini
dövrləşdirib. Stalinin xalqımız
haqqında işlətdiyi bütün
aşağılayıcı tezislərə qarşı
çıxıb və bunu sübutlarla kitaba
salıb. Azərbaycanın ən qədim dövrlərdən
indiyə qədər tarixini elmi əsaslarla ortaya qoyub. Sübut edib ki, bu
xalq tarixin bütün inkişaf mərhələlərini
yaşayıb keçib, burjua
milləti kimi də formalaşıb. Həmin
mərhələlərə aid bölmələr
də kitabda yer
alıb. Tarixin bütün
formasiyaları üzrə fəsillər var,
o fəsillərdə göstərilir ki, həmin mərhələlərdə bu xalq nə işlə məşğul
olub, necə inkişaf
edib, yaşayıb, milli
mədəniyyəti formalaşıb. Bundan
başqa, Azərbaycan xalqının türkdilli xalq olduğunu tarix elminə məhz
böyük alim Əliövsət
Quliyev gətirib. O zamanlar
idi ki, bu
kəlməni nəinki yazmaq,
danışmaq da təhlükəli idi. Əliövsət Quliyevi
istəməyənlərin, onu
qamçılayanların sayı da həddən
çox idi. Hər kəlməsini
yuxarılara çatdırır, ləkələmək üçün dəridən-qabıqdan
çıxırdılar. Böyük alim isə bir
mücahid, irfan
işığı kimi həm elmin inkişafına xidmət edir,
həm də belələri ilə savaşırdı. Bunlar o qədər
ağır mübarizə şəraitində keçdi
ki, sonda onun səhhətinə də təsir etdi".
Böyük alim Əliövsət
Quliyev ömrünün
elə bir vaxtında sevdiyi
xalqından və elmdən uzaq düşdü ki, burada ən çox itirən
elmimiz oldu.
Yaşasaydı tarix elminə daha böyük töhfələr
verə bilərdi. Cəmi 47 il
ömür sürdü.
1922-ci ildə Salyan rayonunun
Qızılağac kəndində dünyaya
göz açan Əliövsət
lap körpəliyindən dərin
ağlı, zəkası və fərasəti ilə
seçilərmiş, qeyri-adi
yaddaşı hamını mat
qoyarmış. 1935-ci ildə orta məktəbi
vaxtından tez qurtararaq
Salyan Pedaqoji Məktəbinin tarix fakültəsinə
daxil olur. Fitri istedad burada
da onu hər kəsdən
fərqləndirir. Hansı məktəbdə oxuyursa,
fərqi yoxdur, müəllimlərinin və
şagird yoldaşlarının sevimlisinə
çevrilir, hamı ona
hörmət göstərir. On beş yaşında ikən pedaqoji məktəbdə təhsil ala-ala Salyandaki 4 saylı orta məktəbdə tarix
fənnindən dərs deyir. 1939-cu ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil
olur, eyni zamanda, pedaqoji fəaliyyətini
davam etdirir, Bakıda
172 saylı orta məktəbdə tarix müəllimi kimi
işləməyə başlayır. Əlbəttə, fikrini dəqiq ifadə etməkdə,
aydın, əyani və anlaşıqlı şəkildə
çatdırmaqda, daha üstün
qabiliyyətlərinin üzə çıxmasında müəllim
kimi işləməsi böyük
rol oynayır. Onda daha çox maraq doğuran Azərbaycanın
yeni tarixi olub. Heç kitabxanadan çıxmaz, məşğuliyyəti
yalnız kitablar olardı. Əliövsət
Quliyevin fonemenal
qabiliyyəti və parlaq istedadı diqqət
çəkməyə bilməzdi.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə
bildirdi ki, onun tarix sahəsində
yaratdığı bütün əsərlər
elmi ictimaiyyət tərəfindən həmişə
yüksək qiymətləndirilib: "Götürək XIX əsrin
sonlarını, XX əsrin əvvəllərini, o dövrdə Azərbaycan iqtisadiyyatı
Rusiyanın ən inkişaf etmiş ödkələrindən biri idi. Kapitalizmə
məxsus bütün meyarlar
bu ölkədə sürətlə inkişaf edir,
balıqçılıq və neft sənayesi
artırdı. Lakin Əliövsət Quliyev bu faktları üzə
çıxarıb tarix elminə gətirəndə
düşmənləri çoxalırdı. Onun
Azərbaycan ədəbiyyatına münasibəti də fərqlənirdi.
Hüseyn Cavidin, Məhəmməd
Hadinin və o dövrün digər görkəmli şair və yazıçılarının
adını çəkir, yüksək qiymətləndirirdi".
Elmi sessiyada
çıxış edən Milli Məclisin
deputatları və başqa elm xadimləri alimin xalqımıza, onun
elminə bəxş etdiyi böyük
töhfələrdən danışdılar. Böyük
alim və ictimai xadimin xatirəsinə hörmət əlaməti
olaraq Bakıda bir
küçəyə onun adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Doğulub boya-başa
çatdığı Salyan rayonunun Qızılağac kəndində
küçələrdən biri də
görkəmli alimin adını
daşıyır.
Sessiyanın sonunda böyük alimin
oğlu, Milli Məclis Aparatının Ümumi şöbəsinin
müdiri Təlatüm Quliyev AMEA-nın rəhbərliyinə,
Milli Məclisin deputatlarına və sessiyada iştirak edən
ictimaiyyət nümayəndələrinə atasını
ehtiramla yad etdiklərinə görə minnətdarlığını
bildirdi.
Rəsmiyyə
RZALI
Azərbaycan.-2012.-
18 oktyabr.- S.3.