«BakuBuild-2012» 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi açılmışdır

 

 Oktyabrın 17-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri - "BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi və Xəzər inşaat həftəsi açılmışdır.

AzərTAc xəbər verir ki, "BakuBuild" sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian LLC" şirkəti isə "BakuBuild" sərgisinin təşkilatçıları qismində çıxış edirlər.

Sərginin açılışında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirmişdir ki, ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə qazandığı uğurlar sırasında tikinti sektorunun inkişafı xüsusi diqqətəlayiqdir. On səkkiz yaşını qeyd edən inşaat sərgisi nəinki Azərbaycanda, bu regionda ən böyük sərgidir. Bu isə sərgidə iştirak edən şirkətlərə ölkəmizin tikinti sahəsi və bazarı ilə daha yaxından əlaqələr qurmağa gözəl imkanlar açır.

Builki sərginin əlamətdar bayram - Dövlət Müstəqilliyi Günü ərəfəsində keçirildiyini deyən C.Qocayev ötən 18 ildə sərgi iştirakçılarının sayının ilbəil artmasını respublikamızın tikinti sektorunun inkişafı ilə əlaqələndirmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev isə ölkə iqtisadiyyatının dinamik inkişafında sahibkarlığın xüsusi roluna toxunaraq vurğulamışdır ki, əldə olunan uğurların təməlində dövlət tərəfindən biznes mühitinin yaxşılaşdırılması üçün görülən ardıcıl tədbirlər və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməsi durur.

Respublikamızda istehsal olunan ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorun payına düşdüyünü deyən M.Əfəndiyev bu sahədə uğurlu nəticələrin daha da çox olacağına əminliyini bildirmişdir. Ölkəmizdə tikinti sektorunun inkişafını vurğulayan natiq bu işdə "BakuBuild" sərgisinin əhəmiyyətini  diqqətə çatdırmışdır.

"ITE Group" şirkətinin direktoru Edvard Stroun bildirmişdir ki, "BakuBuild-2012" ilə paralel keçirilən 4-cü Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji ("Aqua-Therm Baku") və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri ("CIPS-2012") sərgiləri Bakı Sərgi Mərkəzinin üç zalını, həmçinin dəhliz və həyətdəki meydançanı bütünlüklə əhatə edir. Bu da sərgi sahəsinin 20 faiz artdığını göstərir. Builki sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. Sərgi iştirakçılarının 60 faizi daimi eksponentlərdir və artıq bir neçə ildir ki, onlar öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün sərgidən səmərəli platforma kimi istifadə edirlər.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi.

Sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, "BakuBuild-2012"də 7 kollektiv ekspozisiya iştirak edir. Onlar arasında sərginin daimi iştirakçıları - Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliyanın milli qrupları da vardır. Bu il yunan milli qrupu sərgidə ilk dəfə olaraq çıxış edir. Bundan başqa, türk istehsalçıları da əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərirlər. Çin şirkətləri tərəfindən də tutulan meydançaların sayı artmışdır. Bu il iştirakçıların 35 faizini isə məhz yerli şirkətlər təşkil edir. Həmçinin, hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir. Belə ki, bu il sərgi eksponentlərinin 30 faizi debütant iştirakçılardan ibarətdir.

"BakuBuild" sərgisinin özəl xüsusiyyətlərindən biri onun universal olmasıdır. Burada sadə alətlərdən tutmuş landşaft layihələndirilməsinə qədər inşaat məhsulları və xidmətlərinin bütöv spektri, habelə dizayn yenilikləri və innovasiyalı texnologiyalar ilə tanış olmaq mümkündür. "BakuBuild" sərgisində inşaat avadanlığı, naxış və üzlük materialları, santexnika, pəncərə və qapılar, eləcə də bir çox digər məhsulların zəngin çeşidi nümayiş etdirilir.

Azərbaycanda otel tikintisinin fəal inkişafı ilə əlaqədar olaraq, bu il ilk dəfə işıqlandırma sistemi üçün xüsusi işıq cihazları və qurğuları, habelə mehmanxana, saray və yaşayış kompleksləri üçün xüsusi çilçıraqlar təqdim olunur. İstehsalçılar və distribütorlar mehmanxana və ofislər üçün eksklüziv mebel, yeni dam və döşəmə örtükləri, yuyula bilən divar kağızlarını təqdim edirlər. Sərgidə daha bir yenilik mansar üçün xüsusi pəncərələrin ekspozisiyasıdır. Sərgi artıq ötən ildən başlayaraq uşaqlar, həmçinin fiziki imkanı məhdud olan insanlar üçün şəhər infrastrukturunun yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri də özünə cəlb edir. Bu il sərgidə avadanlıqla təchiz edilmiş uşaq oyun meydançaları, fiziki imkanı məhdud olan şəxslərə şəhərdə rahat şərait yaratmaq üçün müxtəlif qurğuların real maketlərini görmək mümkündür.

Kompleksin qarşısındakı həyətdə isə "AzTexnika" (Azərbaycan), "HIDROKON" (Türkiyə), "Hyundai" (Koreya), "Intertechnics" (Azərbaycan), "LTS MMC" (Azərbaycan), "MANN" (Almaniya), "Manitou" (Azərbaycan), "Prolink Caspian" (Azərbaycan), "VOLVO" (İsveç), "Wirtgen" (Almaniya), "Faymonville" (Belçika) və "JCB" (Böyük Britaniya) kimi lider brendlərin və digər şirkətlərin texnikaları nümayiş etdirilir.

"BakuBuild" sərgisi ilə paralel keçirilən 4-cü Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji ("Aqua-Therm Baku") sərgisi və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri ("CIPS-2012") sərgisi də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Belə ki, bu il "Aqua-Therm Baku" sərgisində Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiyabaşqa istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edirlər. "CIPS-2012" sərgisinə isə Azərbaycan, İtaliya, Rusiya, Ukrayna və Türkiyədən olan şirkətlər yüksək texnoloji məhsullarını, o cümlədən praktiki olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş surətdə tətbiq olunan avadanlıqların ən yeni nümunələrini və müasir texnologiyaları nümayiş etdirirlər.

Beləliklə, tikinti materialları və xidmətlərinin yerli, habelə xarici istehsalçıları və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verən "BakuBuild" sərgisi yeni işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin qurulması, habelə inşaat sektorunda fəaliyyət göstərən ekspertlər arasında təcrübənin və ən yeni məlumatların mübadiləsi üçün regional mərkəz kimi öz statusunu bir daha təsdiq edir.

Sərgi öz işini oktyabrın 20-də başa çatdıracaqdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.3.