Tarixə şahidlik
edən şəhər
Bir sıra elmi mənbələrdə
Salyanın tarixinin VI-VII əsrlərə aid olduğu göstərilirdi.
Lakin bir təsadüf
göstərdi ki, bu qədim
diyarın tarixi hələ dəqiq
araşdırılmamış, elmi mənbələrə,
əşyayi-dəlillərə əsaslanan şəkildə
tam və düzgün
yazılmamışdır.
Xoş bir təsadüf min
illər boyu torpağın altında yatan qədim və zəngin tarixin
üstünə işıq saldı. 2011-ci ilin
avqust ayının ortalarında yeni Ələt-Astara magistral
şosesini çəkənlər yolun yatağı üçün
Salyan şəhərinin kənarında, Kür çayının sol
sahilində yerləşən Babazanlı dağından torpaq
götürərkən unikal hadisə ilə
rastlaşdılar: ekskavatorun çalovu iri bir küpə toxundu.
Yolçəkən təşkilatın rəhbərləri Salyan Rayon İcra
Hakimiyyətinin rəhbərliyinə məlumat verdilər.
Rayon rəhbərliyi və ziyalılar küp qəbirin aşkar edildiyi yerdə oldular. Operativ surətdə komissiya
yaradıldı, Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
rayona dəvət edildilər. Professor Arif Məmmədovun
rəhbərliyi ilə tədqiqatlar aparıldı. Arxeoloji kəşfiyyat və qazıntı
işləri gözlənilməz, elmi sensasiya doğuran nəticələr
verdi. Alimlər müəyyən etdilər
ki, 4 hektara yaxın ərazini
əhatə edən yaşayış sahəsində
aşkarlanmış küp qəbirlər
təxminən 3 min il
bundan əvvələ aiddir.
Ekspedisiya qrupunun rəhbəri
A.Məmmədov müəyyən etdi ki, birinci və ikinci arxeoloji
qazıntı sahəsində əldə edilən
tapıntılar bu ərazidə türk mənşəli tayfaların
yaşamasından xəbər verir. Araşdırmalar onu da təsdiqlədi ki, antik dövr müəllifi
olan məşhur coğrafiyaşünas
Strabonun əsərlərində Kür çayının Xəzərə töküldüyü ərazilərin
yaxınlığında iri
yaşayış məntəqələrinin olduğu
barədə məlumatlar heç də təsadüfi
deyilmiş. Ərazi həm Dərbənddən
Ərdəbilə, həm də Şərqdən Qərbə,
Çindən Avropaya gedən İpək
yolunun üstündə yerləşdiyi üçün bu ərazi
çox-çox qədimlərdən
yaşayış məskəni kimi
formalaşmışdır.
Babazanlı
dağında küp qəbirlərdən
çıxan müxtəlif məişət əşyalarının
araşdırılması onu göstərir
ki, o zaman
bu ərazidə sinfi
təbəqələşmə də mövcud
olmuşdur.
Keçən ilin dekabr ayında Salyan Rayon İcra
Hakimiyyətinin, Milli Elmlər
Akademiyasının, Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə Salyanda konfrans keçirildi. Tədbirdə iştirak edən alimlər
çıxış edərək göstərdilər ki, Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının
Babazanlı dağında apardığı arxeoloji
qazıntılar zamanı tapılan maddi mədəniyyət
nümunələri Salyanın ən azı 2 min
800 il tarixə malik olduğunu təsdiqləyir.
Tarixi öyrənmək, onu
gələcək nəsillərə çatdırmaq sahəsində
Salyan rayonunda
aparılan tədqiqatlar son dərəcə
təqdirəlayiq hal hesab
olunmalıdır. Ölməz şairimiz S.Vurğunun dediyi kimi:
Kim bilir, dünyanın neçədir
yaşı?
Tarixin nə qədər yazısı
vardır...
Hər saxsı
parçası, hər məzar daşı
Nəsildən-nəsilə
bir yadigardır.
Təsadüfdən
zərurət yaranır, deyiblər. Qərinələr, əsrlər,
eralar boyu
torpağın altında yatan və
qızıl kimi öz
dəyərini itirməyən möhtəşəm bir tarixi bayram
etməyə dəyər. Odur ki, Salyan Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Kərimov bu missiyanı öz üzərinə
götürdü. Komissiyanın növbəti
iclaslarının birində 2 min 800 illiyin oktyabr ayında qeyd edilməsi qərara alındı. Bunun üçün
hazırlıq işlərinə başlanıldı. Milli Elmlər Akademiyası, Arxeologiya
və Etnoqrafiya İnstitutu
və digər təşkilatlarla əlaqə
saxlanıldı, tədbirə dəvət olunacaq
şəxslərin siyahısı tutuldu. Bunlardan əlavə,
şəhər bayramsayağı bəzədildi.
Əvvəlcədən
qərara alındığı kimi,
oktyabrın 16-da keçirilən tədbirə Bakıdan,
ayrı-ayrı rayonlardan, hətta xaricdən
elmi-praktik konfransa və
yubiley şənliyinə çoxlu
sayda alimlər, sənətçilər,
əslən Salyandan olan
tanınmış adamlar gəlmişdilər. Tədbir
iştirakçıları öncə şəhərin mərkəzində
yerləşən Heydər parkına gələrək ulu öndərin tunc heykəli
önünə gül dəstələri
qoydular. Sonra RİH
binası qarşısında təşkil edilmiş
sərgiyə baxış keçirildi. Buraya tarixi mədəniyyət
nümunələri toplanmışdı.
Salyanın
2800 illiyinə həsr edilmiş elmi-praktiki konfransda
çıxış edən T.Kərimov tədbir
iştirakçılarını salamladı və
konfransın işinə uğurlar
arzuladı. Sonra Milli
Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, akademiyanın vitse-prezidenti
Nailə Vəlixanlı, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova,
Fransadan olan arxeoloq-alim Leonit Bertil, AMEA-nın müxbir üzvü, professor Bəhman
Əliyev, xalq artistləri Arif
Məlikov, Xuraman Qasımova, geologiya-mineralogiya elmləri namizədi, şair Oqtay Rza, Arxeologiya və Etnoqrafiya İnstitutunun
şöbə müdiri, professor
Arif Məmmədov çıxış
edərək Salyanın qədim tarixindən, arxeoloji
axtarışlar zamanı müəyyən edilən nümunələrdən,
bu sahədə alimlərin
apardığı səmərəli tədqiqatdan
danışdılar.
Konfransın yekununda bu işdə əməyi
olan alimlər Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan
Milli Elmlər Akademiyasının fəxri fərmanları və
qiymətli hədiyyələri ilə
mükafatlandırıldılar. Sonda incəsənət
ustalarının iştirakı ilə konsert oldu.
Seyran CAVADOV
Azərbaycan.-2012.-
18 oktyabr.- S.4.