Çörəyi baldan çıxanlar

 

 Bakıda növbəti bal sərgi-satış yarmarkası açıldı

 

 Dünən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtdakı "Laləndə" şadlıq evində ənənəvi bal sərgi-satış yarmarkasının açılışı oldu. Yarmarka noyabrın 5-dək fəaliyyət göstərəcək. Burada ölkənin müxtəlif bölgələrini təmsil edən arıçılar gətirdikləri 300 ton balı satacaqlar. Sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd arıçılara yetişdirdikləri məhsulu paytaxtda satmaq imkanı yaratmaqdır. Bununla yanaşı, arıçıların yarmarkada bir-birlərinin əldə etdikləri təcrübələrini bölüşmələrinə də imkan yaranacaq.

Sərgiyə saxta balın gətirilməsinin qarşısını almaq məqsədilə laboratoriyada analizlərin aparılması üçün Türkiyədən təcrübəli mütəxəssislər də dəvət olunub.

Tədbirin açılışında çıxış edən kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov bildirdi ki, Azərbaycanda arıçılığın tarixi çox qədimdir. Eyni zamanda, ölkəmizdə olan arı növləri keyfiyyətinə və məhsuldarlığına görə digərlərindən üstündür. Buna görə də XIX əsrdə amerikalılar Azərbaycandan arı ailələrini damazlıq üçün öz ölkələrinə aparıblar.

Aslan Aslanov onu da qeyd etdi ki, son illər ölkəmizdə arıçılıq sürətlə inkişaf edir, ildən-ilə arı ailələrinin sayı və məhsulun həcmi artır. O bunun səbəbini dövlət səviyyəsində aqrar sektora göstərilən qayğı ilə izah etdi. Hər il ənənəvi olaraq belə sərgilərin keçirilməsinin bunu əyani sübut etdiyini söyləyən nazir müavini vurğuladı ki, ölkəmizdə arıçılığı inkişaf etdirmək üçün beynəlxalq əlaqələrin qurulması bu sahədə dünyada olan müsbət təcrübədən bəhrələnməyə xidmət edir. Bu məqsədlə Beynəlxalq Arıçılıq Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə arıçılığın kompleks inkişafı üçün xeyli işlər görülübbu əməkdaşlıq növbəti illərdə də davam edəcək.

Arıçı Ələkbər Salayev Lerik rayonundan gəlib. İxtisasca alim-aqronomdur. 20 ildir ki, arıçılıqla məşğul olur. Bu sahədən əldə etdiyi gəlirlə ailəsini rahat dolandırır. Bildirdi ki, saxladığı 65 arı ailəsinin hər birindən ildə 8-10 kiloqram bal alır. Balın keyfiyyətli olması üçün arıları təbiətin ən səfalı yerlərinə aparır. Bu da arıların yem tədarükü görməyinə və yaxşı məhsul verməsinə imkan yaradır. Arıçı bildirdi ki, ötənilki sərgi-satış yarmarkasında istehsal etdiyi balı sata bilib. Bu il də belə imkandan istifadə etdiyi üçün sərgi-satış yarmarkasının təşkilatçılarına minnətdardır.

Qax rayonunun İlisu kəndindən olan arıçı Natiq Xəlilov da hər il belə sərgi-satış yarmarkalarının keçirilməsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, keçən il də yarmarkada iştirak edib, istehsal etdiyi balı rahat satıb. Bu il də belə bir imkandan yararlandığı üçün məmnundur. Dedi ki, hazırda 40 arı ailəsi saxlayır və bu rəqəmi 200-ə çatdırmaq istəyir. Dolanışığından razıdır və çörəyi əsasən baldan çıxır.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.-2012.- 18 oktyabr.- S.4.