Moskvada
vokalçıların qarşıdakı M.Maqomayev
adına Beynəlxalq müsabiqəsinə həsr
edilmiş mətbuat konfransı olmuşdur
Vokalçıların
Müslüm Maqomayev adına 2-ci Beynəlxalq müsabiqəsi
ərəfəsində "Metropol" hotelinin konfrans
salonunda müsabiqənin münsiflər heyətinin sədri,
SSRİ xalq artisti Tamara Sinyavskayanın və M.Maqomayev
adına Fondun təsisçisi Araz Ağalarovun mətbuat
konfransı keçirilmişdir. Mətbuat konfransında həmçinin
tanınmış Azərbaycan bəstəkarı və
müğənnisi, müsabiqədə xüsusi dəvət
olunmuş qonaq kimi çıxış edəcək EMİN
də iştirak etmişdir.
Tamara Sinyavskaya jurnalistlərə
müsabiqəyə hazırlığın son mərhələsindən
danışaraq bildirmişdir ki, müsabiqə oktyabrın
20-21-də Moskvanın ən böyük konsert zalında -
Müslüm Maqomayevin adını daşıyan "Krokus
Siti Holl"da olacaqdır. O bildirmişdir ki, bu il müsabiqədə
10 ölkədən - Rusiya, Azərbaycan, Belarus,
Gürcüstan, Almaniya, Koreya Xalq Demokratik Respublikası,
Monqolustan, ABŞ, Özbəkistan və Ukraynadan 18
ifaçı iştirak edəcəkdir. T.Sinyavskaya
demişdir: "Müsabiqə həm də ona görə
unikal xarakter daşıyacaq ki, burada vokalçılar öz
istedad və bacarıqlarını həm klassik, həm də
estrada repertuarının ifasında göstərəcəklər.
Bundan başqa, müsabiqəçilərin ifa edəcəyi
proqram təkrar olunmayacaq. Birinci gün vokalçılar opera
və estrada əsərlərini, ikinci gün isə SSRİ
xalq artisti Müslüm Maqomayevin repertuarından əsərlər
ifa edəcəklər".
Araz Ağalarov bildirmişdir ki,
müsabiqədə iştirak etmək üçün cəmi
230 ərizə verilmişdi, son dərəcə ciddi
seçim olmuşdur. Bu seçim çox gözəl vokal
göstəriciləri olan layiqli ifaçıları
aşkara çıxarmışdır. O demişdir:
"Müsabiqə maraqlı olacaq, çünki bərabər
imkanlar şəraitində ən yaxşı ifaçı
qalib gələcəkdir".
Bu il müsabiqənin münsiflər heyətinə
Rusiya, Azərbaycan, İtaliya və Latviyadan görkəmli incəsənət
xadimləri, musiqiçilər daxil olmuşlar. Onların
arasında SSRİ-nin və Azərbaycanın xalq artisti,
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli
də vardır.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.-2012.-
18 oktyabr.- S.5.