Azərbaycan
Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın
Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla
çıxış etmişlər
Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin Azərbaycana
rəsmi səfəri
Azərbaycan
Prezidenti İlham Əliyevin bəyanatı
- Cənab
Sədr!
Əziz qonaqlar, xanımlar və cənablar!
Bosniya və Herseqovinadan olan
dostlarımızı, cənab Sədrin rəhbərlik etdiyi
nümayəndə heyətini Azərbaycanda salamlamaqdan
şadam. Bu, tarixi səfərdir. Bu, bizim münasibətlərimizin
tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin
böyük potensialı, böyük gələcəyi
vardır. Ümid edirəm ki, səfər ikitərəfli
münasibətlərin inkişafında mühüm mərhələ
olacaqdır. Həmçinin əməkdaşlığımızın
tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə
Bakı arasında saziş imzalandı və onlar
qardaşlaşmış şəhərlər oldu.
Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri
bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə
- iki müstəqil dövlət
səviyyəsində.
Bu gün biz ikitərəfli gündəliyimizdə
olan məsələlərə dair geniş müzakirə
apardıq. Şübhəsiz ki, siyasi dialoq genişlənir.
Biz Bosniya və Herseqovinaya BMT Təhlükəsizlik
Şurasına üzv seçilməyimizlə bağlı
göstərdiyi dəstəyə görə minnətdarıq.
Biz də öz tərəfimizdən Sizin ölkənizi beynəlxalq
təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik.
Eyni zamanda, biz iqtisadi əməkdaşlığın
perspektivlərini də geniş müzakirə
etdik. Tamamilə əminik ki,
əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi vardır. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin
qarşılıqlı fəaliyyətini və sərmayə
imkanlarını tam həcmdə müəyyən
edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz
birgə layihələr xalqlarımızın və ölkələrimizin
rifahına xidmət edəcəkdir. Azərbaycan ölkədən
kənarda da çox
fəal sərmayələr yatırır. Dost
ölkələrə sərmayə qoyuluşları,
şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də düşünürəm
ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Biz
bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf
edirik.
Bu gün həmçinin regional vəziyyəti
müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
bizim üçün
əsas məsələdir.
Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından
əziyyət çəkir.
Bu, bir milyon
azərbaycanlının doğma
torpaqlarından sürgün
edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən
artıqdır ki, Azərbaycanın beynəlxalq
səviyyədə tanınan
ərazisinin 20 faizi ermənilərin işğalı
altındadır. Beynəlxalq təşkilatlar,
o cümlədən BMT Təhlükəsizlik
Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan
torpaqlarından qeyd-şərtsiz
və təxirə salınmadan çıxarılması
ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ
də icra olunmur. Bu münaqişənin
beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində
tez bir zamanda
həlli bütün ölkələr üçün
əlverişli olacaqdır.
Bizim ölkələrin bir
çox oxşarlıqları
vardır. Hər iki
ölkə başqa bir dövlətin tərkibində yaşayıb.
Müstəqilliyimizin əldə
edilməsi bir sıra ciddi çağırışlar, problemlər
və ölkələrimizə
qarşı təcavüz
ilə müşayiət olunub.
Biz təcavüz, işğal və dağıntılardan əziyyət
çəkmişik. Bu
həmçinin bizi birləşdirən cəhətdir.
Həm keçmişin
xoş xatirələri,
həm də 20 il əvvəl
baş verənlər
bizi birləşdirir.
Buna görə də biz bir-birimizi çox yaxşı başa düşürük.
Biz bir-birimizin problemlərini başa düşürük, bir-birimizin
ağrısını duyuruq.
Ölkələrimiz arasında
fəal əməkdaşlıq vətəndaş
cəmiyyətlərimizdən gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən kəşf etməkdəyik.
Əminəm ki, biz regional əməkdaşlığın
nümunəsi olacaq tərəfdaşlıq quracağıq.
Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur
layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx
bağlayacaq dəmir yolu layihələri gercəkləşdiririk. Azərbaycan bu
regional əməkdaşlığın inkişafında çox maraqlıdır.
Bu gün biz cənab Sədr ilə
enerji, xüsusən də, təbii qaz sahəsində əməkdaşlığın
imkanlarını müzakirə etdik. Azərbaycanın
böyük ehtiyatları və potensialı vardır. Biz
mühüm boru kəmərləri layihələri icra edirik.
Bir sözlə, əminəm ki, Bosniya və Herseqovina Sədrinin
səfəri əlaqələrimizin tarixində ən
mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq
üçün yeni imkanlar açacaqdır. Nəticədə
bizim ölkələr daha da yaxın olacaq və gələcəkdə
biz mühüm işlər görəcəyik. Bir daha, cənab
Sədr, Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm.
Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyinizi arzu edirəm.
Azərbaycan.-2012.-
19 oktyabr.- S.2.