Azərbaycan
Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla
çıxış etmişlər
Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin Azərbaycana rəsmi səfəri
Bosniya və Herseqovinanın
Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin bəyanatı
- Təşəkkür edirəm, cənab
Prezident!
Qonaqpərvərliyə, çox xoş
və ruhlandırıcı sözlərə, həmçinin
tariximizin ən çətin dövründə Sizin ölkənizin
və xalqınızın bizə verdiyi dəstəyə
görə çox minnətdaram.
Biz oxşar tarix yaşamışıq.
Hətta oxşar əlamətdar illər belə
üst-üstə düşür: əvvəlcə kommunist
rejimində yaşamağımız, daha sonra 1990-cı ildə
ölkələrimizdə demokratiyanı inkişaf etdirməyə
başlamağımız, 1992-ci ildə çətinliklərlə
üzləşməyimiz və digər tarixlər. Bizim
xalqlarımız, dövlətlərimiz soyqırımı
problemi, təcavüzlə,
ölkənin parçalanmasına yönələn cəhdlərlə
üzləşib. Bosniya və Herseqovina sərhədləri
güc vasitəsilə dəyişməyə cəhd göstərənləri
heç vaxt dəstəkləməyəcəkdir. Bu məsələdə
bizə güvənə bilərsiniz.
Qeyd etdiyiniz kimi, əlaqələrimizi
niyyətlərdən konkret hərəkətə
yönəltməyin vaxtı çatıb. Məsələn,
iqtisadi əlaqələrin qurulması, nümayəndə heyətlərinin
mübadiləsi, sərmayə qoyuluşu və sairə.
Bosniya və Herseqovina Azərbaycana maraq göstərir. Sizin
yüksək keyfiyyətli və münasib qiymətə təklif
etdiyiniz təbii qazınız vardır. Böyük qaz
istehlakçısı olduğumuza görə biz alternativlər
axtarmalıyıq. Eyni zamanda, biz Sizin sərmayələrinizdə
də maraqlıyıq.
Bosniya və Herseqovinada
kənd təsərrüfatı və sənayenin müxtəlif
sahələrinin inkişafına maraq
vardır. Bizdə turizmin inkişafı üçün imkanlar mövcuddur. Amma biz, ilk növbədə,
qarşılıqlı səfərlər həyata
keçirməliyik. Bu gün biz bir sıra sənədlər imzaladıq ki, bunlar da
ölkələrimiz arasında daha asan münasibətlər qurmağa,
nümayəndə heyətlərinin, iş
adamlarının qarşılıqlı səfərlərini
və digər məsələləri mümkün
edir. Əminəm ki,
Sizin dediyiniz kimi, bizi gələcəkdə
daha yaxşı münasibətlər
gözləyir.
İstərdim Sizi yenidən Bosniya və
Herseqovinaya səfərə dəvət edim. Bildiyimə görə, Siz
təqribən 14 il əvvəl çox hörmətli atanızla bizim ölkədə səfərdə olmusunuz. Zənnimcə, bizim
gözəl ölkəmizə bir daha səfər etməyinizin
vaxtı çatıb. Düşünürəm ki, Azərbaycana səfərə gələcək
Bosniya və herseqovinalılar mənim kimi Sizin ölkənizin və
paytaxtınızın gözəlliyinə heyran
olacaqlar. Nümayəndə heyətimizin
üzvləri və mən Bakının gözəlliyinə
heyran qaldıq. Bir daha təşəkkür edirəm.
Azərbaycan.-2012.-
19 oktyabr.- S.2.