Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana rəsmi səfəri

 

Heydər Əliyev Fondu ilə tanışlıq

 

 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç və xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-də Heydər Əliyev Fondunda olmuşlar. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Bakir İzetbeqoviç və xanımı ulu öndərin şəxsi arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.

Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar. Ulu öndər Heydər Əliyevin Bakir İzetbeqoviçin atası, Bosniya və Herseqovinanın ilk Prezidenti Aliya İzetbeqoviçlə 1995-ci il oktyabrın 25-də Nyu-York şəhərində çəkdirdiyi şəkil qonaqlara xoş təsir bağışlamışdır.

Rəyasət heyətinin Sədri Bakir İzetbeqoviç fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.

Ali qonağa Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olundu.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.3.