Sanatoriya-kurort müəssisələrində
sanitar-gigiyenik Tələblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Tələblər
Azərbaycan Respublikasının "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Sanitariya-epidemioloji salamatlıq haqqında", "Təbii
müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma
yerləri və kurortlar haqqında" və "Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında" qanunlarına uyğun hazırlanmış və
sanatoriya-kurort müəssisələrində (bundan sonra -
müəssisələr) sanitar-gigiyenik tələblərə dair
qaydaları müəyyən edir.
1.2. Bu Tələblər mülkiyyət
formasından və tabeliyindən asılı olmayaraq, yeni
tikilən, yenidən qurulan, əsaslı təmir və bərpa
edilən müəssisələrə şamil edilir.
1.3. Müəssisələrin layihələndirilməsini,
tikintisini, yenidən qurulmasını, əsaslı təmirini
və bərpasını həyata keçirən hüquqi və
fiziki şəxslər bu Tələblərə riayət etməlidirlər.
1.4. Bu Tələblərin icrasına nəzarət
ərazi gigiyena və
epidemiologiya mərkəzləri tərəfindən həyata
keçirilir.
2. Müəssisələrin yerləşdirilməsinə,
ərazisinə və quruluşuna dair sanitar-gigiyenik tələblər
2.1. Ərazinin
müəssisə kimi qəbul olunması həmin ərazinin
baş planı və orada mövcud olan təbii müalicə
ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji,
sanitar-gigiyenik və digər tədqiqatları əsasında
müəyyən edilir.
2.2. Müəssisələr şəhər,
qəsəbə və kənd yaşayış məntəqələrinin
planlaşdırılması və tikintisinə dair tələblərə
uyğun olaraq, eləcə də sanitariya-gigiyena
normalarının, sanitariya-mühafizə zonalarının və
qanunvericiliklə müəyyən edilmiş məsafələrə
gözlənilməsi şərtilə,
yaşayış-ictimai, sənaye, kommunal-təsərrüfat
(yaşıllıq və şəhərətrafı zonalar,
dəmiryol, hava və dəniz limanları, şlüzlər,
hidroelektrik stansiyaları, çirkab sularının
axıdılma yerləri, tullantıların yerləşdirilmə
obyektləri, çaylar, bulaq mənsəbləri,
sürətli avtomobil magistralları və digər səs-küy
mənbələri) obyektlərindən kənarda yerləşdirilir.
Obyektlər yerləşdirilərkən külək və
dalğaların təsiri, ətraf mühitin (su, torpaq, atmosfer
havası) çirklənmə səviyyəsi nəzərə
alınır və zərərli amillərin təsirinin aradan
qaldırılması üçün profilaktik tədbirlər
müəyyən edilir.
2.3. Sanitar-gigiyenik, geoloji, ekoloji və fiziki-coğrafi göstəricilərə
uyğun olaraq, tibbi heyətin nəzarəti altında həyata
keçirilən, müalicə-profilaktik prosedurlar
üçün yararlı olan təbii və ya süni su
hövzəsinin (dəniz, göl, su anbarı, çay) sahil
suları ilə birgə təşkil olunmuş, sahil ərazisi
kimi qəbul edilmiş çimərliklərin təsərrüfat-içməli
su təchizatı mənbələrinin birinci
sanitariya-mühafizə zonasının sərhədlərində
yerləşdirilməsinə yol verilmir.
2.4. Müalicəvi çimərliklərin
təşkili üçün su obyektləri seçilərkən
hidrogeoloji rejim (burulğanların, sürəti 0,5 m/san-dən
yüksək olan axınların və su cərəyanlarının,
su səviyyəsinin kəskin dəyişməsi halları),
suyun keyfiyyətinin normativ sənədlərin tələblərinə
uyğunluğu, su hövzəsi dibinin (quyuların, lilli sahələrin,
iti əşyaların və konstruksiyaların olmaması) və
qruntun relyefi mütləq nəzərə alınır.
2.5. Müəssisələrdə
aparılan tikinti və yenidənqurma işləri,
quraşdırılan avadanlıqlar və qurğular, eləcə
də relyefdə edilən süni dəyişikliklər əsas
təbii amillərin (hava mübadiləsinin, su təminatının
və s.) dəyişməsinə səbəb
olmamalıdır.
2.6. Çimərliklər yataq
korpuslarından kənarda, piyadalar üçün əlverişli
gediş-gəliş zonasında (1,2 km) yerləşdirilir,
magistral yollara rahat giriş və çıxış
keçidləri, enişlər və ya qaldırıcı-nəqliyyat
vasitələri (cığır, pilləkən, lift,
funikulyor və s.) ilə təmin
olunur.
2.7. Çimərliklərin təşkili,
quruluşu, yerləşdirilməsi, mühəndis təchizatı,
istismar qaydası və digər məsələlər layihələndirmə
tapşırığına və bu obyektlərə dair
qüvvədə olan normativ sənədlərə uyğun nəzərdə
tutulur.
2.8. Komfortluq şəraitindən (ulduz dərəcələri)
asılı olaraq, müəssisələr şəhərsalma,
memarlıq-planlaşdırma və mühəndis xüsusiyyətlərini
əks etdirən aşağıdakı tələblərə
cavab verməlidir:
2.8.1. şəhərsalma tələbləri
- obyektlərin baş planlarında yaşayış,
müalicə və istirahət şəraitini təmin edən
müəyyən elementlərin mütləq nəzərə
alınmasını müəyyənləşdirir;
2.8.2. memarlıq-planlaşdırma
üzrə tələblər - müəssisələrin
müxtəlif funksional zonalarında yerləşdirilən
müvafiq təyinatlı binaların və tikililərin
mövcudluğu ilə əlaqədardır;
2.8.3. mühəndis təminatı
üzrə tələblər - binalarda və otaqlarda normal
mikroiqlim şəraitinin təminatı ilə yanaşı,
müasir tələblərə cavab verən piyada, nəqliyyat
və informasiya kommunikasiyalarının yaradılmasını
nəzərdə tutur.
2.9. Müəssisələrin ərazisi
abadlaşdırılır,
yaşıllaşdırılır, hasarlanır və
işıqlandırılır. Binaların girişində nəqliyyat
vasitələrinin, əlil və uşaq arabalarının
rahat hərəkəti üçün pandus sistemi nəzərdə
tutulur.
2.10. Müəssisələrin ərazisində
müxtəlif təyinatlı (piyada, nəqliyyat, təsərrüfat
məqsədləri üçün) keçidlər, nəqliyyat
vasitələrinin dönmə sahəsi, avtomobil
dayanacaqları, müalicə olunan və istirahət edənlər
üçün yaşıllıq zolağı ilə təchiz
edilmiş gəzinti zonaları, istirahət guşələri,
stolüstü oyunlar və ədəbi qiraət
pavilyonları, ünsiyyət köşkləri,
şüşəbəndlər və terraslar, fəal istirahət
və idman meydançaları, kütləvi tədbirlərin
(kino, konsert, mühazirə və s.) keçirilməsi
üçün açıq tipli yay meydançaları, eləcə
də ərazidə optimal mikroiqlimin və estetik
görünüşün yaradılması üçün
dekorativ fəvvarələr nəzərdə tutulur.
Relyefin quruluşundan, landşaftdan, təbii
və iqlim şəraitindən asılı olaraq, müalicə-sağlamlaşdırma
yerlərində və kurortların ərazisində funikulyor,
kanat xətti, panoramlı lift və digər texniki
qurğuların quraşdırılmasına yol verilir.
2.11. Müəssisələrin
planlaşdırılma həlli kurort və rekreasiya ərazisinin
ümumi memarlıq planı çərçivəsində ərazinin
təbii və digər xüsusiyyətləri öyrənilməklə
yaradılır. Binalar və sahələr arasında səmərəli
qarşılıqlı əlaqənin yaradılması, yataq
otaqlarının əlverişli səmtləşdirilməsi
məqsədi ilə müəssisələrin layihələndirilməsi
və tikintisi vaxtı əsasən
aşağıdakı 4 növ
kompozisiya həlli qəbul edilir:
2.11.1. mərkəzləşdirilmiş
tipli müəssisələrdə təsərrüfat sahələri
istisna olmaqla, digər bölmələr bir binada yerləşdirilir.
Belə müəssisələrdə ilin bütün
mövsümlərində müxtəlif otaqlar və bölmələr
arasında rahat əlaqənin yaradılması ilə
yanaşı, pasiyentlərin yataq otaqlarından xidmət sahələrinə
qədər qısa hərəkət qrafiki də təmin
olunur. Müxtəlif bölmələr arasında yaradılan
qısa məsafələr işçi heyətinin fəaliyyətini
asanlaşdırır;
2.11.2. çoxbloklu binalardan ibarət
müəssisələrin planlaşdırılması
zamanı yataq, qidalanma, mədəni-kütləvi xidmət və
müalicə-sağlamlaşdırma bölmələri
bir-biri ilə qapalı keçidlərlə birləşmiş
ayrı-ayrı korpuslarda yerləşdirilir. Çoxbloklu
müəssisələrdə yataq, müalicə-sağlamlaşdırıcı
və ictimai iaşə müəssisələri müxtəlif
bloklarda təşkil olunur;
2.11.3. pavilyon tipli müəssisələrdə
əsas struktur bölmələri bir-biri ilə əlaqəsi
olmayan ayrı-ayrı tikililərdə (pavilyonlarda) yerləşdirilir.
Ayrı-ayrı binalarda müalicə olunan və istirahət
edən insanların bilavasitə təbiətə
yaxınlığı pavilyon tipli müəssisələrin əsas
üstünlüyünü təşkil edir;
2.11.4. qarışıq tipli müəssisələr
yuxarıda qeyd olunan 3 növ kompozisiya həllinin müxtəlif
kombinasiyalı variantından ibarətdir. Müalicə-sağlamlaşdırma
və xidmət işlərinin nisbətən səmərəli
və rahat təşkil olunduğu mərkəzləşdirilmiş-pavilyon
və bloklaşdırılmış-pavilyon tipli
variantların tətbiqi daha məqsədəmüvafiqdir.
2.12. Layihələndirmə mərhələsində
müəssisələrin növü müəyyənləşdirilərkən
bölmələrin bir-biri ilə qarşılıqlı əlaqəsinin
təmin edilməsi və otaqların yerləşdirilməsi
zamanı texnoloji axın ardıcıllığının
gözlənilməsi əsas meyar götürülür.
2.13. Müəssisələrin ərazisində
səs-küy, vibrasiya, elektromaqnit şüalanması və
digər zərərli fiziki amillərin səviyyəsi müəyyən
olunmuş hədlərdən yüksək olmamalıdır.
2.14. Müəssisələrin müxtəlif
zərərli tullantılarla çirklənmiş ərazilərdə
yerləşdirilməsinə yol verilmir. Torpaqda və havada
toksiki və zərərli maddələrin səviyyəsi, eləcə
də radioloji fon gigiyenik normalardan yüksək
olmamalıdır.
2.15. Təbii müalicə
ehtiyatlarının nəqli üçün istifadə edilən
boru kəmərləri və müəssisənin magistral mühəndis-kommunikasiya xətləri
istisna olmaqla, digər magistral mühəndis-kommunikasiya xətləri
(su təminatı, kanalizasiya, neft, qaz, istilik təchizatı,
yüksəkgərginlikli elektrik xətləri və s.) müəssisələrin
ərazisindən keçməməlidir.
2.16. Müəssisələrin ərazisində
digər təyinatlı, funksional əlaqəsi olmayan binalar və
tikililər yerləşdirilmir.
2.17.
Müəssisələrdə tibb məntəqələrinin
və müalicə-profilaktika müəssisələrinin
strukturu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən müəyyənləşdirilir.
2.18. Struktur bölmələrinin
quruluşu və tərkibi
müəssisələrin profilindən və bölmələrin
gücündən asılı olub, layihələndirmə
tapşırığına və qüvvədə olan
tikinti norma və qaydalarına uyğun qəbul edilir.
2.19. Müəssisələrin yerləşdiyi
binaların və otaqların memarlıq-planlaşdırma və
konstruktiv həlli sanitar-gigiyenik və əksepidemik rejimin, səmərəli
müalicə və keyfiyyətli kurort xidmətinin göstərilməsini
və işçi heyəti üçün əlverişli
iş şəraitinin yaradılmasını təmin etməlidir.
3. Sanatoriya-kurort müəssisələrinin
sanitariya-mühafizə zonalarının təşkili
3.1. Müəssisələrin mühafizəsi məqsədi ilə
onların ətrafında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 268
nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii
müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma
yerlərindən və kurortlardan istifadə Qaydası və
rejimi"nin tələblərinə uyğun olaraq
sanitariya-mühafizə zonaları təşkil edilir. Bu
zonaların hüdudları daxilində fəaliyyəti
zamanı insanların təbii üsulla müalicəsinə və
əhalinin istirahətinə mənfi təsir göstərən
müəssisələrin istifadəsinə və icarəsinə
torpaq sahələrinin ayrılmasına yol verilmir.
3.2. Müəssisələrin
qırmızı xətti ilə ətrafdakı tikililər və
mühəndis qurğuları, eləcə də müəssisənin
korpusları arasındakı məsafələr qüvvədə
olan tikinti normalarına və sanitariya qaydalarına uyğun qəbul
edilir.
3.3. Sanatoriya-kurort müəssisələrinin
sanitariya vəziyyətinin lazımi səviyyədə
saxlanılması üçün müntəzəm
sanitariya-sağlamlaşdırma, abadlaşdırma və digər
profilaktik tədbirlər həyata keçirilir.
4. Müəssisələrdə
binaların, otaqların, avadanlığın, ləvazimatın
saxlanılmasına dair sanitar-gigiyenik tələblər
4.1. Müəssisələrin tərkibində
olan binalarda otaqların, eləcə də zirzəmilərin və
yarımzirzəmilərin istifadəsi ictimai binalara dair
qüvvədə olan tikinti normalarının tələblərinə uyğun həyata
keçirilməlidir.
4.2. Müəssisələrdə qəbul
və qeydiyyat bölməsi, müalicə-profilaktika bölməsi,
yataq zonası, idman və istirahət zonası, mədəni-kütləvi
tədbirlər zonası, ictimai iaşə bloku, təsərrüfat-anbar
sahəsi, mühəndis qurğuları yerləşən
zona, xidmət və məişət blokları nəzərdə
tutulur.
4.3. Qəbul şöbələrində
müraciət edənlərin qeydiyyatı üçün
xüsusi sahə nəzərdə tutulmalıdır. Qeydiyyat
sahəsi gözləmə zallarında yerləşdirilir.
4.4. Əsas və yardımçı
otaqların tərkibi və sahəsi qüvvədə olan
normativ sənədlərin tələblərinə və
layihə tapşırığına uyğun müəyyən
olunmalıdır.
4.5. Binalarda liftlərin sayı 2-dən
az olmayaraq nəzərdə tutulur. Müalicə-profilaktika
işləri həyata keçirilən binalarda lift
şaxtaları və maşın şöbələri yataq
otaqlarından, müalicə vannaları sahəsindən və
müalicə-diaqnostik kabinetlərdən ən azı 6,0 m
aralı məsafədə yerləşdirilir. Dövlət
sanitariya-epidemioloji nəzarət orqanları ilə razılaşdırıldığı
təqdirdə və səs-küy əleyhinə profilaktik tədbirlər
nəzərdə tutulduqda, bu məsafə azaldılır.
4.6. Müəssisələrdə səs-küy
və vibrasiya mənbəyi olan avadanlıqların yataq
otaqları və istirahət zonalarının, müalicə-diaqnostika
və prosedur kabinetlərinin bilavasitə
yaxınlığında yerləşdirilməsinə yol
verilmir. Səs təzyiqi və vibrasiya səviyyələri Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Ətraf mühitə
və insan sağlamlığına mənfi təsir göstərən
vibrasiya və səs-küy çirklənmələri
normaları"na uyğun olaraq müəyyənləşdirilir.
4.7. Müalicə-profilaktika prosesləri
həyata keçirilən çoxprofilli kurort müəssisələrində
sterilizasiya sahəsi nəzərdə tutulur. Sterilizasiya sahəsinin
tərkibi və otaqların sahəsi qüvvədə olan
sanitariya normaları və qaydalarına və layihə
tapşırığına uyğun olmalıdır.
4.8. Müəssisələrin nəzdində
layihələndirilən camaşırxanaların məhsuldarlıq
gücü müalicə-sağlamlaşdırma yerlərində
və kurortlarda müalicə olunan və istirahət edən insanların
sayına uyğun olaraq müəyyənləşdirilir.
Ağların yuyulması zamanı
çirkli və təmiz ağların bir-biri ilə
qarışması istisna edilir.
4.9. İşçi heyətinin, istirahət
edən və müalicə olunan insanların qidalanma rejiminin
təmin olunması üçün müalicə-sağlamlaşdırma
yerlərində və kurort müəssisələrində
qidalanma bloklarının təşkili və yerləşdirilməsi
qaydası layihə tapşırığına və ictimai
iaşə müəssisələrinə dair qüvvədə
olan şəhərsalma və tikintiyə dair normativ sənədlərə
uyğun aparılır.
4.10. Bütün otaqlar, müayinə-müalicə
və prosedur kabinetləri, avadanlıqlar, tibbi və digər
ləvazimatlar təmiz şəraitdə saxlanılır.
Otaqların yaş üsulla təmizlənməsi (döşəmələrin,
mebellərin, avadanlığın, pəncərə
altlığının, qapıların və s.) müəyyən
olunmuş qaydada tətbiqinə icazə verilən yuyucu və dezinfeksiyaedici vasitələrdən
istifadə olunmaqla həyata keçirilir.
4.11. Təmizləyici vasitə istifadə
edildiyi otaqların adı qeyd olunmaqla (yataq otaqları,
müayinə-müalicə kabinetləri, sanitar
qovşağı, dəhlizlər və s.), dəqiq nişanlanır,
təyinatı üzrə istifadə olunur, bu məqsədlə
ayrılmış otaqda və yaxud xüsusi dolabda
saxlanılır.
4.12. Müayinə-müalicə kabinetlərində,
prosedur otaqlarında quraşdırılan taxtların
üstü (fərdi və ya birdəfəlik örtüklərdən
istifadə etmək olar) müşəmbə ilə
örtülür və hər
xəstənin müalicə və müayinəsindən sonra
dezinfeksiyaedici məhlulun tətbiqi ilə zərərsizləşdirilir.
4.13. Müalicəvi vanna proseduru kabinetlərində
hər dəfə xəstənin qəbulundan sonra dezinfeksiyaedici maddələrin
tətbiqi ilə təmizlik işləri aparılır.
4.14. İstifadə olunan rezin
ayaqaltılar hər günün sonunda yuyulub dezinfeksiya edilir.
4.15. Yataq otaqlarında birdəfəlik nəleyinlərdən
(başmaqlardan) istifadə olunur.
4.16. Yataq otaqlarındakı ağlar həftə
ərzində ən azı bir dəfə əvəzlənir,
çirkləndikdə isə dərhal
dəyişdirilir.
4.17. Çirkli ağlar xüsusi
qapalı tutumlara (polietilen kisələrdə, xüsusi təchiz
edilmiş arabalarda və s.) yığılır və mərkəzləşdirilmiş
anbara ötürülür. Çirkli ağların yataq
otaqlarında çeşidlənməsi qadağandır və
onlar müvəqqəti (12 saatdan artıq olmayaraq) yalnız əlüzyuyanlarla
təchiz edilmiş və suyadavamlı səthə malik
otaqlarda, qapalı tutumlarda saxlanır. Ağların
daşınması, yüklənməsi,
boşaldılması ilə bağlı proseslər mexanikləşdirilir.
4.18. İstismar prosesində dərini və
selikli qişanı zədələyən, yara səthi ilə
qan və ya inyeksiya
preparatları ilə təmasda olan və dəfələrlə
istifadə edilən tibbi təyinatlı məmulatlar
dezinfeksiya olunur, sterilizasiyaya qədər təmizlənir və
sterilizasiya edilir.
4.19. Dezinfeksiya və
sterilizasiyaqabağı təmizləmə və sterilizasiya
işləri Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən müəyyən olunmuş
sanitariya normaları və qaydalarına uyğun olaraq həyata
keçirilir.
4.20. Birdəfəlik istifadə olunan məmulatlar
dezinfeksiyadan sonra müəyyən olunmuş qaydada utilizasiya
edilir.
4.21. Müəssisələrdə
müəyyən edilmiş qaydada
qeydiyyatdan keçmiş dezinfeksiyaedici maddələrin
istifadəsinə icazə verilir.
4.22. Binalarda sinantrop buğumayaqlılar,
siçovullar və digər gəmiricilər olmamalıdır.
Onların məhv edilməsi məqsədi ilə profilaktik tədbirlərin
(dezinfeksiya, dezinseksiya, deratizasiya)
həyata keçirilməsi sanitariya qaydalarına
müvafiq olaraq bu işlərə səlahiyyəti olan idarə
və təşkilatlar tərəfindən yerinə yetirilir.
4.23.
Müəssisələrin otaqlarında, funksional və
fizioterapiya kabinetlərində ayda 1 dəfədən az
olmayaraq, təsdiq edilmiş cədvələ əsasən əsaslı
təmizləmə işləri həyata keçirilir.
4.24. Müəssisələrdə
ehtiyac olduqda cari təmir işləri aparılır. Cari və
ya əsaslı təmir işləri aparıldığı
müddətlərdə həmin sahələrdə fəaliyyət
dayandırılır.
5. Otaqların daxili tamamlama işlərinə
tələblər
5.1. Müəssisələrin
binalarında və otaqlarında aparılan tikinti, yenidənqurma
və bərpa-tamamlama işləri zamanı otaqlarda
sanitar-texniki cihazlar, havaötürücü borular və
ventilyasiya sistemləri quraşdırıldıqda, funksional təyinatından
asılı olaraq müalicə-sağlamlaşdırma yerlərində
və kurort müəssisələrində tətbiqinə
icazə verilən materialların istifadəsi nəzərdə
tutulur.
5.2. Divarların, döşəmələrin
və tavanların səthi, tətbiqinə icazə verilən
yuyucu və dezinfeksiyaedici vasitələrin istifadəsinə
davamlı, hamar olmalı və asan təmizlənməlidir.
5.3. Yataq otaqlarında, müalicə-prosedur
otaqlarında, hollarda, dəhlizlərdə, yeməkxanalarda,
fizioterapiya və digər müalicə-diaqnostika kabinetlərində
divarlar antimikrob xüsusiyyətli örtüklərlə
üzlənir. Döşəmələr yüksək istilik
izolyasiyası xüsusiyyətlərinə malik
olmalıdır.
5.4. Cari dezinfeksiyaya məruz qalan nəm
rejimli otaqlarda (prosedur otaqları, müalicəvi vanna
otaqları, hovuz, duş kabinələri, sanitar
qovşaqları, yuma sahəsi, camaşırxana, çirkli
ağların saxlanılması və çeşidlənməsi
otaqları) divarlar otaqların hündürlüyü boyu
rütubətədavamlı materiallarla üzlənir.
5.5. Döşəmələrin üzlənməsi
üçün sukeçirməyən, akustikanı təmin
edən inşaat materiallarından istifadə olunur. Müəssisələrin
döşəmə örtüklərində deşik və
yarıqlar olmamalı, döşəmələr hamar,
bünövrəyə kip bərkidilmiş, yuyucu və
dezinfeksiyaedici vasitələrin təsirinə qarşı
davamlı olmalıdır. Nəm rejimli otaqlarda tavanlar
suyadavamlı materiallarla üzlənir.
5.6. Sanitar qovşaqlarında və digər
otaqlarda quraşdırılan əlüzyuyanların,
sanitar-texniki cihazların quraşdırıldığı
yerlərdə divar və arakəsmələrin
hündürlüyü 1,6 m
olmalı və cihazların hər tərəfi 20 sm enində
suyadavamlı materiallarla üzlənir.
5.7. Sanitar-epidemioloji rejimə riayət tələb
edilməyən otaqlarda, vestibüllərdə, dəhlizlərdə,
hollarda və digər yardımçı otaqlarda müxtəlif
konstruksiyalı asma tavanların tətbiqinə icazə
verilir.
5.8. Konstruksiyası və materialları
hermetikliyi, səthin hamarlığını, nəm üsulla
təmizliyi və dezinfeksiyanı təmin edən asma
tavanların prosedur, müalicəvi vannalar yerləşən
otaqlarda və yataq zonalarında quraşdırılmasına
yol verilir.
6. Su təchizatı
və kanalizasiya sisteminə dair tələblər
6.1. Mərkəzləşdirilmiş təsərrüfat-içməli,
soyuq və isti su ilə təmin edilmiş müəssisələrin
kanalizasiya sistemi olur. Təsərrüfat-içməli suyun
keyfiyyəti qüvvədə olan dövlət
standartının tələblərinə cavab verməlidir. Müstəqil
su təminatı sisteminə malik olan müəssisə tərəfindən
suyun istifadəsi su mənbəyinə dair yalnız müsbət
sanitar-epidemioloji rəy olduqda mümkündür.
6.2. Müəssisələrdə yaranan
çirkab sularının təmizlənməsi və zərərsizləşdirilməsi
həmin müəssisələrin mərkəzləşdirilmiş
kanalizasiya təmizləyici qurğularında həyata
keçirilir. Bu qurğular olmadıqda, çirkab suları
lokal təmizləyici qurğularda tam bioloji təmizlik mərhələsi
keçdikdən sonra kənarlaşdırılır.
6.3. Müəssisələrdə həyata
keçirilən palçıq müalicəsi prosedurları
zamanı, eləcə də müalicəvi
palçıqların istifadə edildiyi digər mənbələrdən
xaric olan çirkab suları əvvəlcədən xüsusi
axıdıcı borularla palçıq
çökdürücülərinə
yığılır.
6.4. İritutumlu kurort komplekslərinin
qidalanma bloklarından xaric olan çirkab sularının təmizlənməsi
üçün kanalizasiya sistemində xüsusi yağtutucu
qurğular nəzərdə tutulur.
6.5. Yeni tikilən və yenidən qurulan
müəssisələrin isti su təchizatı sistemində
profilaktik təmir işləri və sıradan çıxma
halları üçün ehtiyat isti su təchizatı
qurğusu nəzərdə tutulur.
6.6. Mövcud müəssisələrin
sanitariya-məişət otaqlarında, müayinə və
prosedur kabinetlərində, vanna və şəxsi gigiyena
kabinetlərində, bufetlərdə, bufet-paylama məntəqələrində,
qida bloklarında və əksepidemik rejim tələb edilən
digər funksional müayinə otaqlarında ehtiyat isti su təminatının
mənbəyi kimi müasir elektrik suqızdırıcı
sistemləri nəzərdə tutulur.
6.7. Yataq otaqlarında, tibbi müayinə,
diaqnostik və prosedur kabinetlərində, heyət və
iş otaqlarında, sanitar qovşaqlarında, digər
sanitariya-məişət və yardımçı otaqlarda
isti və soyuq su ilə təchiz edilən əlüzyuyanlar
quraşdırılır.
6.8. Müayinə, fizioterapiya və
prosedur otaqları, müalicəvi vanna otaqları, sanitariya-məişət
otaqları, əllərin təmizliyi tələb edilən digər
otaqlarda isti və soyuq su ilə təchiz edilmiş fotosensorlu əlüzyuyanlar,
maye sabun və ya digər antiseptik məhlullarla təchiz
olunmuş dozatorlar quraşdırılır.
6.9. Müəssisə daxilində yerləşən
içməli sututumları və anbarları ildə bir dəfədən
az olmayaraq, təsdiq edilmiş təlimat
üzrə yuyulub dezinfeksiya edilir.
6.10. Dövlət sanitariya-epidemioloji nəzarət
orqanları tərəfindən müəssisədə
içməli suyun fiziki-kimyəvi və bakterioloji göstəriciləri
üzərində mütəmadi olaraq laboratoriya - tədqiqat
üsullarının tətbiqi ilə nəzarət təmin
edilir.
6.11. Yerli kanalizasiya sistemləri
mövcud olan sahələrdə çirkab su quyusunun
hermetikliyi təmin olunur və quyu dolma həddindən
asılı olmayaraq, ildə 2 dəfədən az olmamaq şərtilə
təmizlənir.
6.12. Müalicəvi çimərliklərin
ərazisində hər 75 nəfərə 1 ədəd
hesabı ilə ictimai ayaqyolular nəzərdə tutulur. Sahildən
ayaqyoluna qədər məsafə 50 m-dən az, 100 m-dən
çox olmamalıdır. Əmələ gələn
tullantıların (maye və bərk fraksiyalı) dənizə
(çaya, gölə) axıdılmasına yol verilmir və
yerli kanalizasiya sistemi qurulduqda (çirkab quyusu), ciddi rejim
zonasına dair tələblər nəzərə
alınır.
7. İstilik təchizatına,
ventilyasiya sisteminə və mikroiqlimə dair tələblər
7.1. Müəssisələrdə
otaqların mikroiqlimini tənzimləyən, əlverişli
temperatur şəraitini və hava mübadiləsini təmin
edən qurğu və sistemlər istifadə olunur.
7.2. Müəssisələrin
binaları mexaniki havasorucu-havaverici, təbii ventilyasiya və
mikroiqlim sistemləri ilə təchiz
olunur.
7.3. Otaqlar mexaniki havasorucu-havaverici
ventilyasiya ilə yanaşı, həm də təbii
ventilyasiya sistemləri (nəfəslik, framuqa və s.) ilə
təmin edilir.
7.4. Ventilyasiya və mikroiqlimi tənzimləyən
sistemlər üçün hava yer səthindən 2 m
hündürlükdə olan təmiz zonadan qəbul edilir.
7.5. Havaverici ventilyasiya sistemlərinin
havaötürücü boruları paslanmayan materialdan
hazırlanır.
7.6. Yuma və duş otaqlarında, sanitar
qovşaqlarında, şəxsi gigiyena otaqlarında,
tullantılar yığılan sahələr çirkli
ağlar və dezinfeksiyaedici vasitələr saxlanılan
anbarlarda mütəşəkkil hava axını təşkil
edilmədən mexaniki sorucu ventilyasiya sistemi nəzərdə
tutulur.
7.7. Müəssisələrdə
quraşdırılan müasir çiller və split sistemləri
sanitar-gigiyenik tələblərə cavab verməlidir.
7.8. Havaötürücü,
havapaylayıcı və havaqəbuledici şəbəkələr,
ventilyasiya kameraları və ventilyasiya qurğuları təmiz
vəziyyətdə saxlanılmalı, onlarda mexaniki zədələrə,
korroziya izlərinə, hermetikliyin pozulması hallarına yol
verilmir.
7.9. Ventilyator avadanlıqları və
elektrik mühərrikləri əlavə səs-küy
yaratmamalıdır.
7.10. Sorucu ventilyasiya sisteminin (həmçinin
soyudulma sisteminin) havaötürücü borularının
daxili örtükləri hopdurucu xüsusiyyətə malik
olmamalıdır.
7.11. Ventilyasiya sisteminin texniki
avadanlıqları üfüqi və şaquli istiqamətlərdə
olan yataq otaqlarından, istirahət yerlərindən, müayinə-prosedur
kabinetlərindən, müalicəvi vannalar üçün
sahələrdən, eləcə də insanların daim
qaldığı digər otaqlardan aralı, xüsusi texniki
sahələrdə yerləşdirilir.
7.12. Ventilyasiya və soyudulma sistemlərinin
təmiri və profilaktik təftişi ildə ən azı 2
dəfə həyata keçirilir. Cari nasazlıqlar və
nöqsanlar təxirəsalınmadan aradan
qaldırılır.
8. Təbii və süni
işıqlanmaya dair tələblər
8.1. Müəssisələrdə
otaqlar təbii işıqlanmaya malik olmalıdır. İkinci
işığın və ya yalnız süni
işıqlanmanın tətbiqinə təbii işıqlanma
tələb olunmayan anbarlarda, yataq otaqlarının nəzdindəki
sanitar qovşaqlarında, müalicəvi və gigiyenik vanna
otaqlarında, prosedur kabinetlərində, şəxsi gigiyena
otaqlarında, heyət üçün duş otağında,
paltarlar saxlanan yerlərdə və fizioterapevtik müalicə
kabinetlərində yol verilir. Layihələndirilən müəssisələrdə
təbii və süni işıqlanmanın səviyyəsi
mövcud sanitariya qaydalarına, təbii və süni
işıqlanmaya dair qüvvədə olan standartlara uyğun
olmalıdır.
8.2. Yataq otaqları yerləşən
zonaların və istirahət guşələrinin dəhlizləri
hollardakı pəncərələr vasitəsilə həyata
keçirilən təbii işıqlanmaya malik
olmalıdır.
8.3. Otaqlarda insolyasiya davamiyyəti
yaşayış və ictimai binaların, eləcə də ərazilərin
insolyasiya və günəşdən mühafizəsinə
dair gigiyenik tələblər nəzərə alınmaqla qəbul
olunur.
8.4. Binaların cənuba yönələn
pəncərələri günəş
şüalarının gözqamaşdırıcı təsirindən
və qızmaqdan mühafizəsi üçün günəşdən
mühafizə qurğuları (jalüz və s.) ilə təchiz
edilir.
8.5. Süni işıqlandırma (ümumi
və yerli) qurğuları, işıq mənbəyi,
işıqlanma cihazının növü qüvvədə
olan şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun qəbul edilir.
8.6. Müalicə-sağlamlaşdırma
sahələrində və prosedur otaqlarında divardan
asılan və ya daşınan işıqlandırma
cihazlarının quraşdırılmasına yol verilir.
9.
İşçi heyətinin
iş şəraitinə və şəxsi
gigiyenasına dair tələblər
9.1. Müəssisələrdə
çalışan işçi heyəti dəyişək
üçün lazımi sayda xüsusi geyim dəsti ilə təmin
olunur. Bunlara xələtlər,
kostyumlar, papaq və ya baş yaylıqları, maskalar,
xüsusi ayaqqabılar və s. aiddir. Xüsusi geyim dəstləri
fərdi şkaflarda saxlanılır. Üst geyimləri heyət
üçün nəzərdə tutulan qarderobda
saxlanılır.
9.2. Əsas funksional bölmələrdə
və iş yerlərində əlverişli mikroiqlim göstəriciləri
və hava mühitinə dair digər normativ göstəricilər
(hərarət, rütubət, havanın cərəyan sürəti,
kimyəvi və bakterioloji tərkibi) təmin olunur.
9.3. Müəssisələrdə
avadanlığın yerləşdirilməsi və
istismarı texniki təhlükəsizlik və əməyin
mühafizəsi qaydalarına uyğun həyata keçirilməli
və texnoloji axın ardıcıllığı təmin
edilir.
9.4. İşçi heyəti
üçün nəzərdə tutulan sanitariya-məişət
otaqları aşağıdakı şərtlərə cavab
verməlidir:
9.4.1. qarderobda şkafların sayı heyətin
say tərkibinə görə müəyyən edilir;
9.4.2. üst geyimləri saxlanılan
qarderobun sahəsi 1 asılqana 0,08 m2 hesabı ilə qəbul
edilir;
9.4.3.
işçi heyətinin iş və ev geyimləri
saxlanılan qarderobun sahəsi 1 şkafa 0,4 m2-dən az
olmayaraq qəbul edilir. Qarderoblar heyətin sayına uyğun
olaraq iş və ev (şəxsi) geyimləri,
ayaqqabıların və papaqların ayrılıqda
saxlanılması təmin edilən ikibölməli, kip
bağlanan və havası dəyişdirilən şkaflarla təchiz
olunur;
9.4.4. işçi heyəti
üçün duş otaqları və sanitar-texniki cihazların
sayı qüvvədə olan tikinti normalarına uyğun qəbul
edilir;
9.4.5. qadınlar üçün tərkibində
duş və prosedur kabinəsi olan şəxsi gigiyena
otaqları nəzərdə tutulur. Prosedur kabinəsinin
ölçüsü 1,8x1,2 m-dən az olmamalıdır. Kabinələrdə
geyimlərin və ağların asılması
üçün asılqanlar vurulur.
9.5. Hər bir struktur bölməsində
işçi heyəti üçün sahəsi 12 m2-dən
az olmayan və soyuducu, elektrik suqızdırıcısı,
yeməklərin qızdırılması üçün
qurğu və əlüzyuyanla təchiz olunmuş istirahət
otaqları nəzərdə tutulur.
9.6. Müəssisənin rəhbərliyi
qüvvədə olan qanunvericiliyə uyğun olaraq
işçi heyətinin əmək və istirahət şəraitinin
yaxşılaşdırılmasını təmin edir.
9.7. Müəssisələrdə
çalışan işçi heyəti müəyyən
edilmiş qaydada işə qəbul olunduqda ilkin, sonradan isə
dövri tibbi müayinələrdən keçir.
9.8. Müxtəlif
ixtisaslaşdırılmış bölmələrdə və
müalicə-sağlamlaşdırıcı kabinetlərdə
çalışan heyətin iş şəraitinə dair tələblər
həmin bölmə və kabinetlərin təşkilinə və
istismarına dair xüsusi qaydalarla tənzimlənir.
10. Məişət
və tibbi tullantıların toplanılmasına,
daşınmasına, ərazilərin təmizlənməsinə
dair tələblər
10.1. Məişət
tullantılarının daşınması Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74
nömrəli qərarı ilə
təsdiq edilmiş
"Şəhərlər və digər
yaşayış məntəqələri ərazisinin
sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə
uyğun olaraq təmizlənməsi, məişət
tullantılarının müvəqqəti saxlanılması,
müntəzəm daşınması və zərərsizləşdirilməsi
Qaydaları"na uyğun olaraq
təşkil edilir.
10.2. Müəssisələrdə əmələ
gəlmiş tibbi tullantılar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı
ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə
olunmasına dair Tələblər"ə uyğun olaraq
toplanılıb kənarlaşdırılır.
Azərbaycan.-2012.-
19 oktyabr.- S.10.