Azərbaycan sərmayələrinin
yatırılması üçün Bosniya və Herseqovinada əlverişli
investisiya mühiti var
Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir
İzetbeqoviçin Azərbaycana rəsmi səfəri
Azərbaycanda
rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviç dünən Milli Məclisin
Sədri Oqtay Əsədovla görüşdü. Bakir
İzetbeqoviç öncə Milli Məclisin iclas zalına
baxdı və deputatlar üçün yaradılmış
şəraiti yüksək qiymətləndirdi. Qonaqlar Milli Məclisdəki
ulu öndər Heydər Əliyev Xatirə zalı ilə
tanış oldular. Bakir İzetbeqoviç xatirə
kitabına ürək sözlərini yazdı.
Sonra nümayəndə heyətlərinin
iştirakı ilə tərəflər arasında
görüş keçirildi. Bosniya və Herseqovinanın Azərbaycanın
dostu olduğunu deyən Oqtay Əsədov bildirdi ki, bu səfər
iki ölkə arasındakı əlaqələrin
inkişafına şərait yaradacaq və gələcək əməkdaşlığa
böyük töhfə verəcək. Onun sözlərinə
görə, iki ölkəni bir-birinə bağlayan bir
sıra amillər var. Hər iki ölkə eyni dövrdə
müstəqilliyə qovuşub: "Təəssüf ki, bu
dövrdə həm Azərbaycanda, həm də Bosniya və
Herseqovinada dramatik hadisələr baş verib. Buna görə
də ölkələrimiz, xalqlarımız bu istiqamətdə
bir-birlərini daha yaxşı başa düşür və
beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini
hər zaman dəstəkləyirlər".
Erməni silahlı birləşmələrinin
Azərbaycanda törətdikləri qətliamları, xüsusən
də, Xocalı soyqırımını xatırladan Oqtay Əsədov
diqqətə çatdırdı ki, bir çox ölkələrin
parlamentlərində bu, soyqırımı aktı kimi
tanınıb. Bosniya və Herseqovina parlamentində də bu
soyqırımına qiymət verilsə, Azərbaycan
üçün çox önəmli olardı.
Azərbaycan
ilə Bosniya və Herseqovinanın əlaqələrinin
gələcək inkişafından danışan Milli Məclisin Sədri qeyd
etdi ki, imzalanan sənədlər ölkələrimiz
arasında münasibətlərin hüquqi
bazasını təmin edəcək, siyasi
və iqtisadi inkişafa
dəstək verəcək.
Oqtay Əsədov dedi
ki, hər iki ölkə
arasında ticarət əlaqələrinin inkişafı üçün hökumətlərarası iqtisadi komissiyanın yaradılması vacibdir
Həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın
parlamentlərində dostluq qrupları fəaliyyət
göstərir. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün
bu dostluq
qruplarının fəaliyyəti gücləndirilməlidir.
Bakir İzetbeqoviç
isə bildirdi ki,
parlamentlərarası əlaqələrin inkişaf
etdirilməsi üçün dostluq qrupunun fəaliyyətinin
gücləndirilməsinə yaxından dəstək göstərəcək.
O, bu baxımdan qarşılıqlı səfərlərin
təşkil olunmasının vacibliyini
diqqətə çatdırdı: "Ölkələrimizin
tarixləri arasında bir-birinə bənzər cəhətlər
mövcuddur. Tariximizdə bir-birinə bənzəyən
ağrılı səhifələr də olmuşdur.
Biz bu amilləri nəzərə
alaraq dünyada sülhün möhkəmləndirilməsinə
çalışmalıyıq. Xocalı ilə bağlı qətnamənin
qəbul olunması da məhz bu baxımdan mühüm əhəmiyyət
kəsb edir".
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan Bakir İzetbeqoviç bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq hüquq normaları və
prinsipləri əsasında həll olunmasının vacibliyini qeyd etdi.
Qeyd edildi ki, səfər çərçivəsində
keçirilən görüşlər hər iki ölkə
arasındakı münasibətlərin genişləndirilməsinə
xidmət edir. Qonaq həm siyasi, həm də iqtisadi sahədəki
mövcud əməkdaşlığın daha da inkişaf
etdirilməsinin zəruriliyini söylədi: "Ümid edirəm
ki, Azərbaycan qazı bizim ölkəyə də
çatacaqdır. Çünki bu qaza və Azərbaycanın
sərmayələrinə bizim də ehtiyacımız
vardır. Azərbaycan sərmayələrinin
yatırılması üçün Bosniya və Herseqovinada əlverişli
investisiya mühiti var".
Azərbaycan.-2012.-
19 oktyabr.- S.4.