Bakıda «Azərbaycanın İkinci Dünya
müharibəsində
və Qafqazda Holokostun önlənməsində
rolu» mövzusunda
Beynəlxalq simpozium
başa çatmışdır
Bakıda "Azərbaycanın İkinci Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu" mövzusunda Beynəlxalq simpozium oktyabrın 18-də işini bölmə iclaslarında davam etdirmişdir.
AzərTAc xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru, Milli Məclisin deputatı Musa Qasımlının moderatorluğu ilə keçirilmiş "Azərbaycan nefti və İkinci Dünya müharibəsi" bölməsində yerli və xarici ölkə alimlərinin məruzələri dinlənilmişdir.
Böyük Britaniyadan gəlmiş tarixçi alim Stiven Tyas "Müttəfiqlərin İkinci Dünya müharibəsi zamanı Bakıda neft sənayesinin dağıdılması planları" mövzusunda məruzəsində bildirmişdir ki, neft Bakını məşhurlaşdıran başlıca amillərdən biridir. İkinci Dünya müharibəsi zamanı Bakı və Maykop neft hasil edən əsas ərazilər olmuşlar. Məhz bu səbəbdən də Fransa və Böyük Britaniya Almaniyanı Bakı neftindən məhrum etmək məqsədilə şəhəri havadan bombalamağı planlaşdırırdılar. Lakin 1940-cı ilin yayında Almaniyanın Fransanı işğal etməsi ilə əlaqədar bu hava hücumu birdəfəlik ləğv olunmuşdur.
İclasda Daxili İşlər Nazirliyi Polis Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Teymur Əliyevin "Azərbaycan neftinin İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində rolu", Bakı Dövlət Universitetinin professoru Elmira Muradəliyevanın "Neft Bakısı niyə "Qəhrəman şəhər" elan edilmədi?" mövzularında məruzələri dinlənilmişdir.
Natiqlər qeyd etmişlər
ki, İkinci Dünya müharibəsində SSRİ-nin
qələbə qazanmasında Azərbaycan nefti
həlledici rol oynamışdır. Həmin illərdə neftçilərimiz
75 milyon tondan çox neft, 22 milyon ton benzin istehsal etmişlər. Bu isə
o demək idi ki,
döyüşlər zamanı
hər beş təyyarədən və
tankdan dördü Bakı nefti ilə hərəkət etmişdir.
Tarix elmləri doktoru, Milli Arxiv İdarəsinin
rəisi Ataxan Paşayevin moderatorluğu
ilə keçirilmiş
"İkinci Dünya
müharibəsi dövründə
SSRİ-də əhalinin
köçürülməsi" bölməsində Azərbaycan,
ABŞ və Ukrayna tarixçiləri çıxış
etmişlər.
Holokost Ətraflı Araşdırmalar
Mərkəzinin direktoru
Pol Şapironun "Köçürülmə arxivləri",
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı İkram
Ağasiyevin "İkinci
Dünya müharibəsi
illərində almanların
SSRİ-nin Avropa hissəsindən Qafqazdan köçürülməsi", Ukrayna Holokost Araşdırmaları Mərkəzinin
tədqiqatçısı Mixail Tyaqlinin "İkinci Dünya müharibəsi illərində
yəhudilərin və
karaimlərin Krımdan
Qafqaza köçürülməsi"
mövzularında məruzələri
dinlənilmişdir.
Natiqlər İkinci Dünya
müharibəsi illərində
Sovet İttifaqının
müxtəlif ərazilərində
yaşayan bəzi millətlərin nümayəndələrinin
ölkənin digər
ərazilərinə köçürülməsinin
səbəbləri, onun
mərhələləri və köçürülmə
zamanı baş vermiş insan tələfatı haqqında danışmışlar.
Mövzular ətrafında müzakirələr
aparılmış, suallar
cavablandırılmışdır.
Daha sonra simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Yahud İn-Unum Assosiasiyasının
prezidenti Patrik Desbois, P.Şapiro, M.Qasımlı və A.Paşayev "Nə üçün Azərbaycan
İkinci Dünya müharibəsi dövründə
yəhudilərin xilasında
mühüm rol oynadı?" mövzusu ətrafında fikir mübadiləsi aparmışlar.
P.Desbois hazırda Azərbaycanda minlərlə
yəhudinin yaşadığını,
burada onların rahatlığı üçün
hər cür şəraitin yaradıldığını
qeyd etmiş, göstərilən diqqət
və qayğıya görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını
bildirmişdir.
M.Qasımlı və A.Paşayev
Azərbyacanın dini
və milli tolerantlıq baxımından
təkcə müsəlman
ölkələri üçün
deyil, bütün dünya üçün nümunə olduğunu, ölkəmizdə yaşayan
xalqların və millətlərinin nümayəndələrinin
burada özlərini doğma vətənlərindəki
kimi hiss etdiklərini vurğulamışlar. Onlar
Yahud İn-Unum Assosiasiyası ilə əlaqələrin genişlənəcəyinə,
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında bu əməkdaşlığın
mühüm rol oynayacağına ümidvar
olduqlarını bildirmişlər.
Simpoziumun
öz məqsədlərinə
nail olduğunu qeyd edən natiqlər Avropa Azərbaycan Cəmiyyətinə və
Yahud İn-Unum Assosiasiyasına minnətdarlıqlarını
çatdırmışlar.
Sonra mətbuat
konfransı keçirilmiş,
KİV nümayəndələrinin və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Bununla
da, iki gün davam etmiş beynəlxalq simpozium öz işini
yekunlaşdırmışdır.
Azərbaycan.-2012.- 19 oktyabr.- S.5.