Bakıda II Xəzər-Avropa Beynəlxalq tikinti forumu keçirilmişdir

 

Oktyabrın 18-də Bakı Sərgi Mərkəzində "BakuBuild-2012" sərgisi çərçivəsində "Iteca Caspian LLC" şirkətinin və Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə II Xəzər-Avropa Beynəlxalq tikinti forumu keçirilmişdir. Forumda regionun tikinti sənayesinin inkişaf perspektivləri müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, klubun prezidenti və icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, CEİBC-in əsas məqsədi iqtisadiyyat, siyasət, energetika, gömrük, vergi və s. sahələrə dair ümumi proqramın hazırlanması üçün şəraitin yaradılması, regional əhəmiyyətli müxtəlif informasiya layihələrinin həyata keçirilməsi və dövlət strukturları ilə özəl bölmə arasında dialoqun dəstəklənməsidir. 2002-ci ilin iyununda yaradılmış, Prezident İlham Əliyevin fəxri sədri olduğu CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inşaat materialları üzrə baş məsləhətçisi Tehran İsgəndərov, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov və "Iteca Caspian LLC"-nin layihə üzrə meneceri Samirə Teymurova çıxış edərək sərginin müstəqilliyimizin bərpasının 21 illiyinin bayram edildiyi günlərdə keçirildiyini əlamətdar hadisə kimi dəyərləndirmiş, ölkəmizdə və bütövlükdə regionda tikinti sahəsinin inkişaf perspektivlərindən söz açmışlar.

Qeyd olunmuşdur ki, bu il keçirilən "BakuBuild" sərgisinin sahəsi 20 faiz artmışdır. Sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. İştirakçıların 35 faizi isə məhz yerli şirkətlərdir. Həmçinin hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir. Belə ki, bu il sərgi eksponentlərinin 30 faizi debütant iştirakçılardan ibarətdir. Bütün bunlar isə ölkədə tikinti sektorunun inkişafının bariz göstəricisidir. Respublika iqtisadiyyatının digər sahələrində olduğu kimi, tikinti-investisiya fəaliyyəti sahəsində əldə olunan  nailiyyətlər və təcrübə başqa ölkələr üçün də nümunə ola bilər.

Tədbirdə Azərbaycan, Rusiya, Türkiyə, Finlandiya və başqa ölkələrdən gəlmiş şirkət nümayəndələri tikinti sahəsində əldə etdikləri nailiyyətlər və yeniliklər barədə təqdimatlarla çıxış etmiş, problem və təkliflər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.6.