Əli Həsənov: «Gözləyək
görək, bu adamların özləri nə deyirlər»
"Yeni
yaradılan Rusiya Azərbaycan Təşkilatları
İttifaqı haqda yazılanlar mətbuatın mülahizələridir.
Gözləyək görək, bu adamların özləri nə
deyirlər. Biz bundan sonra məsələyə münasibət
bildirəcəyik". Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov "Media forum" saytına
verdiyi müsahibədə belə deyib.
Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya
Azərbaycan Təşkilatları İttifaqının
yaradılmasını pisləyən bəyanatına gəlincə,
Əli Həsənov bildirib ki, dövlət komitəsi
Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət
göstərən Azərbaycan diasporunun
parçalanmasını istəmir: "Diasporla İş
üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının
parçalanmasını, diaspor nümayəndələrinin
ayrı-ayrı düşərgələrə çəkilməsini
istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən
idarə olunmasını istəyir və bunun
üçün çalışır. Diasporla İş
üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları
İttifaqının yaradılmasını bu baxımdan qiymətləndirib
və belə bir bəyanat verib".
"Azərbaycan
hakimiyyətinin ittifaqda təmsil olunan şəxslərlə
münasibətləri necədir" - sualını Əli Həsənov
belə cavablandırıb: "Hakimiyyətin ayrı-ayrı
şəxslərə, eyni zamanda, müxtəlif insanların
hakimiyyətə münasibəti siyasətin predmeti ola bilməz.
Hakimiyyətin normaları, idarəçilik prinsipləri var,
xalq qarşısında məsuliyyət daşıyır,
hesabat verir və bunlardan da çıxış edərək
ölkənin idarəçiliyini həyata keçirir. Amma
ayrı-ayrı şəxslərin hakimiyyətlə münasibəti
üzərində dövlət siyasəti formalaşmır,
qurulmur və həyata keçirilmir".
Azərbaycan.-2012.-
19 oktyabr.- S.5.