Azərbaycan və Latviya arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir

 

 Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya rəsmi səfəri çərçivəsində oktyabrın 17-də bu ölkənin iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşmüşdür. Görüşdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov və digər rəsmi şəxslər iştirak edirdilər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi barədə Latviya nazirinə məlumat verən Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində mübadilə aparmağın zəruri olduğunu bildirmişdir. Nazir Azərbaycanın turizm potensialından, o cümlədən ekstremal turizm üçün yararlı zonalardan danışmışdır. Ə.Qarayev regionlarda turizm infrastrukturunun inkişafı haqqında da məlumat vermişdir. O, qeyd etmişdir ki, son illər Azərbaycanda 5 beynəlxalq hava limanı inşa edilmişdir ki, bu da ölkədə turizmin inkişafına imkan yaradır.

Latviyanın iqtisadiyyat naziri Daniels Pavlyutts turizm sahəsində Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirmişdir.

Tərəflər gələcəkdə iki ölkənin turizm şirkətləri arasında əlaqələrin genişləndirilməsinin, turizmin təşkili sahəsində təcrübə mübadiləsi aparılmasının zəruri olduğunu vurğulamışlar.

Statistikaya görə, təkcə 2011-ci ildə Azərbaycandan Latviyaya 1400-dən çox, Latviyadan Azərbaycana 1200-dən çox turist gəlmişdir.

Görüşdə Azərbaycan və Latviya arasında daimi əsasda birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilmiş, bələdçi kitabçalarının birgə nəşrinin, iki ölkənin turizm potensialı haqqında reklam videoçarxlarının çəkilməsinin zəruri olduğu vurğulanmışdır.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.5.