Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin xanımı Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur

 

Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədrinin xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-  Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.

AzərTAc xəbər verir ki, qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bu bina 1895-1897-ci illərdə tikilmiş Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.

Orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları, məişətdə işlədilmiş əşyalar qonaqda böyük maraq doğurmuşdur.

Qeyd edilmişdir ki, 150-dən çox işçisi olan muzey həm Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə əsaslı təmir olunmuş yeni görkəm almışdır.

Diqqətə çatdırılmışdır ki, 300 mindən çox eksponatı olan muzeydə xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.

Qonaq Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşdur.

Xanım Sebiya İzetbeqoviç muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.6.