Azərbaycan xalçaları Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin xanımını heyran qoymuşdur

 

Oktyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin xanımı Sebiya İzetbeqoviç "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur.

Hörmətli qonağa gül dəstəsi təqdim edildi və məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. Burada toxunan xalçalar beynəlxalq aləmdə də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür. Həmçinin xalçaçılıq sənətinin təbliği üçün rüblük jurnal da nəşr olunur.

Xanım Sebiya İzetbeqoviç toxunan xalçalardan birinə ilmə vurdu.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrinin xanımı "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasının nəzdində yeni istifadəyə verilən Xalçaçılıq Tədris Mərkəzi ilə də tanış oldu. Qonağa məlumat verildi ki, Azərbaycanda ilk dəfə yaradılan bu mərkəzdə hər gün 22 nəfər pulsuz təhsil alacaq, xalça sənətinin sirlərinə yiyələnəcəkdir. Təşkil olunan ustad dərsləri tanınmış müəllimlər tərəfindən keçirilir. Burada Azərbaycan xalçaçılığının doqquz növünə aid xalçalar toxunur. Mərkəzdə XVII-XVIII əsrlərə aid xalça növləri ilə bağlı fraqmentlər də nümayiş olunur.

Xanım Sebiya İzetbeqoviç qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxdı. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.

Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrinin xanımına xalçaçılıq sənətindən bəhs edən nəşrlər və xatirə hədiyyələri təqdim edildi.

Qonaq xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.6.