Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrinin xanımı Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Azərbaycanın birinci xanımı, fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilmişdir.

2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzinin binası Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.

Diqqətə çatdırılmışdır ki, 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Xanım Sebiya İzetbeqoviç gənc muğam ifaçıları Aytən Məhərrəmova və Elnur Zeynalovun ifasında "Çahargah" və "Şur" muğamlarını, "Qarabağ" mahnısını dinləmişdir.

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulamışdır.

Qonağa Heydər Əliyev Fondu tərəfindən hazırlanmış musiqi albomu hədiyyə edilmişdir.

Xanım Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılmışdır.

 

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.6.