Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında saziş imzalanmışdır

 

 Moskvada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında "Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazənin verilməsi haqqında" saziş imzalanmışdır.

Komitənin mətbuat xidmətindən bildirmişlər ki, sənədi Avrasiya Patent İdarəsinin prezidenti Aleksandr Qriqoryev və SMPDK-nın sədri Ramiz Həsənov imzalamışdır.

Saziş əsasında Avrasiya Patent İdarəsi Azərbaycanda milli patent sisteminin, tədqiqat və innovasiya fəaliyyətinin inkişafına yardım edəcək, SMPDK-nın Avrasiya Patent İdarəsinə təqdim etdiyi rəsmi siyahı əsasında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına və onun bölmələrinə, kütləvi kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki  mərkəzlərinə Avrasiya patent-informasiya sisteminə (AAPATİS) sərbəst giriş imkanları yaradacaqdır.

Bununla da, patent sahəsində axtarışların aparılması, ixtira obyektlərinin aşkar edilməsi, habelə yenilərinin yaradılması üzrə işlərin məqsədyönlü istiqamətdə yerinə yetirilməsi əhəmiyyətli dərəcədə asanlaşacaqdır.

Sözügedən sistemdən istifadə patentlərin qorunmasına, kommersiyalaşdırılmasına, bütövlükdə ölkənin iqtisadi inkişafı ilə bağlı olan innovasiyaların təşviqində özünəməxsus rol oynayacaqdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.6.