Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində yeni mərhələ

 

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda" və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və cəmiyyətdə böyük maraq doğurmuşdur.

Bunu nəzərə alaraq, biz bu sənədlərdə təsbit olunmuş problemlərə, ilk növbədə, şəffaflıq, maliyyə nəzarəti və beynəlxalq standartların tətbiqi ilə  əlaqədar məsələlərə diqqət yetirməyi, onların həllinə dair öz təklif və tövsiyələrimizi bölüşməyi məqsədəmüvafiq hesab edirik.

İlk növbədə, qeyd etmək lazımdır ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə daim mühüm əhəmiyyət verilmiş və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması dövlət quruculuğu siyasətində diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur.

Hələ 1996-cı ildə "İstehsal,  xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" ulu öndər Heydər Əliyevin imzaladığı fərman paralellüzumsuz yoxlamaların azaldılmasında, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır.

Beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək məqsədilə "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1998-ci ildə imzalanmış fərman iqtisadiyyatımızda  demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyət kəsb etmişdir.

Maliyyə nəzarətinin mühüm qollarından olan auditin inkişafına da xüsusi önəm verilmişdir. Bu mənada heç də təsadüfi deyil ki, audit sisteminin islahatı "Azərbaycan  Respublikasının  dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu ildə imzalanmış fərmanında müasir şəraitdə dövlət quruculuğunun dörd əsas istiqamətindən biri kimi qarşıya qoyulmuşdur.

Maliyyə-mühasibat, audit və maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi istiqamətində son illər ölkədə həyata keçirilən məqsədyönlü işlər, o cümlədən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının yeni qanunu, "Beynəlxalq mühasibat uçotu standartlarına keçmək məqsədilə milli mühasibat uçotu standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)",  "Auditor xidməti haqqında", "Hesablama Palatası haqqında", "Daxili audit haqqında" qanunların qəbul edilməsi və digər normativ aktlar maliyyə nəzarəti sahəsində mövcud normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və nəzarət sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına zəmin yaratmışdır.

Şəffaflığın inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısı son bir ayda qəbul edilmiş dörd mühüm sənəddə də öz əksini tapıb. Həmin sənədlərə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan  Respublikasının 2012-ci il 5 sentyabr tarixli sərəncamı, "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə 2012-ci il 4 sentyabr tarixli fərmanı, "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 sentyabr tarixli 191 nömrəli qərarı daxildir.

Bütün bunlar ona dəlalət edir ki, maliyyə şəffaflığının təmin edilməsi, maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun olması istiqamətində yüksək hüquqi bazaya malik ölkələr arasında Azərbaycanın layiqli yer tutmasına baxmayaraq, möhtərəm Prezident bu sahədə işlərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulmasına xüsusi önəm verir.

Həyata keçirilən bütün tədbirlər maliyyə nəzarətinin idarəetmənin mühüm bir istiqaməti kimi  aktuallığını artırmaqla bərabər, optimal idarəetmə məsələlərinin işlənib hazırlanması və qəbul edilməsi sahəsində onun rolunun yüksəldilməsi zərurətindən irəli gəlir.

Bununla belə, qeyd etmək lazımdır ki, maliyyə nəzarəti və şəffaflıq sahəsində ölkəmizdə bir sıra aktual problemlər öz konseptual həllini gözləyir.

Bu gün haqqında danışdığımız hər iki mühüm milli fəaliyyət planlarının da məqsədi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində həyata keçirilən tədbirlərin  davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi olmaqla mövcud problemlərin həlli istiqamətində müvafiq qurumlar qarşısında konkret vəzifələr qoymuşdur.

Bu baxımdan ilk olaraq "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın "Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması" adlı 6-cı bölməsinin 6.1-ci bəndində layihəsinin hazırlanması nəzərdə tutulan "Maliyyə  nəzarəti haqqında" qanun üzərində ilk olaraq dayanmaq istərdim.

Fikrimizcə, hazırlanacaq qanun layihəsində maliyyə  nəzarətinin nəticəliliyinin, şəffaflığının və aşkarlığının, obyektivliyinin və səriştəliliyinin, müstəqilliyinin və təsirliliyinin, iqtisadi inkişafa və təhlükəsizliyə təminatının əsas istiqamətləri, maliyyə nəzarətinin hüdudları, forma və metodları, nəzarət  qurumlarının hüquqi statusu, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində maraqların toqquşmasının qarşısının alınması, habelə nəzarət qurumlarının fəaliyyətinin iqtisadi mexanizmləri müəyyən edilməlidir.

Maliyyə nəzarətinin normativ hüquqi bazası hazırlanarkən nəzarətin əsas məqsədi kimi maliyyə vəsaitlərindən gələcəkdə daha səmərəli və şəffaf istifadə edilməsi əsas götürülməli, bu sahədə analitik prosedurların daha geniş tətbiqinə diqqət yetirilməlidir. Bu məqsədlə maliyyə nəzarətçilərinin investisiya layihələrinin və biznes-planların araşdırılması üzrə səlahiyyətləri təsbit olunmalı, konkret vəzifə və məsuliyyətləri müəyyənləşdirilməlidir.

Maliyyə nəzarətçiləri və auditorların məsuliyyətinin artırılması üzrə müddəaların da qanunvericilikdə daha aşkar təsbit olunması məqsədəuyğun olardı.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət  Planı"nda daxili audit  qanunvericiliyinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Belə ki, Milli Tədbirlər Planının audit xidmətlərinin  təkmilləşdirilməsinə həsr olunmuş 13-cü bölməsinin 13.4-cü bəndində Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına və Auditorlar Palatasına daxili audit haqqında  qanunvericiliyin təkmilləşdirilməsi üzrə  təkliflərin hazırlanması həvalə edilmişdir.

Azərbaycanda daxili auditin tətbiqi zərurəti ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər)" əksini tapmış, "Şəffaflığın  artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da isə daha da inkişaf etdirilmişdir. Prezident İlham Əliyevin  qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş 2007-ci il 22 may tarixli "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanunu xarici tərəfdaşlarımız və beynəlxalq qurumlar tərəfindən yüksək  dəyərləndirilir. Bununla belə, qanunun daha da təkmilləşdirilməsi, o cümlədən dövlət orqanlarında daxili auditin fəaliyyəti, səmərəliliyi və nəzarətin digər qolları ilə əlaqələrinin təkmil uzlaşdırılmasının qanunvericilikdə təsbit olunması zərurəti hiss olunmaqdadır.

Daxili auditin təşkilinin təkmilləşdirilməsi maliyyə vəsaitlərindən istifadədə səhvlərdən və sui-istifadə hallarından müdafiəni, bu sahədə  risk zonalarını və gələcəkdə baş verə biləcək nöqsanların aradan qaldırılması imkanlarını müəyyən etməklə, bütövlükdə idarəetmədə səmərəliliyin yüksəlməsinə zəmin yaratmış olur. Bu mənada MDB məkanında ilk dəfə ölkəmizdə qəbul olunmuş "Daxili audit haqqında" qanunun təkmilləşdirilməsi dövlət orqanlarında və özəl sektorda daha geniş tətbiq edilə və böyük rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, "Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda tam düzgün olaraq dövlət maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması üçün birinci olaraq dövlət maliyyə nəzarətini həyata keçirən  orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi tələb olunur. (6-cı bölmə, 6.1-ci bənd).

Bu problemin həlli, bir tərəfdən dövlət nəzarət qurumlarının öz aralarında və digər tərəfdən isə, dövlət nəzarəti orqanları ilə müstəqil auditorların qarşılıqlı əlaqələrinin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırır. Fikrimizcə, bu istiqamətdə qeyri-dövlət nəzarətçilərinin dövlət nəzarəti orqanları nümayəndələri ilə birgə fəaliyyət rəftarlarının prinsipləri, habelə yoxlama materialları üzrə məsələlərin razılaşdırılma qaydaları və digər məsələlər öz həllini tapmalıdır.

Bu onunla əlaqədardır ki, birincisi, dövlət maliyyə nəzarəti və audit müəyyən fərqli cəhətlərə malik olsalar da,  onların qarşısında duran ümumi məsələ dövlətin və iqtisadiyyatın bütün səviyyələrində maliyyə  intizamının yüksəldilməsi və idarəetmə işinin keyfiyyətinin  artırılması durur. İkincisi, özəl bölmənin ölkə iqtisadiyyatında xüsusi çəkisi durmadan artdığı və yüksək bir həddə çatdığı, mülkiyyət və təsərrüfatçılıq  formalarının müxtəlifliyi geniş vüsət aldığı bir şəraitdə dövlət maliyyə nəzarətindən dəstək almaqla müstəqil auditor  xidmətinin inkişaf etdirilməsinin alternativi yoxdur. Üçüncüsü, maliyyə nəzarətinin müxtəlif formaları arasında düzgün əlaqələrin və səlahiyyət bölgüsünün  dəqiqləşdirilməsi ölkədə həyata  keçirilən islahatların uğurlarının daha da artırılmasına zəmin yaradır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət  və qayğısı sayəsində müstəqil auditin ölkədə həyata keçirilən müxtəlif səpkili dövlət  proqramlarının icrasına cəlb olunması bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.

Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli  Fəaliyyət Planında maraqlar toqquşmasının qarşısının alınmasına xüsusi önəm verilmişbu sahədə görüləcək işlər ayrıca bir bölmədə - 9-cu bölmədə yer almışdır. Bu problemin vacibliyi və həlli yolları barədə  mülahizələri auditin timsalında demək  istərdim.

Auditdə maraqlar sisteminin əsas istiqamətləri auditorlarauditor təşkilatları, habelə  dövlət orqanlarının cariperspektiv maraqlarında cəmlənmişdir. Hər bir yuxarıda göstərilən tərəf üçün isə bunun öz xüsusiyyətləri mövcuddur. Belə ki, auditorlar üçün cari maraq fəaliyyət göstərilməsi üçün istənilən sifarişçi ilə qurmadıqda, perspektiv maraq daha sayılıb seçilən sifarişçini seçməklə təşkilatın imicinin yüksəldilməsini özündə ehtiva edir. Maraqlar toqquşmasının qarşısının alınması bir tərəfdən auditdən istifadə edənlərin, auditor təşkilatlarının, dövlət orqanlarının, dövlətin tənzimləyici orqanlarının maraqlarını öz aralarında razılaşdırmalı, digər  tərəfdən isə bütün bunların cəmiyyətin maraqları ilə uzlaşdırılmasına zəmin yaratmalıdır. Maraqların uzlaşdırılması problemi həll edilmədən auditor təşkilatları və sifarişçi iqtisadi subyektlər arasında gizli  sövdələşmənin nəticəsi kimi meydana gələn "qara", "boz" və s. kimi səciyyələnən yalançı auditor rəylərinin qarşısının alınması həll edilə bilməz. Bu mənada auditor təşkilatları və sifarişçilərin maraqlarının auditi tənzimləyən dövlət  qurumlarının maraqları və keyfiyyətə nəzarət  prosedurları ilə uzlaşdırılması auditin inkişaf konsepsiyasında öz təşkilati hüquqi həllini tapmalıdır. Bütün bunlar isə digər bir sıra problemlərin həllini tələb edir. Bunlara auditor xidmətini, qiymət səviyyəsini, keyfiyyətsiz audit rəylərinə görə auditorların məsuliyyətini, lisenziyaların ləğvini, məcburi audit subyektlərinin dairəsinin dəqiqləşdirilməsini, xarici audit təşkilatlarının Azərbaycanın auditor xidməti bazarında iştirak dərəcəsini,  könüllü auditin həcminin  artırılmasını və digərlərini göstərmək olar.

"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda çox vacib bir problem - dövlət müəssisələrinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq tərtib edilmiş maliyyə  hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi problemi qarşıya qoyulmuşdur.

Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planında isə müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi auditor xidmətlərinin təkmilləşdirilməsinin vacib istiqaməti kimi Auditorlar Palatasına tapşırılmışdır.

Beynəlxalq standartların tətbiqi zərurəti möhtərəm Prezident İlham Əliyevin məruzə və çıxışlarında mütəmadi olaraq  vurğulanmış, vacibliyi göstərilmişdir. Buna misal olaraq, ölkə rəhbərinin aşağıdakı sitatlarını xatırlatmaq olar:

"...bütün dövlət şirkətləri də beynəlxalq şirkətlər kimi fəaliyyət göstərməlidir. Beynəlxalq audit keçirilməlidir və bütün standartlar dünya səviyyəsində olmalıdır. Bilirsiniz ki, biz indi xaricə sərmayə qoyulmasına başlamışıq və belə olan halda Azərbaycanda bütövlükdə iqtisadi sahədə vəziyyətin dünya səviyyəsinə çatdırılması üçün bütün şirkətlər beynəlxalq qaydalara əməl etməlidirlər".

"Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edir".

Başqa sözlə, beynəlxalq standartların tətbiqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ayrılmaz hissəsidir, ölkəmizdə bazar iqtisadiyyatına keçid  mərhələsinin başa çatmasına uyğun olaraq və dövlət başçısının tövsiyə və tapşırıqları əsasında həyata keçirilir. Eyni zamanda, beynəlxalq standartların Azərbaycanda tətbiqi bizim qarşımızda ciddi vəzifələr qoyur. Bunlara beynəlxalq standartların tətbiqinin hüquqinormativ bazasının davamlı olaraq təkmilləşdirilməsi və müntəzəm yenilənməsi, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, kadrların hazırlanması və ixtisasartırmasının təkmilləşdirilməsi, normativ bazasının monitorinqi və beynəlxalq standartların tətbiqinə uyğunlaşdırılması  daxildir.

Bu baxımdan qeyd etmək istərdim ki, ölkəmizdə BAS-ın tətbiqinə 2010-cu ildən başlanılmış və hazırda  da Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birgə bu işlər davam etdirilir.

"Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nda qarşıya qoyulan çox aktual problemlərdən biri də 12.5-ci bənddə göstərilən  sahibkarlıq sahəsində aparılan  yoxlamalarla bağlı risk  qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsinin təşkili  problemidir. Kifayət qədər yeni olan bu problemin həlli müvafiq  araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir. Fikrimizcə, maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi, maliyyə nəzarətində daha geniş əhatəliliyi təmin etmək məqsədilə mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi, maliyyə nəzarətinin özünün keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması kimi istiqamətlər bu sahədə zəruri  və məqsədəuyğun hesab edilə bilər.

Öz aktuallığı və yeniliyi ilə fərqlənən həlli vacib problem kimi "Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nın 10.2-10.5-ci bəndlərində əks olunmuş etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayətetmə mexanizmi, etik qaydalar, etik hesabatlars.), etik davranış üzrə tədrisin və treninqlərin təşkili ilə əlaqədar tədris modulunun  minimum şərtlərin müəyyən edilməsi kimi kompleks tədbirlər müvafiq qurumlardan yaradıcı və beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşmanı tələb edir.

Tam yəqinliklə demək olar ki, yuxarıda göstərilən mexanizmlərin işlənib hazırlanması və tətbiqi bütövlükdə maliyyə nəzarətçiləri və o cümlədən auditorların fəaliyyətinin  təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Çox əlamətdar haldır ki, möhtərəm Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş milli fəaliyyət planlarında auditə ayrıca yer ayrılmışdır. Müstəqil audit sahəsində beynəlxalq audit standartlarının tətbiqinin daha da genişləndirilməsi zərurətinin "Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nda nəzərdə tutulduğunu bir qədər əvvəl qeyd etmişdik. Azərbaycanda auditə dövlət qayğısının əsasında ölkə Prezidentinin auditə verdiyi önəm durur, desək, yanılmarıq. Bu mənada dövlət başçısı İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq istərdim:

"Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir".

Bu baxımdan bizim üçün çox önəmlidir ki, "Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nın 13.2-ci bəndində beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin  inkişaf konsepsiyasının (2012-2020-ci illər) layihəsinin hazırlanması və 2013-cü ildə başa çatdırılması Auditorlar Palatasına həvalə edilmişdir.

Auditin inkişaf konsepsiyasının hazırlanması bir sıra məsələlərə müasir baxımdan yanaşmanı tələb edir. Bunlardan biriiqtisadi maliyyə münasibətlərinin perspektivdə hansı istiqamətdə dəyişə  biləcəyini nəzərə almaqla, iqtisadiyyatda auditin rolu və əhəmiyyətini düzgün müəyyənləşdirməkdən ibarətdir. Bu mənada auditin mühasibat və maliyyə hesabatlarının düzgünlüyünün müəyyənləşdirilməsi aləti kimi yox, həm də bu hesabatlılığın keyfiyyətinin yüksəldilməsinə və bütövlükdə iqtisadiyyatın səmərəliliyinə xidmət edən mühüm infrastruktur sahəsi kimi  nəzərdən keçirilməlidir. Başqa sözlə, müasir şəraitdə təsdiqedici auditdən təsdiqedici analitik auditə keçməklə audit mühasibat uçotunun aparılması və hesabatlığın normativ aktlara uyğunluğunun yoxlanılmasından təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsinə, onların fəaliyyətinin təhlilinə və son məqamda inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməlidir.

Digər bir mühüm məsələ auditin informasiya riskinin idarəetmədə  qərarlar qəbul edilərkən optimal səviyyədə olmasına təminat verməsindən  ibarətdir.

Audit informasiya riskinin azaldılmasının ən səmərəli yolu kimi özünü doğrultmalıdır. Məhz keyfiyyətli audit sayəsində qeyri-dəqiq və düzgün olmayan  informasiyanın iqtisadi-idarəetmə məsələlərində düzgün olmayan qərarların qəbuluna səbəb ola biləcək informasiya riskini minimuma endirməklə mülkiyyətçilərin hüquqlarını, korrupsiya hallarının aradan qaldırılmasını, şəffaflığı təmin etməklə, iqtisadi-maliyyə münasibətlərində  etibarlı tərəfdaşlığın möhkəm özül əsasında qurulmasına, cəmiyyətin inamını qazanmağa nail oluna bilər.

"Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nda  ölkə auditorları üçün çox zəruri olan məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsinin Azərbaycan Respublikası Vergilər NazirliyiAuditorlar Palatasına tapşırılmasıdır. (13.3-cü bənd).

Maliyyə hesabatlarının auditor rəyi ilə təsdiq olunması zərurəti "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda da təsbit olunmuşdur (6.5-ci bənd).

Məlumat üçün bildiririk ki, auditin bu aktual probleminin həlli möhtərəm Prezidentin 2006-cı ildə imzaladığı sərəncamda, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da da irəli sürülmüşdü. Belə ki, Milli Strategiyaonun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının 48-ci bəndində qanunvericiliyə uyğun olaraq,  məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdu.  Lakin bu problemin həllində ciddi irəliləyiş müşahidə olunmur.

Bir daha xatırladaq ki, mövcud qanunvericiliyə görə, respublikamızda fəaliyyət göstərən bir sıra təşkilati-hüquqi formalı iqtisadi subyektlərin, o cümlədən hesabatlarını mətbuatda dərc etdirməli olan hüquqi şəxslərin (banklar, sığorta təşkilatları, açıq tipli səhmdar cəmiyyətləri), kapitalında xarici investisiya olan müəssisələrin, məhdud məsuliyyətli cəmiyyətlərin, dövriyyəsi və aktivləri qanunvericiliklə müəyyən edilmiş həddən yüksək olan qurumların, bələdiyyələrin və s. auditor yoxlamasından keçməsi məcburi xarakter daşıyır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaxından köməyi ilə Auditorlar Palatasında aparılmış ilkin araşdırmalar nəticəsində qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması  hallarının kütləvi xarakter daşıdığı  müəyyən edilmişdir.

Təəssüf ki, möhtərəm Prezidentin təqdimatı əsasında  qəbul olunmuş "Auditor xidməti haqqında" və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli qanununun tam həcmdə tətbiqi mexanizminin yaradılması işinin yubadılması da bu sahədə öz mənfi təsirini göstərmişdir.

Fikrimizcə, möhtərəm Prezidentin müvafiq sərəncamı ilə təsdiq etdiyi və şərh etməyə çalışdığımız Milli Fəaliyyət Planlarının reallaşdırılması bu  problemin həllində köklü dəyişikliklərə gətirib çıxaracaq.

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

 iqtisad elmləri doktoru,  professor

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.7.