Bakı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib

 

"Dost və qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan böyük məmnunluq duyuruq. Həqiqətən belə möhtəşəm konfrans mərkəzində bu toplantıda sizlərlə bir arada olmaq, belə yüksək ev sahibliyini görmək bizlər üçün də ayrı bir iftixar mənbəyidir". Bu fikirləri Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 16-da Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısında səsləndirib.

Azərbaycana dost və tərəfdaş olan ölkələrin rəhbərləri, rəsmi şəxslər, eləcə də paytaxtımıza gələn hər bir əcnəbi qonaq Bakının dünyanın ən gözəl şəhərləri sırasına qatıldığını təsdiq edir, öz müsbət fikirlərini söyləyirlər. Bu gün Azərbaycanın xarici əlaqələri genişlənir, tərəfdaş ölkələrin sayı artır və demək olar ki, Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu da onu göstərir ki, Azərbaycan həqiqətən Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bir həftə öncə paytaxtda II Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bu forum bir daha təsdiq etdi ki, Azərbaycanın qlobal layihələri həyata keçirməkdə təcrübəsi və potensialı yüksək səviyyədədir. Sosial-iqtisadi, mədəni inkişafı ilə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və qloballaşma məsələlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Oktyabrın 16-da isə Bakı daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı keçirildi. Zirvə toplantısında İƏT-in üzvü olan ölkələrin dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olundular. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Bakı bu toplantını da yüksək səviyyədə təşkil etdi. Bu isə Bakı şəhərinin dünyanın mərkəzinə çevrildiyini bir daha təsdiq edir.

Siyasətçilər, ekspertlər də təsdiq edirlər ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkənin böyük imkanlara malik olduğunun dünyaya təqdimatında mühüm rol oynayır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz QURBANLI qəzetimizə açıqlamasında bildirdi ki, son illərdə Bakı şəhəri regional və beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrilib. Bu isə təsadüfi deyil. Onun fikrincə, regional, beynəlxalq tədbirlər o şəhərlərdə keçirilir ki, həmin şəhərlər bu toplantıları keçirməyə hazırdırlar və bu cür konfransları yüksək səviyyədə təşkil etməyi bacarırlar. Beynəlxalq toplantılara ev sahibliyi etmək və onu təhlükəsizlik baxımından yükək səviyyədə təşkil etmək o qədər asan məsələ deyil. Mütləq həmin şəhərlərdə lazımi infrastruktur olmalıdır. Söhbət yalnız nəqliyyat infrastrukturundan getmir. Burada informasiya, nəqliyyat, təhlükəsizlik təminatı, bütün tələblərə cavab verən hotellərin və müvafiq kadrların mövcudluğu tələb olunur. Bütün bunlar vacib məsələlərdir".

Deputat onu da bildirdi ki, müstəqilliyinin XXI ilinə yaxınlaşan Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmasına baxmayaraq, böyük çətinlikləri dəf edərək özünə qapanan ölkələr sırasında deyil, dünyaya çıxışı olan, dünya miqyasında beynəlxalq toplantılar keçirmək qüdrətində olan bir ölkədir. Azərbaycanda keçirilən İƏT-in toplantısı da dünyanın diqqət mərkəzində oldu. Asiya qitəsində olan 10 müsəlman ölkəsinin, bir sıra dövlətlərin rəhbərləri bu tədbirdə iştirak edirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə, qonaqpərvərliyi ilə keçirilən bu toplantı çox yüksək səviyyədə həm xarici, həm də yerli mətbuatda işıqlandırılır. Dünyanın bir çox KİV-ləri bu tədbirin təşkili ilə bağlı xüsusi materiallar dərc edirlər. Bu isə onu göstərir ki, Azərbaycan və onun paytaxtı Bakı şəhəri dünya tədbirlərini keçirmək üçün mühüm mərkəzlərdən birinə çevrilməkdədir.

Mübariz Qurbanlının sözlərinə görə, Bakı şəhərinin gözəlliyi, cazibəsi dünya şöhrətli sənətkarların da Azərbaycana gəlməsində böyük rol oynayır. Ölkədə beynəlxalq idman yarışları da yüksək səviyyədə təşkil olunur. Belə tədbirlərin keçirilməsi isə nəticə etibarilə Bakı şəhərinin bu cür toplantılar, yarışlar keçirməyə qadir olduğunu nümayiş etdirir: "Bu isə bizim mənəvi, psixoloji üstünlüyümüzdür. Biz bununla dünyaya çıxır və eyni zamanda, təcəvüzkar Ermənistana mənəvi zərbəmizi vururuq. Hesab edirəm ki, bu uğurlarımız daha da artaraq yeni-yeni zirvələr fəth edəcək".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Zahid ORUC isə hesab edir ki, son zamanlar Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisi, iqtisadi əhəmiyyəti onu bu cür beynəlxalq forumların, tədbirlərin mərkəznə çevirib. Azərbaycan bu dövrə gəlib çatana qədər çox mühüm fazalardan, ayrı-ayrı çətin mərhələlərdən keçib və hazırkı dönəmdə ölkəmiz regional beynəlxalq münasibətlərin tənzimlənməsində, digər məsələlərin həllində çox önəmli bir rol alıb. Bu isə gələcək dövrdə Azərbaycanın beynəlxalq əlaqələrinin daha da dərinləşməsinə yol açacaq: "Şübhəsiz ki, belə tədbirlər fonunda Azərbaycan ən mühüm problemlərinin gündəmə gətirilməsi, dünyaya baxışını, ölkənin həqiqi imkanlarını təqdim etməsini və yeni iqtisadi əlaqələrin quruculuğu üçün faydalanır. Bu tədbirlər dövlətin xarici həyata baxışını və ya dövlət quruculuğu sisteminin ən mühüm prioritetlərini bizə təqdim etməyə imkan verir". Deputatın sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısında Prezident İlham Əliyev dünyada islama baxış, ayrı-ayrı ölkələrdə islamofobiya məsələlərinə münasibətini bildirdi. Bu, bir tərəfdən Azərbaycanın tolerant ölkə kimi mövqeyinin təqdimatı idisə, digər tərəfdən də ayrı-ayrı ölkələrin dövlətimizə qarşı münasibətini daha da dəqiqləşdirərək yeni bir mərhələyə çıxarmaq üçün yaxşı bir meydan idi.

Z.Oruc hesab edir ki, Azərbaycanın gələcək dövrdə Cənubi Qafqaz regionu ilə müqayisə olunmayacaq dərəcədə belə bir ünvana çevrilməsi və mühüm transmilli proseslərin, geopolitik hadisələrin önəmli bir nöqtəsində olması, ölkənin beynəlxalq sistemdə yerini möhkəmləndirəcək və gələcəkdə Azərbaycanı ən vacib problemlərin həllində mühüm söz sahibinə çevirəcəkdir. 2009-cu ildə Bakı şəhəri "İslam mədəniyyətinin paytaxtı" elan edilmişdi və Azərbaycan bu şərəfli missiyanı uğurla yerinə yetirdi. 2018-ci ildə isə Azərbaycanın digər qədim şəhəri - Naxçıvan şəhəri "İslam mədəniyyətinin paytaxtı" olacaq. Prezident İlham Əliyev də bildirib ki, bu, islam dünyasının bizə olan böyük etimadının və hörmətinin əlamətidir. Azərbaycan dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün səylərini göstərir və eyni zamanda, Avropaya inteqrasiyada, dünya dövlətləri ilə isti münasibətlərin qurulmasında maraqlıdır. Bütün bu əlaqələr isə Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.7.