Azərbaycanda multikulturalizmin təntənəsi

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunu multikulturalizmin bayramı kimi dəyərləndirdi. Bu söz dilimizə yeni daxil olan siyasi termin olsa da, ölkəmizdə multikulturalizmin əsrlərlə ölçülən qədim tarixi vardır. Müasir dünyada multikulturalizmin müxtəlif modelləri və bu modellərin zəminində yaranan reallıqlar Bakı Forumunda dərindən araşdırıldı. Forum iştirakçılarının əksəriyyəti Azərbaycanın, həqiqətən də, multikulturalizm ənənələrinə sadiq dövlət olduğunu etiraf etdilər.

Forumda Təl-Əviv Universitetinin professoru Boris Morozova Qubada Fətəli xanın təqiblərə məruz qalan yəhidiləri necə xilas etməsindən danışanda müsahibim bunu multikulturalizmin vacib elementlərindən biri olduğunu təsdiq etdi, hətta bugünkü Quba yəhudilərindən çoxunu adbaad tanıdığını dedi. Həqiqətən də, multikulturalizm bir siyasət kimi mahiyyət etibarilə tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindəndir. Tolerant cəmiyyətdə multikulturalizm  mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur.

Forumda Bakı Slavyan Universitetinin professoru Etibar Nəcəfov çıxışında bu məqamlara geniş toxundu, multikulturalizmin inkişafı və tarixi haqqında qısa məlumat verdi. Multikultural cəmiyyət, ilk növbədə, Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olmuşdur. Multikulturalizmin Amerikan modeli 1960-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ "əridici qazan" ("melting pot") rolunu oynayırdı. Bu "qazanda" anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin iki mühüm qanunun - "Vətəndaş Hüquqlarına dair Qanun" (1964) və "İmmiqrasiya haqqında Qanun" (1965) - qəbul edildikdən sonra təkamül yolunu keçən bu "qazan" multikulturalizmlə əvəzləndi və bütün millətlərin bərabərliyi təmin edildi.

Multikulturalizmin İsveç modelində cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququ verdi. 1997-ci ildə qəbul olunmuş "İmmiqrasiya haqqında Qanun" isə İsveçi multikultural cəmiyyət kimi digərlərindən fərqləndirdi. Bu strategiya immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi yanaşır.

Multikulturalizmin Avstraliya modelinin formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşayiət olunmuşdur. "Vətəndaşlıq haqqında Qanun" (düzəlişlərlə) (1948); "Miqrasiya haqqında Qanun" (düzəlişlərlə) (1958), "Əcnəbilər haqqında Qanun" (düzəlişlərlə) (1984) və "Viza rejimi haqqında Qanun" (düzəlişlərlə) (1997) qəbul olunduqdan sonra vəziyyət dəyişməyə başladı.

Multikulturalizmin Kanada modelinin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini cəmiyyətin əsas milli xüsusiyyəti kimi qəbul edirdi. Multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir və ölkədə Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur. ABŞ və Avstraliyadan fərqli olaraq, Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər.

Beləliklə, bəşəriyyət üçün multikulturalizm pozitiv sosial təzahürdür, cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir. Bakı Forumunda ən maraqlı amillərdən biri ayrı-ayrı çıxışlarda analitik yanaşmanın, acı tarixi həqiqətlərin, yaşanılan və qarşıda duran problemlərin açıqlıqla ortaya qoyulması ilə yadda qaldı.

RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyasından Olqa Astafyeva mədəni siyasət strategiyasında multikulturalizm ideyalarının dinamikası mövzusuna toxundu: "Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir edən bu dəyişikliklər bizi öz doğma mədəniyyətimizlə yaxınlığa yenidən baxmağa və digər mədəniyyətlərlə təmas axtarışına sövq edir". Rusiyada milli-mədəni muxtariyyətlərə yenidən baxılması, müasir dünyada mədəni və informasiya dəyərlərinin birləşdirilməsi imkanlarının yeni oxunuşu insana öz rakursunu tapmağa və öz bütöv mühitindən təcrid olmadan doğma mədəniyyətinin bütün dəyərlərini öyrənməyə və ona qoşulmağa imkan verir. Coxmədəniyyətlilik konsepti də müasir Rusiyada ciddi təhlilə məruz qalmışdır. Sərhəd vilayəti olan və əhalinin sayına görə 180-dən 200-dək etnomədəni ənənənin nümayəndələrini və müxtəlif mədəniyyət daşıyıcılarını birləşdirən Orenburq vilayətini nümunə kimi göstərmək mümkündür. Burada milli kəndin gözəl təcrübəsi yaranmışdır. Bu mərkəzlərdə digər mədəniyyətlərlə tanış olmaq və vahid ərazi çərçivəsində ümumi tədbirlər keçirmək mümkündür. Rusiyada bu, təzəlikcə vüsət almaqdadır, məhz təcridetmədən qaçmaq, dialoq formasını qurmaq məqsədilə çoxmədəniyyətlilik modelinin tətbiqi maraqlı bir gedişdir. Rusiya təcrübəsinin təhlili onu göstərir ki,  həm ərazi modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama modelləri çərçivəsində axtarışlar mürəkkəb sintezdən keçərək müsbət nəticə verir. Hər il 200 minədək insan Rusiyaya gəlir. Onlar müxtəlif mədəniyyətlərin daşıyıcıları olsa da, Rusiyanın çoxmədəniyyətliliyin genişləndirilməsinə dair malik olduğu təcrübə etnomədəni siyasətin strategiyasının  pozitiv olmasına və bütün mövcud gərginliklərin müsbət həllini tapmasına imkan yaradır.

2004-2008-ci illərdə Bolqarıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri  vəzifəsində çalışmış İvan Palçev çıxışında multikulturalizmin bolqar etnik modelinin necə faciəvi yollardan keçdiyini etiraf etdi. Hal-hazırda Bolqarıstanda bir milyondan artıq müsəlmanın yaşaması çoxlarına məlum deyil. Onların səkkiz yüz mini bolqar türkü, iki yüz mini isə Osmanlı imperiyasının hakimiyyəti dövründə islamı qəbul etmiş bolqarlardır. Ötən əsrin səksəninci illərinin  ortalarında Bolqarıstanın o vaxtkı hakimiyyəti bolqar müsəlmanlarının ərəb-türk mənşəli adlarını slavyan adlarına dəyişdirdi. Onlara öz dillərində danışmaq qadağan edildi. İki müsəlman türk dilində danışanda milis onları saxlayır və cərimə edirdi. Müsəlmanlara məscidlərdə namaz qılmaq da qadağan edildi. Ümumiyyətlə, vəziyyət gərginləşdi və 1989-cu ildə özünün pik nöqtəsinə çatdı. Bu zaman kütləvi tətillər və yürüşlər başlandı. Hakimiyyəti əldə saxlamaq üçün kommunistlər dörd yüz min türkü Bolqarıstandan qovdu. İvan Palçev belə dedi: "Ancaq biz müsəlmanlara öz partiyalarını yaratmaq imkanı verdik. Bu partiya 90-cı illərin əvvəllərində qeydə alındı və onların kollektiv hüquqlarını - yaşamaq və azadlıq hüquqlarını müdafiə etməyə başladı. Tez bir zamanda müsəlmanların adları problemi,  bizim türk əsilli vətəndaşların problemləri həll edilmiş, məscidlərdə ibadət hüququ qanuniləşmiş, məktəbdə dilin öyrənilməsinə icazə verilmişdi. Bütün bunlar gərginliyin aradan qaldırılmasına xidmət etdi". Keçmış səfir artıq özlərinin problemləri ilə məşğul olan etnik partiyanın bolqar siyasi spektrli partiyalardan birinə çevrildiyini qeyd edərək, bunu münasibətlərin inkişafı nümunəsi, həmçinin etnik əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də müsbət nümunə ola biləcəyini vurğuladı.

Ukraynadan "Penta" tətbiqi siyasi tədqiqatlar mərkəzinin təmsilçisi Vladimir Fesenko müstəqil dövlət quruculuğu kontekstində millətlərarası qarşılıqlı münasibətlərin qurulmasının Ukrayna təcrübəsindən danışdı. Zahirən Ukrayna monomilli dövlət kimi tanınsa da, 2001-ci ilin siyahıya alınma məlumatına görə, əhalinin 78 faizini etnik ukraynalılar təşkil edir. Əslində, Ukraynanın etnik icması da monomilli sayıla bilməz. Çünki etnik ukraynalıların bir hissəsi  öz doğma dilində danışdığı halda, digər hissəsi rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi ənənələrinin güclü təsiri altında formalaşıblar.  Ən iri meqa azlığı - ölkə əhalisinin 17 faizini etnik ruslar təşkil edir. Müstəgil Ukrayna dövlətinin yaranması dövründə onların sayı 22 faiz təşkil etsə də, bütünlükdə rus dilini doğma dili hesab edənlər əhalinin 30 faizini təşkil edir. Əhalinin yarı hissəsinin kommunikativ imkanları rus dilindən ibarətdir. Etnik ruslardan savayı digər milli azlıqlar əhalinin 5 faizini təşkil edir, lakin bu azlıqların bir çoxu ölkənin ayrı-ayrı bölgələrində kompakt şəkildə yerləşiblər. Ukraynada bir-biri ilə rəqabət aparan üç  pravoslav kilsələrinin hər biri özünəməxsus regional təsir arealı ilə fərqlənir. Yunan katolik kilsəsi qərbi Ukraynaya kifayət qədər güclü təsir göstərir. Protestant dini icması da əvvələr olduğu kimi, indi də yetərincə fəallığı ilə seçilir.  1991-ci ildə Vətəndaşlıq haqqında  qanunun qəbul olunması nəticəsində Ukraynada yaşayan hər bir şəxs milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlıq əldə etdi. 1989-cu ildə milli azlıqların dil hüquqlarının  təmin olunması haqqında, 1992-ci ildə isə Ukraynadakı milli azlıqlar haqqında qanunlar qəbul edildi.  Ukrayna və rus dillərinin yaxınlığı kommunikasiya ziddiyyəti yaratmadı. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi elitasının formalaşmasında aktiv rol oynadı, etnik zəmində hec bir differensiasiya hiss olunmadı. Ölkədə milli zəmində diskriminasiya mövcud deyil.

Təl-Əviv Universitetinin professoru Boris Morozov İsraildə multikulturalizmin rolunu araşdırmağa cəhd etdi. Bu dövlətin ərazisində 120 ölkədən gələn mühacirlər 81 dildə danışırlar, din rəsmi olaraq dövlətdən ayrılmayıb, son 60 ildə qonşuları ilə səngimək bilməyən münaqişələr davam edir. Problemlərin çoxluğuna baxmayaraq, multikulturalizm sahəsində bəzən uyğunlaşdırılmış, bəzən  isə məcburi xarakter daşıyan bir əsrlik təcrübə mövcuddur.  Ən müxtəlif ölkələrdən gəlmiş müxtəlif dildə danışan yəhudilər tədricən ivrit dilinə keçdilər. Avropadan gəlmiş şərqli yəhudilər, şərqi-avropalı yəhudilər və özlərini zahirən "qaynar" adlandıran, lakin daxilən mülayim olan fələstinli yəhudilər arasında ciddi qarşıdurmalar yarandı. 70-ci illərdə, daha dəqiq desək, 1967-ci ildən sonra bütün dünyada inkişaf etməkdə olan multikulturalizmin dalğaları İsrailə də gəlib çatdı. Multikulturalizmin ilk qaranquşu Birləşmiş Ştatlardan və Böyük Britaniyadan gəlmiş çox da böyük olmayan anqlofon icma idi. İvrit dilini öyrənməkdən imtina etməyən bu adamlar öz dillərini də qorumaq istəyirdilər. Onlar özləri üçün Qranauf şəhərini saldılar, kompakt yaşayış rayonu yaratdılar. Bu, bəlkə də dövlətin assimilyasiya siyasətindən ilk imtina hadisəsi idi. Daha dəqiq desək, bu assimilyasiyasız inteqrasiya modelinə keçiddir. Ancaq elə alındı ki, bu eksperiment postsovet məkanından, daha dəqiqi, o vaxtkı SSRİ-dən gələnlərə tətbiq edildi. İsrailə 10 il ərzində MDB ölkələrindən bir milyondan artıq yəhudi köç etmişdi ki , bu da ölkə əhalisinin təxminən beşdə bir hissəsinə bərabər idi.  Özü də bu gələn icma əvvəlki gələnlərdən kəskin radikallığı ilə fərqlənir, köçüb gəldikləri vətənləri ilə yaxşı əlaqələr saxlayırdılar.  Bu amil İsraildə rus dilli informasiya məkanını yaratdı. İsraildə rus dilində 2 televiziya kanalı, 30-dan artıq qəzet, 6 radiostansiya fəaliyyət göstərir. Bu siyahını uzatmaq da olar. Rusdillilərin dindarlığı aşağı səviyyədədir. Yerli əhali ilə onların arasında müəyyən ziddiyyətlər yaransa da, 10 ilin ərzində hər şey qaydasına düşdü. Həm İsrail, həm də rus icması bu müddət ərzində dəyişdi. İsraildə rus ədəbiyyatının bütün klassikləri ivrit dilinə və bütün ivritdilli klassiklərin əsərləri rus dilinə tərcümə olunub. Nə qədər paradoksal olsa da, İsraildə multikulturalizm baş tutdu.

Forumda araşdırılan multikulturalizmin Azərbaycan modelinin digərlərindən  xususi tolerantlığı ilə seçildiyi qeyd olundu. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında: rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.

Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin balanslı şəkildə qurulmasında üç dini dövrdən - zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə ola biləcək xüsusi modeli qurulmuşdur. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində bütün dinlər qanun qarşısında bərabər status almışlar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Bakıda "Müqəddəs qadınlar" kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fəal dəstəyi ilə tikilmişdir. Pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni katolik kostyolu (polyak kilsəsi) açılmışdır. Bu kilsə 1930-cu illərdə dağıdılmış əvvəlki məbədin ənənələrini davam etdirəcək. Bakıda, hətta sovet dövründə repressiyalardan xilas olan sinaqoq yenidən bərpa edilmiş və genişləndirilmişdir.

Respublikada millətlərarası münasibətlərdən, Qafqazda multikulturalizmin Azərbaycan modelindən danışan həmyerlimiz İrina Kunina ölkəmizin milli siyasət konsepsiyasının beynəlxalq sənədlərə və "Azərbaycan Respublikasında yaşayan  milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına  əsaslandığını xüsusi vurğuladı. Milli azlıqlar Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunmuşlar. Respublikanın milli parlamenti - Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. 2010-cu il parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosu və müşahidə komissiyası göstərdi ki, Azərbaycan dövləti ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problem yoxdur. Beləliklə, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır. Bizim ölkəmizdə mədəni müxtəliflik etnik azıqların sadəcə cəmlənməsi kimi başa düşülmür, Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir. Başqa sözlə desək, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.

 

 

 Bahadur İMANQULİYEV

 

Azərbaycan.-2012.- 19 oktyabr.- S.8.