İnsan
kapitalının inkişafına xidmət edən mütərəqqi
təhsil konsepsiyası
Hər bir
dövlətin, xalqın gələcək taleyi
onun malik olduğu elmi-intellektual və
mənəvi potensialdan
asılıdır. Təcrübə göstərir
ki, iqtisadi inkişaf strategiyasını elmi
əsaslar üzərində qurmaqla, təhsilin
inkişafını dövlət quruculuğu
prosesinin mühüm
təminatı sayan, hər zaman proqressiv yeniliklərə
istinad edən ölkələr tərəqqiyə
nail olaraq dünya arenasında özünəlayiq yer tuturlar. Milli intibahı təmin edən başlıca
vasitə olan elm və
təhsil həm də cəmiyyət qarşısında dayanan bir çox
əsaslı problemlərin həllində açar
rolunu oynayır.
Keçid dövrünü
geridə qoyaraq inkişafının
keyfiyyətcə yeni mərhələsinə
adlamış Azərbaycanda elm və təhsilin
problemlərinin həlli istiqamətində sistemli
tədbirlər həyata keçirilir. Neft gəlirlərini
Azərbaycanda güclü insan
kapitalının formalaşdırılması məqsədinə
yönəltməyi mühüm məqsəd
kimi qarşıya qoyan
Azərbaycan Prezidenti İlham
Əliyev 2003-cü ilin oktyabrından
etibarən ölkə təhsilinin və elminin
inkişafı məqsədilə bir
sıra yeni sərəncamlar, fərmanlar
imzalamışdır. Dövlət
başçısı dəfələrlə
vurğulamışdır ki, qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu
elm və təhsilin, müasir
biliklərin, intellektual əməyin
inkişafından, habelə kompyuter və
informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində
geniş tətbiqindən keçir. Cənab İlham Əliyev ötən 9 ildə milli ənənələri qorumaqla,
Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi,
inkişaf etmiş
dövlətlərin bu sahədəki
qabaqcıl təcrübəsinin mənimsənilərək
yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində
kompyuter və informasiya
texnologiyalarının geniş tətbiqi
məqsədinə xidmət edən kompleks
tədbirlər həyata keçirmişdir.
Ölkə
başçısının təhsilə xüsusi
diqqətlə yanaşması, ilk növbədə,
müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə
imkanları qazanması zəruriliyi ilə şərtlənmişdir.
2003-cü ildə cəmi 130 milyon manat təşkil edən təhsil xərcləri 2012-ci ildə 1,5 milyard
manata yüksəlmiş, bu
sahənin dövlət büdcəsi xərclərinin tərkibindəki
xüsusi çəkisi 9,3 faiz təşkil etmişdir.
Prezident İlham Əliyevin
xüsusi fərman və sərəncamları
əsasında son 9 ildə təkcə təhsil
sahəsində 20-dək inkişafyönümlü
xüsusi proqramın icrası təmin edilmişdir. Strateji əhəmiyyətli
bu sənədlər bütövlükdə
təhsil infrastrukturunun yeniləşdirilməsindən
tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına
qədər olan mühüm
məsələləri əhatə etmişdir.
Təhsilin səviyyəsini müasir
standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə
tədrisin keyfiyyətinin monitorinqini həyata
keçirmək, təhsil sahəsində mövcud
problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin görülməsinə
nail olmaq məqsədi
ilə dövlət başçısı hələ
30 may 2005-ci il tarixdə
"Azərbaycan Respublikasının Prezidenti
yanında təhsil üzrə xüsusi
komissiyanın yaradılması haqqında" sərəncam
imzalamışdır. Dövlət
başçısının digər bir
fərmanı ilə Azərbaycanda "Bilik
günü" təsis edilmiş,
təhsil müəssisələrində iş
rejimi tənzimlənmişdir. Eyni zamanda, fərmanda respublikanın təhsil
müəssisələrində təlimin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən səmərəli
fəaliyyət sisteminin qurulması ilə
əlaqədar bir sıra tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur.
Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri
və bərpası, yenidənqurulması isə, ilk növbədə, təhsilin forma və məzmunca təkmilləşdirilməsi
zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə
əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib
istifadəyə verilməsi hələ 11 fevral
2004-cü il tarixli Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini
tapmışdır. Eyni zamanda, "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin
olunmasına dair İnkişaf
Proqramı (2005-2009-cu illər)" bu sahədə
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini
təmin etmişdir. Bölgələrin
sosial-iqtisadi inkişafı sahəsində
tədbirlərin davam etdirilməsini nəzərdə
tutan "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə inkişafı
Dövlət Proqramı"nda da bir sıra sahələrlə yanaşı, təhsil
infrastrukturunun müasirləşdirilməsi
məsələsinə xüsusi yer ayrılmışdır. Ötən
illərdə 2200-dək yeni məktəb
binasının tikilməsi çağdaş
təhsil sisteminin ən parlaq
uğurlarından birinə çevrilmişdir.
Eyni zamanda, respublikada qəza vəziyyətində olan, yararsız binalarda
yerləşən məktəblərin yeniləri ilə əvəzlənməsi
də cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidentinin 2003-2012-ci illərdə təməli
qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir sıra məktəblərin
açılış mərasimində iştirakı, hər
yeni dərs ilinin ilk günündə müəllimlərlə,
şagirdlərlə, valideynlərlə görüşü
təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.
"Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)"nda nəzərdə tutulmuş
tədbirlərin icrasının sürətləndirilməsi
məqsədilə dövlət başçısı 2010-cu il 15 sentyabr tarixdə "Məktəbəqədər
təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinin əsaslı təmirinin təmin
edilməsi ilə əlaqədar əlavə tədbirlər
barədə" sərəncam imzalamışdır. Sərəncamla 2010-cu ilin
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə məktəbəqədər
təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat, habelə peşə-ixtisas təhsili
müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat (cəmi 4 milyon manat) məbləğində
vəsait ayrılmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə
390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə
tutulmuşdur. Perspektiv
üçün əsas hədəf
çoxnövbəliliyin ləğvi və beşgünlük
tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün
əlverişli təlim şəraitinin
yaradılmasıdır.
Təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində
Heydər Əliyev Fondunun müstəsna
xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb", "Təhsilə
dəstək", "Uşaq evləri və
internat məktəbləri"
proqramları çərçivəsində son
9 ildə 300-dən çox yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi
binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa
olunmuş, müasir
avadanlıqlarla təchiz edilmişdir. Fondun təşəbbüsü və maliyyə
dəstəyi ilə son illərdə Pakistan, Rusiya və Gürcüstanda yeni məktəb
binaları inşa olunmuşdur.
Ölkə
başçısının təşəbbüsü ilə
reallaşdırılan ümumtəhsil məktəblərinin
dərsliklərlə təminatı Proqramı (2006-2015-ci illər)"
da məktəblilər üçün
müstəsna əhəmiyyətə malikdir.
2003-2012-ci illərdə Azərbaycan və rus
dillərində ümumilikdə 40 milyona
yaxın dərslik çap edilərək məktəblilərin istifadəsinə
verilmişdir. Ümumtəhsil məktəblərinin
bütün şagirdləri dərsliklərlə
pulsuz təmin olunurlar
və Azərbaycan bu sahədə MDB məkanında
yeganə ölkədir.
Azərbaycan
Prezidentinin 4 sentyabr
2007-ci il tarixli "Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" sərəncamı da
təhsil işçilərinin əməyinə verilən
yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması gənc nəslə
fundamental biliklərin əsaslarını
yeni üsullarla
aşılayan, Azərbaycan dili, ədəbiyyatı
və tarixinin, xarici
dillərin tədrisində nailiyyətlər qazanan,
informasiya texnologiyalarının mənimsədilməsi,
şagirdlərin vətənpərvərlik ruhunda
tərbiyəsi işində yüksək nəticələr
əldə edən ümumtəhsil məktəblərinin və
müəllimlərin fəaliyyətini qiymətləndirmək
məqsədi daşıyır. Dövlət
başçısının bunun əsasında
hər il imzaladığı sərəncamlarla
müasir təlim texnologiyaları və
üsulları üzrə kompleks tədbirlər
(innovativ təhsil proqramlarını) həyata
keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən
50 məktəbə 10 min manat,
100 ən yaxşı müəllimin hər birinə isə
5 min manat məbləğində
birdəfəlik mükafat verilir.
Prezident İlham Əliyevin məktəblərin
kompyuterləşdirilməsi, gənclərin virtual
dünyaya
çıxışının təmini, informasiya
texnologiyaları ilə işləmək vərdişlərinə
yiyələnməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü
addımlar də xüsusi qeyd
olunmalıdır. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin informasiya
və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi
haqqında" fərman imzalayan dövlət
başçısı gənclərin müasir
biliklərə yiyələnmələrinə və informasiya texnologiyalarının dərindən
mənimsəməsinə yaxşı zəmin
yaratmışdır. Bu proqramın
2005-2007-ci illərdə uğurla həyata
keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI
siniflərində hər 20 şagirdə 1 kompyuter
düşür. Halbuki 2004-cü ildə bu göstərici hər 1062 nəfərə
cəmi 1 kompyuter idi.
2008-ci il iyunun 10-da təsdiq
edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün
təbəqələri üçün
keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi məqsədinə xidmət
etmişdir.
Dövlət
başçısının 2011-ci il 11 iyul tarixli "2011-2021-ci
illərdə Azərbaycan təhsilinin inkişafı üzrə
Milli Strategiya"nın hazırlanması
haqqında" sərəncamı da sosial-iqtisadi inkişafın hazırkı mərhələsində
ölkə təhsilinin mövcud problemlərinin
kompleks həlli məqsədinə yönəlmişdir.
Ölkə başçısı
müəllim adını daim uca tutur, çoxsaylı müəllimlər
ordusunun əməyini yüksək dəyərləndirir. Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə hər
il olduğu kimi, 2012-ci ildə də "Beynəlxalq Müəllimlər
Günü" ərəfəsində onlarla müəllim
"Əməkdar müəllim" fəxri adına layiq
görülmüş, "Tərəqqi" medalı ilə
mükafatlandırılmışlar. Həmin müəllimlər
bunu peşə fəaliyyətlərinə verilən yüksək
qiymət, etimad kimi qəbul edir və minnətdarlıq
duyğuları ilə qarşılayırlar. Ürəkdən
inanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən davamlı islahatlar milli təhsilin
inkişafına, ölkədə güclü insan
kapitalının formalaşdırılmasına əsaslı
təkan verəcəkdir.
Sevinc BUDAQOVA,
Bakı şəhəri,
46 nömrəli tam
orta məktəbin
direktoru,
tarix elmləri
üzrə fəlsəfə doktoru,
əməkdar
müəllim
Azərbaycan.-2012.-
19 oktyabr.- S.8.